“2019-cu ildə münaqişənin durğun vəziyyətdən çıxmasına ümid var“ Siyasət

“2019-cu ildə münaqişənin durğun vəziyyətdən çıxmasına ümid var“

"Başa çatan 2018-ci ildə Dağlıq Qarabağ münaqişəsi ətrafında irəliləyişə nail olmaq üçün real fürsətlər əldən verildi".
Dağlıq Qarabağ münaqişəsi ərtafındakı mövcud vəziyyəti və gələn il üçün perspektivləri şərh edən politoloq Tofiq Abbasov belə düşünür.
Politoloqun qənaətinə görə, münaqişənin həlli baxımından bu ilin yekunları ürəkaçan sayıla bilməz, vəziyyəti durğunluqdan çıxartmaq üçün real fürsətlər əldən verilib.
O, bu fürsətlərin "məxməri inğilab"ın baş verdiyi Ermənistandakı sabitsizliklə, hakimiyyətə gələn yeni qüvvələrin münaqişəni həll etmək üçün nə edəcəklərini bilməmələri, təklif irəli sürməmələri ilə bağlı olduğunu bildirib.
"Nikol Paşinyanın əsirləri "hamıya hamını" düsturu ilə dəyişdirmək barədə rəsmi Bakının irəli sürdüyü təşəbbüsü layiqincə dəyərləndirmək üçün lazımi təcrübə və zəka sahibi olmadığı üzə çıxdı. Bu təşəbbüsü dəstəkləsəydi, siyasi dividendlər əldə edərdi, üstəlik barışıq yolunda ilk səmərəli addım da atılmış olardı. Bunlar baş vermədi, artıq bütün ümidlər yeni ilə qalıb" – T.Abbasov vurğulayıb.
Politoloq 2019-cu ildə vəziyyətin indiki durğunluqdan çıxarılması üçün müəyyən əsasların olduğunu diqqətə çatdırıb: "Azərbaycan Ermənistandakı yeni hökumət öz mövqeyini qəti müəyyənləşdirənədək Qarabağda hər hansı hücum əməliyyatına başlamayacağını müəyyən qədər eşitdirib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun yaxın vaxtlarda qarşılıqlı anlaşma əldə etmək üçün imkanların ortaya çıxmasını bildirməsi tərəflərin bir daha kəskin addımlar atmaq niyyətində olmadıqlarını göstərir. Odur ki, yaxın gələcəkdə irəliləyiş gözləmək olar".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə danışıqların yerində saydığını deyir: "Həmsədrlər Ermənistana təsir etmədilər. Bu il sadəcə yenilik ondan ibarət oldu ki, 20 ildir Ermənistanda hakimiyyətdə olan "Qarabağ klanı" hakimiyyətdən uzaqlaşdırıldı və son parlament seçkilərinin nəticələrinə görə, hətta müxalifətdə də yer ala bilmədi. Bunu haradasa müsbət hadisə adlandırmaq olar. Torpaqlarımızın işğalında birbaşa bu klanın əli olub. İndi Ermənistanda hakimiyyətə yeni bir şəxs gəlib. O da yeni açıqlama verməyib. Amma fərq ondadır ki, bu siyasətçi Ermənistan doğumludur, torpaqların işğalında bilavasitə iştirak etməyib. 5 ay əvvəl hakimiyyətə gələn Nikol Paşinyan 5 ayı boşuna verdi, çünki Paşinyan bu müddət ərzində Qarabağ münaqişəsi ilə bağlı heç bir addım atmadı. Beləcə ili yekunlaşdırdıq".
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov da danışıqların heç bir nəticə vermədiyi qənaətindədir. Onun sözlərinə görə, müharibə təhlükəsi yüksək olaraq qalır:
"Münaqişənin həlli istiqamətində real dnışıqlar olmadığına görə, müharibə təhlükəsi çox real görünür. Ermənistanda vəziyyət dəyişib. Buna bağlı olaraq, bütün Cənubi Qafqazda geopolitik vəziyyət dəyişməyə başlayıb. Əsas məsələ, Ermənistanda Rusiyanın nüfuzu azalıb. Ona görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansısa fərqli addımları gözləmək olar. Gələn il üçün danışıqlarla bağlı olmayan proseslər baş verə bilər".