Harada vətən sevgisi varsa, orada Azərbaycan həqiqətləri də var Siyasət

Harada vətən sevgisi varsa, orada Azərbaycan həqiqətləri də var

Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdıqılması istiqamətində hakimiyyətin həyata keçirdiyi siyasət öz nəticəsini verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın apardıqları səmərəli və düşünülmüş siyasət nəticəsində artıq beynəlxalq aləm Qarabağ probleminin haradan başladığını, Ermənistanın və bütövlükdə ədalətsizliyin güclü havadarlarının nəinki kim olduğunu, habelə onların ədalətsiz "motivasiyalarını" da anlamağa başlayıblar.
Təkcə "Xocalıya ədalət!" beynəlxalq kampaniyasını buna misal gətirə bilərik. Aparılan təbliğatın nəticəsi olaraq, Xocalı qətliamının bir sıra dövlətlərin parlamentləri, rəsmi qurumları tərəfindən soyqırımı kimi tanınması dediyimizin tutarlı sübutudur. Əlbəttə, Qarabağ probleminin, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və azərbaycanlılara qarşı tarixən apardığı çirkin siyasətin beynəlxalq aləmdə başa düşülməsi və bir çox hallarda etiraf edilməsi işində xüsusilə dövlət rəsmilərinin, tarixçilərimizin, bütövlükdə ziyalılarımızın əməyi böyükdür.
Məsələn, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun xidmətləri xüsusi qeyd edilməlidir. Əli Həsənov indiyədək nəşr olunan çoxsaylı kitablarında, xüsusilə "Azərbaycan-ABŞ: anlaşılmaz münasibətlərdən strateji tərəfdaşlığa doğru", "Azərbaycan-ATƏT: Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi Ümumavropa təhlükəsizliyi fonunda", "Azərbaycanın xarici siyasəti: Avropa dövlətləri və ABŞ", "Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri: 1991-1996", "Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti", "Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri", "Geosiyasət", "Dünya ölkələrinin müasir siyasi sistemləri", "Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti", "Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasəti", "Azərbaycanın geosiyasəti", "Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik siyasətinin əsasları", "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri", "Cənubi Qafqaz, Xəzər-Qara dəniz hövzəsi və Azərbaycanın geosiyasəti", "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazin geoiqtisadi xarakteristikası: Azərbaycanın yeni neft siyasəti", "Cənubi Qafqazın hərbi-geostrateji vəziyyəti və Azərbaycanın təhlükəsizlik siyasəti", "Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın geoiqtisadiyyatı: Azərbaycanın enerji siyasəti" kimi monoqrafiya və dərsliklərində problemin tarixi köklərini göstərib, Azərbaycanın sülhsevər dövlət siyasətinin mahiyyətini açıb, beynəlxalq dünyaya Azərbaycanın haqq səsini çatdırmağı qarşısına məqsəd qoyub.
Ə.Həsənovun kitablarının bir çoxu həm də xarici dillərə tərcümə olunub. Məsələn, onun "Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri" və "Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması" əsərlərini səkkiz dildə nəşr edilib...
Azərbaycan dövləti və onun dövlət xadimlərinin bu məsələdə fəaliyyəti hər birimizə örnək olmalıdır, amma məsələnin ağırlığını hökumətin üzərinə qoymaq ədalətli yanaşma deyil.
Bəs hər birimiz "Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün nə etmişik" sualına cavab axtarmalıyıq.
Düzdür, Azərbaycanın xaricdəki diaspor təşkilatları bu məsələdə daha çox Avropada aktivlik göstərirlər. Bu da ancaq Xocalı soyqırımının anım illərində olur. Beynəlxalq təşkilatların Avropada yerləşən mərkəzi qərargahları önündə aksiyalar keçirməklə təbliğatımızı bitmiş hesab etmək düzgün deyil. Bir də ki, Avropanın bu məsələdə mövqeyi aydındır – Qərb işğalçı Ermənistana dəstək verir. Nədən biz Afrika, terrora məruz qalan Yaxın və Orta Şərq ölkələrində bu təbliğatımızı aparmırıq. Axı dünya təkcə Avropadan ibarət deyil.
Yeri gəlmişkən, ölkəmizdə keçirilən tədbirlərin birində Efiopiyanın Azərbaycandakı səfiri (iqamətgahı Türkiyədə) Ayaleu Gobezi Vorknyu ilə söhbətləşərkən Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunduq. Səfir bildirdi ki, Afrika qitəsinin əksər ölkələrinin ictimaiyyəti Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlı deyillər...
Əvvəlcə gəlin özümüzdən başlayaq.
Artıq bir neçə ildir ki, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi aktual layihələrdən biri də "Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması təşəbbüsləri"dir. Müxtəlif QHT-lər bu layihəni ya qonşu ölkələrdə reallaşdırırlar, ya da hansısa internet resursu yaradıb təbliğat aparırlar. Amma bu müvəqqəti xarakter daşıyır, 2-4 aylıq müddəti başa çatdıqdan sonra Şuranın maliyyələşdirdiyi layihələr bitir və saytlar fəaliyyətlərini dayandırırlar.
QHT Şurasından fərqli olaraq KİVDF-nin çap mediasını maliyyələşdirdiyi layihələrdə fasilə yaranmır. Bu da Azərbaycan mediasının ermənilərlə informasiya savaşında əzmkarlığını artırır. Amma bu layihələr daxili auditoriyaya hesablandığından, xüsusən də Azərbaycan dilində yazıldığından bunu yalnız özümüz oxuyuruq. Paralel olaraq dövlət müxtəlif dillərdə fəaliyyət göstərən internet resurslarına maliyyə dəstəyini üzərinə götürsəydi daha yaxşı olardı.
İnternet resurslarından söz düşmüşkən, yazını hazırlayarkən Qarabağla bağlı fəaliyyət göstərən virtual məkanlara diqqət yetirdim. Kifayət qədər sayt var: www.justiceforkhojaly.org, garabagh.net, karabakh.org, khojaly.org.az, karabakh-doc.azerall.info, karabakh.co.uk, karabakh.gen.az, khojaly.org, khojaly.net, khojaly.tripod.com, azerigenocide.org, shusha.aznet.org, qarabag.iatp.az, karabakh.bravepages.com, karabakh-az.org, azerbaijanfoundation.org, azadqarabag.a zerall.info və s.
Amma təəssüflər olsun ki, ilk üç saytdan savayı o birilər obyektiv və subyektiv səbəblər üzündən fəaliyyətlərini dayandırıblar.
Garabagh.net-də isə düzdür, sayt 7 dildə fəaliyyət göstərir. Amma o dillərin arasında Ermənistanla sıx dostluq əlaqələri quran İranın anlayacağı fars, dünyada 300 milyon ərəbin danışdığı ərəb, eləcə də dünyanın ən böyük əhalisinə məxsus Çin dilləri yoxdur. Həmçinin materiallar sadə erməninin anlayacağı erməni dilində də verilsəydi, pis olmazdı.
Düzdür, erməni və rus dillərində fəaliyyət göstərən Armenia.az saytlarımız da var. Amma fikrimizcə, bunlar çox azdırlar. Əgər informasiya müharibəsinin məqsədi düşməni məğlub etməkdirsə, o zaman qarşı tərəfdən tərəfdaş tapmaq ən uğurlu addım olmazmı?
Və yaxud da Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla bağlı hansısa internt tv-ni yaratmaq və ona dövlət səviyyəsində dəsgtək vermək bu qədərmi çətin işdir?
Ermənilər internet resurslarından necə effektiv təbliğat vasitəsi olduğunu çoxdan anlayıb və tətbiq etməyə başlayıblar, hətta Ermənistanda və Qarabağda bu məqsədlə yerli internet istifadəçilərinə treninqlər də keçirilir, onlara "Ermənistan və Qarabağ barədə həqiqəti" necə yazmalı olduqlarını öyrədirlər. Bu işdə onlara Ermənistanın dövlət orqanları yaxından kömək göstərir.
Uzaqa getməyək, qonşumuz Gürcüstanda Dağlıq Darabağ həqiqətlərindən ancaq soydaşlarımız məlumatlanırlar, gürcülər yox.
Bu məsələ ilə bağlı qəzetimizə açıqlama bildirən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov deyir ki, bizim içtimai təşkilatlar bəlli günlərdə öz ziyalılarımızı toplayır tədbirlər keçirir: "Özümüz deyib, özümüz eşidirik, gürcülərin heç nədən xəbəri yoxdur. Təklif edərdim ki, iki – rus və gürcü dillərində bir internet tv və ya radio yaratmaq lazımdır. Gürcüstanda SOKAR kilsələrə pulsuz qaz verdiyi kimi, bu işə də maliyyə dəstəyi göstərsəydi pis olmazdı".
H.Yusubov onu da deyir ki, Azərbaycandan bura gələn heç bir nümayəndə gürcülər qarşısında cıxış etmir: "Hamısı bizimkilərlə görüşürlər. Gürcülərlə görüşüb onlara ermənilərin işğalçılıq siyasətlərindən danışmaq daha düzgün olardı".
Bir az özümüzdən uzaq, lakin terrora məruz qalan Yaxın və Orta Şərqə üz tutaq. Sən demə bu ölkələrdə də Qarabağ həqiqətləri biz düşündüyümüz kimi yayılmayıb. İraqın tanınmış yazarlarından və jurnalistlərindən olan Aydın Kərkük bizimlə söhbətində bildirib ki, ərəblər Qarabağ haqqında çox az bilirlər.
İraq Türkmən Cəbhəsi Partiyasının sözçüsü Turqut Hörmüzlü də eyni fikirdədir: "İraqda və ərəb ölkələrində ancaq türkmənləri Dağlıq Qarabağ düşündürür. Ərəb mediası Azərbaycanı təzə tanıyıb. Osmanlıdan bu yana ərəblər türkləri sevməz, ona görə də ərəb mediasında türklərin milli və dövlətçilik maraqları, üzləşdikləri terrorlar maraqlandırmaz. Baxın, ərəb mediasına təklif etdik ki, Xocalı soyqırımının anım ilini anmaq üçün Bakıya gedirik, sizi də apararıq, əhəmiyyət vermədilər".
T.Hörmüzlü onu da vurğuladı ki, İraqda üzdə fəalıiyyət göstərən Azərbaycan diaspor təşkilatı yoxdur.
Bu yerdə bir haşiyəyə çıxmaq istəyirəm: Sentyabr ayında Ermənilərin işğalçılıq siyasəti ilə bağlı kiçik bir yazımı İraq mətbuatı yaxına buraxmadı. Yazı ərəb dilinə tərcümə olunduğundan onu Misirin nüfuzlu "Şəbəb əl-Nil" saytı (http://www.shbabalnil.com/ جاويد-شاهويردييف-يكتب-الصمت-العالمي-أ) ictimailəşdirdi. Bu da onu deməyə əsas verir ki, İraqa nisbətən Misir cəmiyyəti və mediası Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərindən məlumatlıdırlar. Bu da Misirdə güclü diaspor təşkilatımızın fəaliyyət göstərməsi və ərəb cəmiyyətinə nüfuz etməsi ilə bağlıdır.
"Vətənpərvər" - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov 23 ildən coxdur Misirdə yaşayır. Deyir ki, harada olmağından asılı olmayaraq hər bir azərbaycanlı dövlətini, dövlətçiliyini qorumalı, Azərbaycan həqiqətlərini yaymalı, haqq işimizi müdafiə etməlidir: "16 ildən coxdur ki, Misirdə xarici tələbələrə Azərbaycan dilini tədris edirəm. 60-dan çox ölkənin 1100-dən artıq tələbəyə rəhbərlik edirəm. Artıq bizim apardığımız təbliğat Misirdə, Livanda, Suriyada güclü erməni lobbisinin qarşısını kəsib. Misirdə 10 min erməni ailəsi yaşayır. Amma onların heç bir ali məktəbdə ana dilləri tədris olunmur. Azərbaycan dili isə Qahirə, Ayn Şəms, Əl-Əzhər universitetlərində tədris olunur. 700-dən çox misirli tələbəyə Azərbaycan dili ilə yanaşı, Azərbaycan həqiqətlərini də çatdırmışıq".
Əfqanıstanlı siyasətçi Əbdül Qadir Həmidi də Ermənistanın işğalçılıq siyasəti ilə bağlı yetərincə məlumata malik olmadıqlarını deyib: "Hərdən Əfqanıstan mediası, "Tolux" teleşirkətindən Azərbaycanla bağlı xəbərlər eşidirik. Amma bu bizi qane etmir".
Söylənilənlərdən belə qənaətət gəlmək olar ki, harada bir azərbaycanlı kimi vətənə, millətə sevgi varsa orada Azərbaycan həqiqətləri də var. Yaxın, Orta və Uzaq Şərq, Afrika qitəsi ölkələrində də bu istiqamətdə çalışılmalıdır. Hansısa anım gününü gözləməli deyilik. Harada yaşamağımızdan, hansı strukturda təmsil olunmağımızdan asılı olmayaraq bir azərbaycanlı kimi hər gün Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ həqiqətlərinin, bu məsələdə dövlətin qətiyyətli mövqeyini dünya ictimaiyyətinə çatdırmaq vətəndaşlıq borcumuzdur.

Cavid Şahverdiyev
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir