“Belə davam edə bilməz” Siyasət

“Belə davam edə bilməz”

Əli Hüseynli: "Rusiya Dövlət Dumasına müraciət göndərilməlidir"

Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda 21 qanun layihəsi müzakirə edilib.
Millət vəkilləri əvvəlcə cari məsələlərdən danışıblar.
Parlamentin sədri Oqtay Əsədov Azərbaycan Parlamentinin yaranmasının 100 illiyi ilə bağlı deputatları təbrik edib. Oqtay Əsədov deyib ki, bu gün Azərbaycan Parlamentinin yaranması günüdür: "1918-ci ilin dekabrın 7-də Azərbaycan Parlamentinin ilk iclası keçirilib. Azərbaycan Parlamentinin yaranmasının 100 illiyi ilə bağlı sizləri təbrik edirəm".
Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bu gün Azərbaycan tarixində mühüm günlərdən biridir: "Dekabrın 7-də Parlamentin fəaliyyətə başlamasından 100 il ötür. Hörmətli sədr, sizin rəhbərliyiniz ilə Parlamentin 100 illiyi möhtəşəm şəkildə qeyd edildi, hələ də bu tədbirlər davam etməkdədir".
Rusiya Dövlət Dumasının üzvü Konstantin Zatulinin İrəvanda "Lazerev klub"unun iclasında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə münasibətini bildirən komitə sədri söyləyib ki, Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələr üzrə inkişaf etməkdədir: "Son zamanlar Rusiyanın elitasının üzvləri, siyasətçilər, diplomatlar, hərbi ekspertləri Azərbaycanda olub və Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğu haqqında fikirlər söyləyiblər. Lakin Zatulinin addımı Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir".
Ə. Hüseynli qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək mümkün deyil: "Zatulinin bu addımı Ermənistanla Rusiya arasında soyuq münasibətlərə neqativ ruh verməkdən başqa bir şey deyil". "Lazerev klubu"nda siyasi korrupsiyaya qoşulmuş ekspertlərin təmsil olunduğunu deyən deputat söyləyib ki, İrəvanada keçirilən iclas Rusiyanın rəsmi mövqeyi deyil: "Amma rəsmi Bakı bununla bağlı fikirlərini bildirir və bu addıma qarşı öz narazılığını ifadə edir. Uzun illərdir ki, Zatulin erməni lobbiçiliyə ilə məşğul olur. O sıravı deputat olsa idi, bizi narahat etməzdi. Lakin Dumada təmsilçiliyini nəzərə alsaq, belə halların baş verməsi qəbuledilməzdir. Hazırda hər iki ölkənin siyasətlərinə uyğun olaraq parlament münasibətləri yüksələn xətlə inkişaf edir. Bu baxımdan Rusiya Dövlət Dumasına müraciət göndərilməlidir. Bu, belə davam edə bilməz".
Deputat Fərəc Quliyev diqqətə çatdırıb ki, bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupu ilə birlikdə bəyanat qəbul etdilər: "Ermənistan ATƏT-in Minsk qrupu tərəfindən sakitçilik bəyanatı istəyirdi ki, biz tezliklə məsələləri həll etmək üçün söz verək və onlar da öz işlərini davam etdirsinlər. İrəvanda "Lazerev klubu"nun məlum toplantısı zamanı ATƏT-in Minsk qrupunda bir vaxtlar Rusiyanı təmsil edən Vladimir Kazimirov çıxış etdi. Onlar institutlaşmış şəkildə Azərbaycana qarşı mövqelər sərgiləyirlər".
Deputat bildirib ki, bizim atəşkəş barədə fərqli mövqeyimiz olmalıdır:
"Biz hansı atəşkəsdən danışmalıyıq? Bizim ərazilərimiz işğal olunub. Biz o zaman atəşkəs elan etməliyik ki, düşmən tərəf sərhədlərinə çəkilsin və o zaman biz düşmən tərəfə atəş açmamaqla bağlı öhdəlik götürə bilərik. Biz indi atəş açmalıyıq. Hesab edirəm ki, əslində atəş dayanmamalıdır. Biz o vaxt atəşkəslə bağlı razılaşmaya çatmışdıq ki, müəyyən dövr ərzində ATƏT-in Minsk qrupu və digər orqanlar işlər görsünlər. Qarabağda erməni təyyarələri hərbi əməliyyatlar keçirirdilər. Bizim Müdafiə Nazirliyi tərəfindən də bəyanat verildi ki, təmas xəttində təhlükə törədərlərsə və ya keçərlərsə onları vuracağıq. Başa düşmürəm ki, bizim sərhəd xəttimiz təmas xəttidir?"
