

“Azərbaycanın regionda və dünyada nüfuzu artır. Artan nüfuz kontekstində beynəlxalq təşkilatlar və dövlətlərlə münasibətlərin yeni müstəviyə keçirilməsi Azərbaycanın nə qədər marağındadırsa, qarşılıqlı şəkildə ayrı-ayrı dövlətlər, təşkilatlar da Azərbaycanla münasibətlərin dərinləşdirilməsinə xüsusi maraq göstərirlər. Bu amilin özü Azərbaycanın yerləşdiyi mövqe ilə bağlıdırsa, daha vacibi isə dövlətimizin sərgilədiyi münasibətlə birbaşa əlaqəlidir. Azərbaycan istənilən əməkdaşlıqda hörmətə, qarşılıqlı marağa söykənir, münasibətlərin hər iki tərəfə divident gətirməsinə önəm verir. Belə tərəflərdən biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır (ECO). İqtisadi sahədə əməkdaşlığı ana xətti kimi müəyyənləşdirən bu təsisatla əlavə olaraq siyasi, mədəni, elmi və humanitar sahələr üzrə fəaliyyətin möhkəmləndirilməsi önəm kəsb edir”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.
Deputat qeyd edib ki, Azərbaycan bu və digər təşkilatda müşahidəçi qismində çıxış etmir, fəal üzv, təşəbbüskarlıq nümayiş etdirir: “Azərbaycanın nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi onu daha da cəlbedici edir. Bu baxımdan da Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Cənub Qaz Dəhlizi kimi layihələr xüsusilə vurğulanmalıdır. Nəzərə alsaq ki, ECO-ya üzv ölkələr Avropa və Çin arasında olan coğrafi mövqedə qərarlaşıblar, deməli, siyasi və iqtisadi mübadilənin arealı olduqca genişdir. Təşkilat daxilində ortaq təşəbbüslərin və aktivliyin olması həm də böyük bir regionun təhlükəsizliyi, iqtisadi inkişafı və sosial rifahı baxımından ölçüyəgəlməz töhfədir. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin əsas iştirakçısı olan Azərbaycan tranzit imkanlarının maksimum genişləndirilməsinə çalışır. Bu genişləndirmə prosesində təşəbbüskar ölkə kimi çıxış edərək, ziddiyyətlər zamanı uzlaşdırıcı mövqedən də çıxış edir. Cənab Prezident İlham Əliyevin sadalanan məqsədlərə çatmasında göstərdiyi yanaşma ECO-ya üzv ölkələr tərəfindən də yüksək dəyərləndirilir. Dövlət başçımızın da bildirdiyi kimi nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyulması ondan xəbər verir ki, Avrasiya məkanının nəqliyyat və logistika mərkəzlərinə çevrilmək işində əməli addımlar atmışıq. Yükdaşımaların həcminin genişləndirilməsi üzərində işlərin realizə olunması bütün üzv ölkələrin iqtisadiyyatlarına müsbət dividentlər qazandıracaq”.
A.Badamov əlavə edib ki, mövcud ziddiyyətlərə və çətinliklərə baxmayaraq regional həmrəylik, strateji tərəfdaşlıq gücləndirilməlidir: “Bu işdə ortaq iradə nümayiş etdirilməlidir. Azərbaycanda, xüsusən də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün keçirilməsi ölkəmizə göstərilən etimaddır. Bu, həm də təsisat daxilində artan rolumuzun göstəricisidir. Deməli, Azərbaycanın göstərdiyi səylər müsbət qəbul olunur. Azərbaycan təsisatın möhkəmlənməsinə, onun fəaliyyətinin böyük bir regiona fayda gətirməsinə çalışır”.
Röya İsrafilova