“Qarabağ məsələsi Azərbaycanın fonunda getdikcə daha da ciddiləşir” Siyasət

“Qarabağ məsələsi Azərbaycanın fonunda getdikcə daha da ciddiləşir”

"Hazırda "1 Mart" hadisəsi əslində Ermənistanın varlığı məsələsi olan Qarabağ məsələsindən daha aktual və müzakirə olunan mövzuya çevrilib. Qarabağ məsələsi isə Azərbaycanın ruh yüksəkliyi və Ermənistanın fəaliyyətsizliyi fonunda getdikcə daha da ciddiləşir".
Bu barədə erməni politoloq Stepan Danielyan öz "Facebook" səhifəsində yazıb.
"Faktiki olaraq, biz Qarabağ danışıqları haqqında informasiya mühasirəsi içərisinə düşmüşük. Bu mühasirə mexanizmlərindən biri "1 Mart" hadisəsinin əsas mövzuya çevrilməsidir. Lakin burda başqa bir problem də var. 2008-ci ilin hadisələri Qarabağ probleminin konteksti ilə bağlı idi. Ter-Petrosyan hakimiyyətə gəlməklə bu problemi özünə və bizə məlum üsulla həll etmək üçün gəlmək istədiyini heç vaxt gizlətmirdi. Bu gün Qarabağ problemi ilə bağlı fəal gizli danışıqlar aparılması fonu ilə yanaşı "1 Mart" məsələsinin də aktivləşməsi təsadüfi deyil.
Faktiki olaraq, 2008-ci ildə Ter-Petrosyan haqlı idi, əks fikirdə olanlar isə səhv idilər. Qarabağ məsələsi ətrafında davam edən fəal danışıqlar fonunda "1 Mart" probleminin aktivləşməsi bu mesajı gündəmə gətirir. Ən faciəlisi odur ki, Qarabağ məsələsi kontekstində "1 Mart" hadisəsinin aktivləşdirilməsi özündə yeni "1 Mart" hadisəsi ehtiva edir və biz həmin nöqtəyə yaxınlaşırıq. "1 Mart" hadisəsi yalnız bununla bağlı tərəflərdən heç biri, yəni Köçəryan, Serj Sarkisyan, Ter-Petrosyan, Nikol Paşinyanın hakimiyyət sükanında olmaması və məhkəmə üzərinə təzyiq göstərmək imkanları olmadığı zamanda obyektiv araşdırıla bilər. Lakin bu gün gündəmdə Qarabağ məsələsidir", - deyə Danielyan qeyd edib.