Fərəc Quliyev deyib ki, Azərbaycan sərhədini keçən düşmən tərəfin vasitələri vurulmalıdır: "Ona görə hesab edirəm ki, işğal olunmuş ərazilərimizlə bağlı fərqli mövqe ortaya qoymalıyıq".
Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib ki, Ermənistanda hər zaman iqtisadi, siyasi vəziyyət ağırlaşan kimi dərhal Naxçıvan məsələsi oraya çıxır: "Vaxtilə ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ermənilərin Naxçıvana qarşı iddialarına birdəfəlik son qoyuldu".
Komitə sədri bildirib ki, dövlətlər, dövlət başçıları, xalqlar arasında münasibətlər aydındır: "Bu gün Azərbaycanla Rusiya arasında çox gözəl münasibətlər var. Lakin bundan bəhrələnən kimlərdir? Əlbəttə, həmçinin Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlılar. O zaman sual olunur, niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmirlər? İrəvanda keçirilən məlum toplantıda erməni dövlətinin rolu yoxdur. Bu, erməni diasporunun fəaliyyətidir. Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirlik, Heydər Əliyev Fondu və Gənclər Fondundan başqa orda tədbirlər təşkil olunmur. Axı, siz Rusiya ilə Azərbaycan arasında yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz?". S.Novruzov söyləyib ki, ölkəmizdə bəzi anti-Azərbaycan qüvvələri Rusiyada yaşayan milyonçu azərbaycanlılar tərəfindən maliyyələşdirilir: "Rusiya parlmentində bir Zatulun var, amma başqaları da var. Onlar dəvət edilməli, Azərbaycanı dəstəkləyən mövqelərini ortaya qoymalıdırlar. Rusiyada yaşayan milyonçu azərbaycanlılar öz ölkələri, millətləri qarşısında məsuliyyətlərini dərk etməlidirlər".
Deputat Aqil Abbas vurğulayıb ki, Azərbaycandakı bəzi özəl televiziya kanalları bu millətə nəyi aşılayır bəlli deyil. O deyib ki, bu gün bəzi özəl kanallar əxlaqsızlığı yayır: "Yaxşı ki, AzTv, İTV və Mədəniyyət kanalı var. Adamlar nəyəsə baxa bilir. Bu gün dünyada kimsə bizə baxanda deyir ki, görəsən, belə də millət var imiş?! Kim kimin başını qırxdı, kim qaynanası ilə dalaşdı, bütün ailə məsələləri açılıb tökülür. Ya da həkim məsləhətləri verilir. Bizim bunlardan başqa dərdimiz yoxdur? Hətta Qarabağ məsələsi tamam yaddan çıxıb. Gövhər xanım deyir ki, niyə uşaqları rus məktəblərinə qoyursuz? Camaat da ona görə qoyur ki, heç olmasa uşaqlar rus dilini öyrənib rus kanallarına baxa bilsin.
Telekanallara senzura qoymaq məsələsi bütün dünyada var. Hətta Türkiyədə də belə hadisələr baş verir. Bir həftəliyinə, on günlüyə, bir aylığına televiziyanın efir vaxtı məhdudlaşdırılır".
Aqil Abbas bildirib ki, Milli Televiziya və Radio Şurasına belə bir səlahiyyət verilməlidir ki, televiziya kanalları ilə bağlı tədbirlər görsün, kanalları bağlasın: "Bütün ölkələrdə belə bir qanun var. Hesab edirəm ki, bizdə də belə bir qanun olmalıdır".
