Hesablama Palatası: Bitkiçilikdə subsidiya mexanizmləri effektiv işləmir Hadisə

Hesablama Palatası: Bitkiçilikdə subsidiya mexanizmləri effektiv işləmir

Hesablama Palatası bitkiçilikdə subsidiya mexanizmlərində nöqsanlar aşkarlayıb.

“APA-Economics” bu barədə Palataya istinadən xəbər verir. Məlumata görə, HP-nin bununla bağlı apardığı auditin nəticələrinə əsasən, subsidiyalaşdırmanın maliyyələşdirilməsi prosesində ünvanlılıq problemləri qalmaqdadır. Həmçinin dövlət dəstəyinin həcmini və fermerlərin məhsuldarlığını izləmək üçün vahid elektron sistem tam formalaşmayıb.

Qeyd olunur ki, əkin və məhsul subsidiyalarının, eləcə də kənd təsərrüfatı texnikalarına güzəştlərin səmərəlilik göstəriciləri müəyyən edilməyib. Dövlət dəstəyi alan fermerlər üçün məhsul həcmi, məhsuldarlıq, yeni iş yerlərinin yaradılması və xərclərin azaldılması kimi konkret tələblər də müəyyən olunmayıb.

Palata həmçinin əlavə edib ki, növbəti ildə funksional təsnifatın “Kənd təsərrüfatı” bölməsinə yönəldiləcək subsidiyaların ümumi məbləği cari ilin gözlənilən icrası ilə müqayisədə 33,8 milyon manat azalsa da, bu sahə yenə də ən yüksək paya — 50 faizə malik olacaq. 2026-cı il üçün kənd təsərrüfatına ayrılacaq subsidiya məbləği 535,7 milyon manat həcmində proqnozlaşdırılıb. Başqa sözlə, bitkiçilikdə idarəetmə mexanizmləri səmərəsiz olsa da, dövlət subsidiyaları həcminə görə ən böyük sahə olaraq qalır.