Azərbaycan-Rusiya münasibətləri səmərəli surətdə inkişaf edir Siyasət

Azərbaycan-Rusiya münasibətləri səmərəli surətdə inkişaf edir

"Azərbaycanla Rusiya arasında imzalanmış hökumətlərarası sazişlər paketi artıq fəaliyyətdədir və bunun nəticəsində iki ölkə arasında iqtisadi əlaqələri gələcəkdə daha yüksək mərhələyə qalxacaq".
Bu sözləri Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünün yekununda imzaladığı birgə bəyanatı şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, birgə bəyanatda iki ölkə arasında iqtisadi, ticari və humanitar əlaqələrin inkişafına dair böyük Fəaliyyət Planı öz əksini tapıb:
"Həmin planda Azərbaycanla Rusiya arasında gələcək iqtisadi əməkdaşlıq, sərmayə yatırımı, eləcə də humanitar inkişafın əsas istiqamətləri müəyyən edilib. Fəaliyyət planı hökumətlərarası və nazirliklərarası sazişlər paketinin əsasında hazırlanıb. Bu həm hökumətlərin, həm də müxtəlif idarə və müəssisələrin birgə fəaliyyəti anlamına gəlir. 2017-ci ilin yekunlarına görə, Azərbaycanla Rusiya arasında iqtisadi və ticarət əlaqələri 35 faiz artaraq 2,4 milyard dollar təşkil edib. Azərbaycanda Rusiyanın təxminən 700-ə yaxın müəssisəsi çalışır ki, onlardan 100-i tam Rusiya sərmayəlidir. Belə ki, Azərbaycanda fəaliyyət göstərən "Qazprom", "Transneft", "Lukoyl" kimi şirkətlər ölkənin inkişafına ciddi töhfələr verir. Həmçinin bu xətlə Azərbaycanın bir sıra sənaye müəssisələrinin filialları yaradılıb. Söhbət Gəncə Avtomobil Zavodunda KamAz Avtomobil Zavodunun filialından, eləcə də Sumqayıtda Rusiyanın "R-Farm" şirkəti vasitəsilə tikilməsi və gələn il işə salınması planlaşdırılan əczaçılıq fabrikindən gedir. İndiyə qədər həmin tikintiyə 74 milyon dollar vəsait qoyulub. "Qazprombank" Sumqayıt Kimya-Sənaye Parkının inkişafına təxminən 750 milyon dollar sərmayə qoyub ki, bu da parkın inkişafına güclü təkan verəcək".
Politoloq qeyd edib ki, iki ölkə arasında ən mühüm, perspektivli və ən çox gəlir gətirəcək sahə Şimal-Cənub dəmir yolu dəhlizidir:
"Hər ölkənin lideri birgə bəyanatda bu layihənin reallaşmasının Avropa və Asiya arasındakı nəqliyyat dəhlizinin inkişafına və hər iki ölkəyə böyük sərmayə axınına gətirib çıxaracağına ümid etdiklərini bildiriblər. Azərbaycan prezidenti qeyd etdi ki, Şimal-Cənub dəhlizi ilə təkcə 1 ildə yükdaşımalar 100 dəfə artıb. Bu, çox böyük bir rəqəmdir və iki ölkə arasında perspektivli sahələrin inkişafına ciddi diqqət yetirildiyini göstərir. Həmçinin Samur çayı üzərində böyük körpünün inşasına başlanılıb. Gələn il istifadəyə veriləcək Samur körpüsü iki ölkə arasında şose əlaqələrini genişləndirəcək. Bildiyiniz kimi, Rusiyanın 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələrə malikdir və bunun hesabına da müxtəlif iqtisadi və ticari layihələr reallaşdırılır. Bundan başqa, Rusiyada təxminən 11 mindən çox azərbaycanlı tələbə təhsil alır ki, onların da 1000-dən çoxu Rusiya büdcəsi hesabınadır. Beləliklə, humanitar sahədə Azərbaycan-Rusiya münasibətləri səmərəli surətdə inkişaf edir. Burada Rusiya-Azərbaycan Humanitar Forumunun rolu böyükdür".
Politoloq Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişafını da xüsusilə qeyd edib: "Azərbaycan Rusiyadan indiyə qədər 5 milyard dollar dəyərində silah və digər hərbi ləvazimat alıb. Hesab edirəm ki, bu proses davam etdiriləcək. Həmçinin gələcəkdə bəzi hərbi zavodların Azərbaycanda filiallarının açılması da nəzərdə tutulur. Birgə bəyanatdan belə görünür ki, Azərbaycan-Rusiya iqtisadi, ticari, humanitar və hərbi əlaqələri getdikcə daha sürətlə inkişaf edir. Təbii ki, bunun əsasında öncədən hazırlanmış ciddi plan dayanır".

Hərbi sahədə əməkdaşlığın perspektivi genişdir

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı isə deyib ki, Prezident İlham Əliyevin cari ilin sentyabr ayının 1-də Rusiyaya səfərini bölgə və beynəlxalq aləmdə cərəyan edən hadisələrin və eyni zamanda, iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsi fonunda dəyərləndirmək mümkündür.
O bildirib ki, bu baxımdan İlham Əliyev və Vladimir Putinin işgüzar görüşü iki ölkə arasındakı münasibətlərə yeni təkan verə, bir addım irəli apara bilər:
"Əlbəttə, bu görüşdə tərəflər arasında bir neçə iqtisadi və siyasi müqavilələr imzalanıb ki, bunu gələcək münasibətlərin təməli olaraq görmək mümkündür. Prezidentlərin görüşündə bölgə və beynəlxalq aləmdə cərəyan edən hadisələrin də müzakirə edildiyi şübhəsizdir. Ancaq bizim üçün əhəmiyyətli olan iki ölkə arasındaki iqtisadi, siyasi, Dağlıq Qarabağ və təhlükəsizlik məsələlərinin müzakirə edilməsidir.
Tərəflər görüşdə Xəzər hövzəsində enerji və təhlükəsizlik məsələlərini müzakirə edib. Bildiyimiz kimi, bir neçə həftə bundan əvvəl Xəzərətrafı dövlətlər Xəzərin statusu haqqında Konvensiya imzaladı və beləliklə, Xəzər hövzəsində son 27 ildir davam edən status problemi həll edildi. Bu müqavilənin imzalanması Xəzəryanı dövlətlərin enerji və təhlükəsizlik məsələlərində daha etibarlı və rahat şəkildə əməkdaşlıq etməsinə imkan verir. Eyni zamanda, müqavilənin imzalanması xarici sərmayənin də Xəzər hövzəsinə gəlməsinə təkan verə bilər. Görüş zamanı Rusiya və Azərbaycan "Qoşadaş" bloku və Xəzərin dibinin Azərbaycana aid hissəsində Abşeron yarımadasının şimalında neft və qaz potensialının öyrənilməsi ilə birgə məşğul olacaqlarına dair bəyanatla çıxış ediblər, SOCAR və "Rosneft" arasında müqavilə imzalanıb".
Politoloq qeyd edib ki, bundan başqa, iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlıq və Azərbaycanın Rusiyadan yeni müasir silah alma məsələləri müzakirə edilib:
"Bildiyimiz kimi, bu günə qədər Azərbaycan Rusiyadan beş milyard dollarlıq sılah alıb və bundan sonra da alacaq. Azərbaycan Rusiyanın hərbi sənayesinin məhsullarından başqa, digər dövlətlərdən də silah alaraq, arsenalını müasir silahlarla gücləndirir. Hərbi sahədə əməkdaşlığın perspektivi genişdir və tərəflər bunu maksimum şəkildə dəyərləndirməyə çalışır.
Prezident Vladimir Putinin Şimal-Cənub nəqliyyat marşrutunun vacibliyini qeyd etməsi də bütünlükdə regional təhlükəsizliyi möhkəmlətməyə imkan yaradır və əməkdaşlıq imkanlarını genişləndirir".
Politoloq vurğulayıb ki, Azərbaycan üçün Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində məsələnin prezidentlər arasında müzakirə edilməsi böyük əhəmiyyət daşıyır:
"Rusiya prezidenti problemin həll edilməsi istiqamətində Minsk Qrupu çərçivəsində əməkdaşlıq imkanlarını genişləndirəcəyini bildirib. Bununla yanaşı, son zamanlarda Ermənistanda Nikol Paşinyan hökumətinin uğursuz siyasəti nəticəsində Rusiya ilə münasibətlərdə soyuqluq yaranması fonunda Moskvanın Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində Azərbaycan ilə müzakirə aparması Bakının maraqlarının gücləndirilməsi ilə nəticələnə bilər. Soçi görüşündən Qarabağla bağlı konkret nəticələr gözləmək tez olsa da, ən azından tərəflər məsələ ilə bağlı görüşlərini yeniləyib və yeni imkanları dəyərləndiriblər".

