Gəlin Parisdənsə Bakıya gedək Siyasət

Gəlin Parisdənsə Bakıya gedək

Rusiyanın dövri nəşri olan "Literaturnaya qazeta"nın 3 oktyabr 2018-ci il tarixli nömrəsində ölkəmizdə səfərdə olmuş Rusiya Yazıçılar Birliyinin Volqoqrad şöbəsinin rəhbəri, tanınmış yazıçı Aleksandr Tsukanovun Azərbaycanın zəngin mədəniyyətindən, Bakıda və regionlarda rastlaşdığı tarixi arxitektur abidələrindən, sosial-iqtisadi inkişafından bəhs edən maraqlı məqaləsi dərc olunub.
"Xalq cəbhəsi" qəzeti Eurasia Diary-yə istinadən həmin məqalənin Azərbaycan dilində tərcüməsini təqdim edir:
Biz Azərbaycana kənd təsərrüfatı məhsulları, metal avadanlıqlar, ağac emalı avadanlığı, kimya sənayesi məhsulları göndəririk; bizə isə ərzaq məhsulları, metallar, tekstil məhsulları gətirilir. Azərbaycanda 341 rus dili tədris olunan məktəb fəaliyyət göstərir. Ancaq necə olubsa biz Nyu-York və ya Paris haqqında daha çox bilirik, Bakını isə yalnız yetişmiş pomidor, paxlava və ya təzə kartof alanda yada salırıq. Bəs, bizim qonşularımız əslində necə yaşayırlar?

Neft buruqları və qalalar şəhəri

Xəzər dənizi boyunca yol gedirik. Pəncərədən Qafqaz dağlarının yarğanları ilə əhatə olunmuş bozumtul qəhvəyi landşaft görünür. Zavoljskaya çölündə olduğu kimi burada da hər şey günəşin istisindən quruyur və ölür. Solda böyük daşlar arasında Qobustana gedən yolu göstərən nişan var. Paleolit dövrünə aid olan insan rəsmləri təsvir edildiyi bu qoruq haqqında bir çox elmi məqalələr yazılmışdır. Qədim əcdadların mesajları olan petroqliflər uşaq təsvirlərinə bənzəyir. Maraqlı mənzərədir, xüsusilə, bu Karelyada qayaüstü yazıları olan nəhəng qoruğu görməyənlər üçün, belədir.
Avtobus, böyük daş yığınına tərəf qalxır. Buradan asanlıqla kilometrlərlə uzanan çınqıl, qısa kollar, neft qazma qurğuları, mazutlu qurğular və qızmar günəşin göründüyü Xəzəryanı ovalığa baxa bilərsiniz.
- Bakı belə bir yerdə yaranıb, - bələdçi aydınlıq gətirir.
Buna inanmaq çətindir. Bakıda çoxlu yaşıllıqlar, parklar, fəvvarələr və böyük botanika bağı var. Hətta Müslüm Maqomayev, bir çox musiqiçilər, yazıçılar və siyasətçilərin dəfn olunduğu qəbiristanlıq da diqqət və səliqə ilə salınmış cığırları olan nadir parka daha çox bənzəyir. Lakin, şəhərin memarlıq simasının əsas incisi Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin ultramüasir binası hesab olunur. Bu İraq mənşəli Böyük Britaniyalı memar Zaha Hadidin yaratdığı dalğavari dairələri ilə balıqqulağını xatırladan əsrarəngiz və qeyri-adi bir sənət əsəridir. İkinci yerdə hündürlükləri 120 -160 metrə çatan Alov Qüllələridir. Bu üç alov dillərini xatırladan bina təkcə öz hündürlüyü ilə deyil, həmçinin, alov hərəkətlərini əks edən LED ekrana malik üzlüyü ilə də orijinaldır. Şəhərsalma üzrə bir çox mütəxəssislərin fikrincə, Alov Qüllələrinin işıqlandırılması dünya praktikasında ən yaxşı görüntü effekti sayılır.
İçində həm gənclər, həm də onlarla ölkəyə səyahət etmiş şəxslərdən ibarət olan Volqoqrad memarları ətrafa dağılıb kameraların köməyi ilə öz heyranlıqlarını yaddaşa köçürürlər. Aşağıda müxtəlif atraksionları, kafe və restoranları olan müasir və səliqəli dənizkənarı bulvar görünür.
İtaliyadan gətirilən qondolaları olan "Kiçik Venesiya", xalça mərkəzinin unikal binası, uzaqda suyun içində ağ su zanbağı üslubunda tikilmiş elit restoran və əlbəttə ki, neft buruqları... Mazutun qoxusu qədər bunları da şəhərin simvollarına aid etmək olar.
Köhnə şəhərin ərazisi UNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilmiş İçəri Şəhərdir. Bu köhnə şəhərin dar küçələrində bir çox sovet filminin ssenariləri ərsəyə gəlib.

