Arif Rüstəmov dövlət başçısından kömək istədi Siyasət

Arif Rüstəmov dövlət başçısından kömək istədi

Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan Arif Rüstəmov iyulun 14-də mətbuat konfransı keçirib. O, prezidentə müraciət edərək, hakimlərin ona qarşı etdiyi qanunsuzluqlardan danışıb, ailəsinin qanının batırılmaması üçün kömək istəyib.
Arif Rüstəmov deyib ki, 1992-ci ildə Yeni Azərbaycan Partiyası ideyasına qoşulanlardan, hakim partiyanın ilk üzvlərindən olub: "Müharibə veteranıyam. YAP-ın qurulmasında və güclənməsində fərqlənməyimə görə fəxri diplomla təltif edilmişəm, hazırda partiyanın ərazi təşkilatının sədriyəm. Son beş ildə isə bəzi məmurların, hakimlərin başıma gətirdiyi oyunlardan cana doymuşam. Qərəzli hakimlər mənim ailəmin qanını batırırlar. 11 dekabr 2009-cu il tarixdə Rüstəmov Pərvaz və Rüstəmov Rüstəm (ata-oğul) cinayətkar qrup kimi mənə və ailə üzvlərimə hücum edərək bizi döymüş, təhqir etmiş, bıçaqlamışlar. Səbəb də odur ki, onlar mənim Hövsanda qızım üçün tikdiyim evi ələ keçirmək istəyirlər. Buna görə də Rüstəmin barəsində CM-nin 212.3, Pərvazın barəsində isə 121.2.1-ci maddəsi ilə cinayət işi başladı, lakin onlar himayədarları olduğu üçün qanunsuz olaraq xeyli müddət həbs edilmədilər. Nəhayət, Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynovun 25 iyul 2013-cü il tarixli qərarı ilə Rüstəm Rüstəmov bizə qarşı törətdiyi cinayətlərə görə 3 il azadlıqdan məhrum edildi. Pərvaz Rüstəmov isə törətdiyi cinayətlərə görə qanun qarşısında cavab vermədi. Daha sonra cinayət işini pərdələmək üçün oğlum Rüstəmov Raminə qarşı mülki iddia qaldırıblar ki, guya həmin evi oğlumla şərikli tikdirib. Rəsmi sənədlərlə isə təsdiq edilir ki, həmin evi mən özüm tikmişəm".
Arif Rüstəmov deyir ki, qarşı tərəfin bu iddiası Suraxanı Məhkəməsində rədd olunub: "Rüstəmovların dərhal qətnamədən verdikləri apelyasiya şikayəti də təmin edilmədi. Bundan sonra o, havadarları ilə sövdələşərək Rüstəm Rüstəmovun barəsində çıxarılan həbs qərarından şikayət verdi, 17 mart 2014-cü il tarixli qərarla Rüstəm Rüstəmovun cəzasını 1 il 6 aya endirdilər. Rüstəmov Pərvaz bir-neçə dəfə qarşımı kəsərək bildirib ki, onun Ali Məhkəmədə sanballı adamları var, hansı ki, onun oğlunun və özünün işini həll edirlər, onlardan biri də Vəfaddin İbayevdir. Beş ildir ki, işi cinayətkarın xeyrinə həll edirlər və cinayətkar da cinayət əməllərindən əl çəkmir. Rüstəm Rüstəmov 8 nəfərin ölümünə səbəb olan qəzalar törədib. Son 5 ildə o, azadlıqda gəzməsi səbəbindən birinci dəfə "VAZ-2107" markalı avtomobillə toqquşdu. Maşında olan bir ailənin 5 üzvü öldü. Ancaq o, məsuliyyətə cəlb edilmədi. Daha sonra 3 azyaşlı uşağın ölümü ilə nəticələnən qəza törətdi. O, yenə də azadlıqdadır. Bütün bu qanunsuzluqlara necə göz yumulur? Rüstəm Rüstəmovun cəzasını şəxsi maraqlarına görə yarıya endirən hakim Vəfaddin İbayev indi də Pərvaz Rüstəmovla əlbir olub, Apelyasiya Məhkəməsinin 26 fevral 2014-cü il tarixli - oğluma qarşı əsassız iddiaya dair çıxarılan ədalətli qətnaməsini ləğv etməyə çalışır, bu işi də öz icraatına saldırıb".
Arif Rüstəmov dövlət başçısına müraciət edərək ondan kömək istəyib: Çox xahiş edirəm ki, bu məkrli niyyətin qarşısını alasınız! Sonuncu ümid yerim sizsiniz. Çox xahiş edirəm ki, bizim ailənin belə hakimlər tərəfindən qanının batırılmasına imkan verməyəsiniz".