Putin əmin olmaq istəyir ki…

Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə geniş tərkibli görüşü Moskva-Bakı münasibətlərinin hazırkı və gələcək konturlarıdır.
Bu sözləri ABŞ Qulf Analitik Mərkəzinin politoloqu, doktor Teodor Karasik Soçi görüşünün nəticələri haqda danışarkən deyib:
"Müxtəlif sahələrdə, o cümlədən, enerji sahəsi, qonşuluq (Ermənistan, İran) və coğrafiya (Xəzər dənizi) daxil olmaqla, bir sıra məsələlərdə Putin Əliyevin Rusiyadakı təhlükəsizlik və maliyyə qurumları ilə daha yaxın olmasını, Qafqaz və Orta Asiya boyunca əlaqələrin yenidən qurulmasını istəyir. Bütün bunların İranla birbaşa əlaqəsi olduğu fikrindəyəm. Rusiya bilir ki, İran Azərbaycana təsir etmək imkanındadır. Buna görə də Bakını müəyyən özünəməxsus orbitdə saxlamağa çalışır", - Karasik deyib.
Politoloqun fikrincə, Ermənistan da bu baxımdan Rusiyanın maraq dairəsindədir: "Təkcə Dağlıq Qarabağın hüquqi statusuna görə deyil, həm də Ermənistanın siyasəti (Nikol Paşinyan və Robert Köçəryan arasında mübarizə) bütövlükdə Qafqaza təsir etməkdədir. Nəhayət, Qafqazda, xüsusən Azərbaycanda, eyni zamanda, Orta Asiyada Türkiyə böyük nüfuza malikdir. Rəsmi Ankara Qafqaz və Orta Asiyanın türk dövlətlərini – Azərbaycan, Özbəkistan, Qazaxıstan, türkmənistan və Qırğızıstanı ortaq dil, ənənə və tarix zəminində bir araya gətirməyə çalışır. Putin əmin olmaq istəyir ki, bu yaxınlaşması Rusiyanın maraqlarının hesabına reallaşmayacaq".

Rusiya Azərbaycanın tarixi dostu və tərəfdaşıdır

"Azərbaycanın xarici siyasət prioritetləri sırasında qonşu ölkələrlə qarşılıqlı faydalı münasibətlərin qurulması xüsusi yer tutur. Bu mənada, ölkəmizin Rusiya ilə uzun illərdir mövcud olan və daha da möhkəmlənən, inkişaf edən əlaqələrini vurğulamaq lazımdır. Azərbaycan ilə Rusiyanı dostluq və əməkdaşlıq ənənələri bağlayır. Ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Rusiya Azərbaycanın tarixi dostu və tərəfdaşıdır".
Bu sözləri isə YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
O bildirib ki, ötən günlərdə Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı hər iki dövlət başçısının bəyanatlarında mühüm məqamlara xüsusi yer verilib:
"Keçirilən görüşdə prezidentlərin iştirakı ilə iki ölkə arasındakı münasibətlərin, gələcək əlaqələrin daha da möhkəmləndirilməsinə hesablanan sənədlər imzalanıb. Ölkələrimiz arasında əldə olunan razılaşmalar, imzalanan sənədlər uğurlu əməkdaşlıq üçün yeni imkanlar açır. Rusiya və Azərbaycan hökumətləri arasında 2024-cü ilə qədər əməkdaşlıq Proqramı, Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planı, bununla yanaşı, turizm, idman, rəqəmsal nəqliyyat sistemləri, malların hava nəqliyyatı ilə daşınması üçün gömrük hüquqpozmalarına qarşı mübarizə, Azərbaycanda "QAZ" ticari avtomobillərinin yığım istehsalının inkişafı, neft-qaz, eləcə də digər mühüm sahələri əhatə edən sənədlərin imzalanmasını məxsusi olaraq qeyd etmək lazımdır. Bununla ölkələrimiz arasında iqtisadi əməkdaşlığa dair yol xəritələrinə uyğun əmtəə dövriyyəsi daha da artacaq. Birgə nəqliyyat layihələri çoxsaylı ölkələri əhatə edəcək, tranzit imkanları artacaq, minlərlə yeni iş yeri açılacaq. Göründüyü kimi, möhtərəm Prezidentimizin Rusiyaya bu dəfəki rəsmi səfəri də kifayət qədər mühüm məqamlarla zəngindir və böyük əhəmiyyətə malikdir."
Vüqar Rəhimzadə onu da əlavə edib ki, bu gün ölkələrimiz arasındakı münasibətlərdə xüsusi dinamizm müşahidə edilir:
"Ölkələrimiz arasında tamdəyərli tərəfdaşlıq, dostluq, mehriban qonşuluq münasibətləri var. Mehriban dostlar və qonşular arasında münasibətlər belə də olmalıdır" deyən Prezident İlham Əliyev vurğulayıb ki, Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır, qeyri-neft sahəsi ixracatçılarımız üçün birinci yerdədir. Doğrudan da Azərbaycan-Rusiya iqtisadi əlaqələri çox fəaldır. Rusiya Prezidentinin səsləndirdiyi fikirlər, açıqladığı rəqəmlər bir daha bunu sübut edir. Ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi 2,5 milyard dollara çatıb. Rusiyanın ölkəmizə birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Bizim bazarımızda təxminən 700 birgə müəssisə var və onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Bütün bunlarla yanaşı, neft-qaz sahəsində də əməkdaşlığımız uğurla davam edir."