Təkcə nefti ilə deyil

Şəhərlərin memarlıq görkəmi və yolların keyfiyyəti çoxsaylı kanalizasiya xətləri kimi mədəniyyət elementinin daşıyıcısıdır. Küçələrdə təmizlikdir. Bakıda bu sarıdan hər şey qaydasındadır. Hətta hasarları belə valehedicidir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevlə birlikdə Qəbələ rayonuna gedirik. Yolun sağı və solunda çoxsaylı evlərdən ibarət kiçik qəsəbələr var. Evlərin hasarları daşdan və ya metaldandır. Bilmirəm, bəlkə də onların sahiblərini silah qorxusu ilə və yaxud pul verib, belə bir səliqə-səhman yaratmağa məcbur ediblər. Bəlkə bu rifahı bələdiyyə yaradıb? Azərbaycanda yeddi yüz kilometrə yaxın yol getməyimizə baxmayaraq, bir dənə də olsun zibilxana və tör-töküntüyə rast gəlmədik.
Qəbələ dağ kurortu quş uçuşundan gözəl görünüşlü, əla yol və şəlaləsi olan bulvardan başlayır. Müşahidə meydançalarından ibarət üç hissəli kanat yolları, beş ulduzlu otelləri, dağ kəndləri görünür. 10 manat və sən zirvədəsən. İrad tutulası heç nə yoxdur, hər şey qüsursuzdur. Başımı geri çevirəndə, sevinc qışqırtıları ətrafa yayılan paraplançıların dərənin üzərində necə fırlandığının şahidi oluram. Onların cəsarətinə yalnız həsəd aparmaq olar.
İsmayıllıda İvanovka kəndinə aparan bir yol işarəsi var. Təqdirəlayiq haldır ki, malakanlardan ibarət icma burada yerli sakinlərlə 200 ildir ki, sülh və əminamanlıq şəraitində yaşayır. Çünki oğurluq etmirlər, donuz əti və kolbasa yemirlər və qəribə də olsa öz kolxoz, klub və məktəblərini qoruyub saxlayıblar. Malakanların mənəvi xristianlığının fərqliliyi onların digər protestantlar kimi dini ayinləri və kilsə qayda-qanunlarını inkar etməsidir. İbadət və digər dini ayinlərin yerinə yetirilməsi zamanı onlar xarici atributlardan, müqəddəs yerlərdən və kilsə iyerarxiyasından istifadə etmirlər. Hətta qarşısına şam qoya biləcəkləri ikonaları da yoxdur. Onların ibadət yerləri bəzəksiz və kilsə zəngləri olmayan sadə evlərdir. İvan Qroznının dövründə belə dinindən uzaqlaşmış insanlar edam olunurdular, hər vəchlə sıxışdırılırdılar və buna görə də onlar müxtəlif yerlərə pərən-pərən düşmüşdülər.
Üç min nəfərdən ibarət dilini və etiqadını qoruyan dünyanın ən böyük icması. İcmanın gürcü şərabı ilə rəqabət apara biləcək öz brend məhsulu - "İvanovka"sı var. Belə gözəl və ekskluziv şərabın bir şüşəsinin qiyməti cəmi altı manat və ya 220 rubldur. Bu rus kəndinə Azərbaycan Respublikasının prezidenti dəfələrlə səfər etmiş və yerli sakinlərin həyat səviyyəsini qaldıracaq bir çox mühüm layihələrin həyata keçirilməsinə dəstək vermişdir. Bütün kənd camaatı kimi onlar üçün də asan deyil: onlardan südü beş rubla alırlar, bir butulka qazlı su isə 10 rubldur, eləcə də digər malların da qiymətləri kənd təsərrüfatı mallarının qiymətlərilə uzlaşmır. Lap Rusiyadakı kimi. Ancaq nədənsə Azərbaycanda yanacaq "Lukoyl"dakından iki dəfə ucuzdur.
