“Moskva görüşündən sonra İrəvanın ritorikası dəyişəcək” Siyasət

“Moskva görüşündən sonra İrəvanın ritorikası dəyişəcək”

"Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlişi və "Qarabağ klanı"nın hakimiyyətdən uzaqlaşdırılması bir eyforiya yaradır. İnsanların hamısı dərin bir emosional haldadırlar. Ona görə də Paşinyan bir növ güclərin nisbəti ilə radikal millətçi, populist şüarlarla kütləni ayaqda saxlamağa çalışır. Çünki bu gün Ermənistan iqtisadiyyatı ciddi tənəzzül vəziyyətindədir. Əhalinin maddi rifah halını yüksəltmək üçün əlinin altında heç bir şey yoxdur". Bunu politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, Paşinyan insanları yalnız sözlə ram edir: "Digər bir tərəfdən isə Azərbaycan ordusunun son hərbi paradı və paraddan sonra təmas xətti boyunca irimiqyaslı təlimlərin keçirilməsi və burada Azərbaycanın gücünün, qüdrətinin açıq şəkildə aydın görünməsi həm erməni cəmiyyətində təlaş yaradır, həm də cəmiyyətin siyasi elitasında da dərin düşüncələrə səbəb olur. Bu nöqteyi-nəzərdən hələ bir müddət bu eyforiya halı qalacaq. Onlar ən azından Azərbaycan Prezidenti cənab İlham Əliyevin Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşünə qədər özlərini arxayın hiss edə bilərlər. Çünki ona qədər cəbhədəki vəziyyətdə hansısa bir dəyişikliyin gözlənilməsi proqnozlaşdırılmır. Amma son zamanlar Azərbaycana Rusiya Dumasının deputatları, Avrasiya Birliyinə daxil olan eksperlərin və s. gəlməsi burada ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən tədbirlər keçirilməsi Ermənistandakı təlaşı xeyli artırıb. Zənnimcə, Ermənistanda bir pat vəziyyəti yaranmaqdadır. Hesab edirəm ki, Moskva görüşündən sonra İrəvanın ritorikası dəyişəcək".