“Prezidentin Davos Forumunda iştirakı...” Siyasət

“Prezidentin Davos Forumunda iştirakı...”

Gövhər Baxşəliyeva: "Yeni əməkdaşlıq imkanlarının yaranmasına, yeni investisiyaların cəlb edilməsinə xidmət edir"

"Azərbaycan artıq Dünya İqtisadi Forumunun ən etibarlı iştirakçılarından birinə çevrilib və Prezident İlham Əliyevin ənənəvi olaraq forumda iştirakı ölkəmiz üçün önəmli hadisədir".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva deyib.
Millət vəkili bildirib ki, dövlət başçısının Davos Forumunda iştirakı ölkəmizin beynəlxaq aləmdə nüfuzunun artması ilə yanaşı, yeni əməkdaşlıq imkanlarının yaranmasına, iqtisadiyyatımızın inkişafına, yeni investisiyaların cəlb edilməsinə xidmət edir.
G.Baxşəliyeva qeyd edib ki, Prezident İlham Əliyev hər il forum çərçivəsində həm müxtəlif ölkələrin, həm də iri şirkətlərin rəhbərləri ilə vacib görüşlər keçirir:
"Bu baxımdan builki forum da istisna olmadı. Cənab Prezidentin Davos görüşləri hər il uğurla keçir, iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunur. Budəfəki forum çərçivəsində dövlətimizin başçısı Gürcüstanın baş naziri, Dünya Bankının baş icraçı direktoru, "SAP SE" şirkətinin baş icraçı direktoru, "CISCO" şirkətinin icraçı vitse-prezidenti, BP qrupunun baş icraçı direktoru, "Total" şirkətinin baş icraçı direktoru, "Visa" şirkətinin prezidenti və digər aparıcı şirkətlərin rəhbərləri ilə mühüm görüşlər keçirdi. Əlbəttə, iri şirkət rəhbərləri ilə görüşlər ölkəmiz üçün yeni imkanlar açır, eyni zamanda, həm onların Azərbaycana investisiya qoyması, həm də Azərbaycanın əhəmiyyətli layihələrə qoşulması və digər mühüm məsələlər barədə müzakirələr aparmağa imkan verir".
Deputat əlavə edib ki, hər il forumu işıqlandıran nüfuzlu beynəlxalq informasiya vasitələrinin də Azərbaycana marağı artır, onlar ölkəmiz haqqında daha geniş məlumat almağa çalışırlar.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-dən İsveçrəyə işgüzar səfəri çərçivəsində Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, "Visa" şirkətinin prezidenti Rayan Maklnerni, BP qrupunun baş icraçı direktoru Robert Dadli, "CISCO" şirkətinin icraçı vitse-prezidenti və satış rəhbəri xanım Gerri Elliott, "SAP SE" şirkətinin baş icraçı direktoru Bill Makdermot, Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva, Rusiyanın "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov, Fransanın "Total" şirkətinin baş icraçı direktoru Patrik Puyanne və və digər nüfuzlu şirkətlərin rəhbər heyəti ilə görüşlər keçirib.
Azərbaycan Prezidenti Rusiyanın "Rossiya 1" və Çinin "CGTN" televiziya kanallarına müsahibə də verib.
Yanvarın 22-də isə dövlət başçısı Davosda Dünya İqtisadi Forumu çərçivəsində "Bir kəmər, bir yol" təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı" mövzusunda sessiyada iştirak edib.