Bakıda Su İdmanı Sarayının qarşısındakı meydanda açıq səma altında yerləşən 19-cu əsrin "Nou Xau"su sayılan ilk neft buruğunu xatırladan neft mədəni muzeyi var. Burada bu işə əmək vermiş rus mühəndislərinin xatirəsi ehtiramla yad olunur. Xam neftdən yanacaq alınması üsulunu təklif etmiş akademik Mendeleyev də burada hörmətlə anılır.
Səliqəli parkda Puşkinə aid abidə və onun heykəli önündə təzə, tər qərənfillər, Lermontov küçəsi, bələdçinin Yesenini əbədiləşdirən təkrar-təkrar maraqlı söhbətləri. Dahi Nizaminin məzarının yerini dəyişərək abadlaşdıran Qriboyedovu burada çox gözəl xatırlayırlar.
Mən Nizami türbəsi yaxınlığında bir neçə çay qızılgülü kolunun ətrafını qazdım, Ulyanovskda beş il yaşamış, avtomobil zavodunda işləyən bağbanla söhbət etdim və görünür o da söhbətimizə səmimi qəlbdən sevindi və məni öz evinə qonaq çağırdı. Amma Umud Mirzəyevlə yolumuz əvvəlki adı Kirovabad olan Gəncədən keçirdi. Burada bir zamanlar etnik zəmində münaqişə baş vermişdir. Şəhərin girişində Dağlıq Qarabağdan olan məcburi köçkünlər üçün çoxmərtəbəli binalar tikilib. Otuz ildir ki, iki qonşu xalq arasında münaqişə zaman-zaman sönüb yenidən alovlanmaqda davam edir.
Bu gün Gəncə - "xəzinələr şəhəri" - öz adını tam doğruldur. Ağır beton və şüşədən ibarət yorucu binaların əvəzinə möhtəşəm Xan Bağı, əsası XVIII əsrdə qoyulmuş Şeyx Bahəddinin tikililər kompleksi, rus qoşunlarının hücumunu dəf edərkən həlak olmuş Cavad xanın və onun oğlunun məqbərəsi olan abidələr bu rahat və gözəl şəhərdə yerləşir. Təkraredilməz Şərqi Asiya motivləri əsasında dekorasiyalarla bəzədilmiş Aleksandr Nevski məbədi də buradadır. Məni xüsusilə Gəncədəki hamısı rus dilində olan jurnalların olduğu qəzet köşkü təəccübləndirdi... Gəncənin yaxınlığında məşhur Naftalan sanatoriyası və müalicədən sonra lazımsız olan əlil arabası və əsaların muzeyi var.
"Azərbaycanda yüz mindən çox rus yaşayır. Ermənistanda isə onların sayı heç on nəfər də eləmir. Belə olan halda bəs nədən Rusiya Azərbaycandan üz döndərsin? - Umud Mirzəyev səmimi bir çaşqınlıqla soruşur. O əslən Dağlıq Qarabağdandır, bu məsələ onun üçün çox ağrılı bir mövzudur.
Mənim isə dostuma veriləsi bir cavabım yoxdur... Tatarların arasında böyümüş birisi kimi, burada danışıqlar zamanı tez-tez istifadə olunan "yakşi, saol, salam..." kəlmələrini eşitmək məndə xoş təəssürat yaradır. Unutduğum türk sözləri yadıma düşürdü. Mənə qalsa hətta çukça ilə, bədəvi ilə də dil taparam, ancaq başa düşə bilmirəm ki, nədən siyasətçilər bizi "təmizlərə" və "natəmizlərə" ayırır, bizi bir-birimizə qarşı qoyurlar?
Buna baxmayaraq, biz uzun yarpaqlı, ləzzətli Lənkəran çayını hədiyyə edilmiş büllur armudu stəkanlara süzərkən Azərbaycana qeyri-adi səfərimizin təəssüratlarını bölüşəcək və dostlarımıza görə sevinəcəyik.