Deputat Fazil Mustafa Milli Məclisin sədri Oqtay Əsədovdan Cümhuriyyətin qurucularının xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş edib. Fazil Mustafa eyni zamanda təklif edib ki, Cümhurriyyətlə bağlı yubiley medalı hansı deputatlara veriləcəksə, bu gün təntənəli şəkildə bu iclasda baş tutsun: "Təklif edirəm ki, bu mükafat Cümhuriyyət qurucularının varislərinə, İstiqlal Bəyannaməsinə imza atan deputatlara təqdim edilsin. Rəsulzadənin nəvəsi Azərbaycanın tanınmış rəssamıdır. Ona da bu medal verilsin. Hansı ki, Rais Rəsulzadənin səhhəti ilə bağlı dövlət başçısı səviyyəsində diqqət göstərildi".
Spiker Oqtay Əsədov deputat Fazil Mustafanın Cümhuriyyət qurucularının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə bağlı təklifinə isə belə cavab verib. Spiker bildirib ki, bu gün bayram günü olduğu üçün onları yad etməyi düzgün saymır: "Biz onları başqa günlərdə daim yad edirik. Hətta bir müddət öncə təntənəli yubiley iclasını da keçirdik. Parlamentin yüz illiyi ilə bağlı kitabda da onlar haqqında geniş məlumat verilib. Milli Məclisin 100 illiyi ilə bağlı yubiley medalı isə hazırdır. Medallar Milli Məclisin yaxın vaxtlarda keçiriləcək plenar iclasların birində, Dünya Azərbaycanlılarının Həmrəylik gününə yaxın bir zamanda millət vəkillərinə təqdim ediləcək".
Spiker Ermənistan tərəfinin Naxçıvanla bağlı səsləndiridiyi fikirlərə də toxunub: "Naxçıvanla bağlı məsələyə fikir verməyin. Naxçıvandan İrəvana 70 kilometr məsafə olduğu üçün Ermənistan hər zaman bundan narahatdır".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov isə deyib ki, Azərbaycanda manatın devalvasiyasından söhbət gedə bilməz: "Milli valyutanın məzənnəsinin sabitliyi qorunub-saxlanılacaq, hətta möhkəmləndirilməsi istiqamətində addımlar atılacaq". O, ölkədə növbəti devalvasiyanın olacağı ilə bağlı iddialara münasibət bildirərkən qeyd edib ki, manatın məzənnəsinin enməsinin iqtisadi əsası yoxdur: "Əsas məqsədimiz Azərbaycanda qeyri-neft sektorunun inkişafını, qeyri-neft ixracının artırılmasını stimullaşdırmaqdır. Bu ilin 10 ayında qeyri-neft ixracı 12%, ümumi ixrac isə 37% artıb. İxrac potensialının yüksəlməsi makroiqtisadi sabitliyə, manatın məzənnəsinə müsbət təsir göstərir. Bundan başqa, xarici ticarət dövriyyəsində müsbət saldo Azərbaycanın valyuta ehtiyatlarının artmasına səbəb olub. Maliyyə naziri Samir Şərifov deyib ki, manatın məzənnəsinin möhkəmlənməsi idxalın artmasına səbəb olur. Bu da Azərbaycanı cəlbedici ölkəyə çevirir. Ona görə də, biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. O bildirib ki, aparılan siyasətin prioritet istiqaməti məhz makroiqtisadi balansın qorunub-saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub. Nazirin bu fikri yanlış mülahizələrə yol açıb, düzgün təhlil edilməyib".
Deputat qeyd edib ki, Samir Şərifovun fikirləri qlobal iqtisadiyyata, Azərbaycanda və dünyada gedən iqtisadi proseslərə və təcrübələrə söykənir: "Yəni əslində fikir ondan ibarətdir ki, manatın məzənnəsi daha da möhkəmlənir və məzənnəsinin möhkəmləndiyi ərəfədə ixrac stimullaşdırılmalıdır. Burada söhbət manatın məzənnəsinin enməsindən getmir. Bəzi ekspertlər və deputat Vahid Əhmədovun təhlili yanlışdır, süni maliyyə gərginliyi yaratmağa hesablanıb. Milli Məclis 2019-cu ilin dövlət büdcəsi qəbul edilib. Büdcədə bununla bağlı risklər nəzərə alınıb". O, 2019-cu ilin dövlət büdcəsinin sosialyönümlü olduğunu vurğulayıb.
Daha sonra qanun layihələrinin müzakirəsi aparılıb. Müzakirələrdən sonra qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli