“Fransa-Azərbaycan münasibətlərinin böyük potensialı və müsbət perspektivləri var” Siyasət

“Fransa-Azərbaycan münasibətlərinin böyük potensialı və müsbət perspektivləri var”

Musa Qasımlı: "Mehriban Əliyevanın səfəri həmin münasibətlərə yeni dinamizm gətirəcək"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransaya səfər edib. Səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirilib. Ekspertlər səfərin əhəmiyyətini şərh ediblər.
Millət vəkili, politoloq Hikmət Babaoğlu deyib ki, Fransa ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə çox yaxşı əlaqələr mövcuddur: "Ancaq bununla belə əməkdaşlıq üçün böyük potensial və daha fərqli sahələr də var". Onun sözlərinə görə, bu səfər iki ölkə arasında münasibətlərin inkişafı baxımından əhəmiyyətli idi: "Fransa Avropa siyasətini müəyyənləşdirən böyük beşlik adlandırılan qrupa daxil olan ölkələrdən biri, üstəlik, ATƏT-in Minsk Qrupunun üzvü və həmsədridir. Ona görə də belə mühüm ölkə ilə münasibətlərin yüksək səviyyədə olması daim Azərbaycanın diqqət mərkəzindədir. Azərbaycan Fransa üçün də ciddi və etibarlı tərəfdaşdır. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 59 Fransa şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti bu ölkənin milli maraqlarını ifadə edəcək qədər irihəcmlidir. Fransanın baş naziri ilə görüşdə dəmiryolu, kommunikasiya və bank sektoru ilə bağlı imzalanan sənədlər də ondan xəbər verir ki, hər iki dövlətin maraqları əməkdaşlığın daha da dərinləşməsini tələb edir və tərəflər buna hazırdır".
Millət vəkili bildirib ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ probleminin həlli ilə bağlı üzərinə ciddi bir öhdəlik götürüb: "Azərbaycan digər həmsədrlərlə bərabər, bu Avropa ölkəsindən də real addımlar gözləyir. Mehriban Əliyeva da məhz bu gözləntiləri ifadə edərək hazırkı status-kvonun qəbuledilməz olduğunu vurğuladı. Bunun müqabilində Fransanın baş naziri ölkəsinin sülh danışıqlarına sadiq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirdi. Fransa baş nazirinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı çox da sadə olmayan bir mərhələdə bu cür mövqe bildirməsi əslində Helsinki Yekun Aktında göstərilən milli müqəddaratı təyinetmənin dövlətlərin ərazi bütövlüyü çərçivəsində baş tutması prinsipinin dəstəklənməsi deməkdir. Bu mənada səfərin iqtisadi, mədəni, humanitar tərəfləri ilə bərabər, siyasi tərəfləri olduqca əhəmiyyətlidir".
Millət vəkili Musa Qasımlı bildirib ki, Fransa Respublikası BMT Təhlükəsizlik Şurasının daimi üzvü, nüvə dövləti, NATO üzvü və dünyanın 7 inkişaf etmiş ölkəsindən biridir. Onun sözlərinə görə, Azərbaycan Respublikası və Fransa arasında münasibətlərin zəngin tarixi var: "Müstəqilllik illərində, 1993-cü ildə Ümummilli lider Heydər Əliyev bir sıra amillər səbəbindən ilk xarici səfərini başqa bir ölkəyə deyil, məhz Fransaya etmişdi. Bu gün iki ölkə arasında münasibətlər demək olar ki, bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Münasibətlərin böyük potensialı və yaxşı perspektivləri var. Hesab edirəm ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səfəri həmin münasibətlərə yeni dinamizm gətirəcək. Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olmasını da nəzərdən qaçırmasaq səfərin daha geniş miqyaslı əhəmiyyət daşıdığı aydın olar".
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, ümumiyyətlə, Azərbaycan qarşılıqlı münasibətlərin formalaşmasına kifayət qədər önəm verir: "Düşünürəm ki, bütün ölkələrlə, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrlə yaxından əməkdaşlıq etmək sözün əsil mənasında regionda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunda mühüm addımlara yol aça bilər". Baş redaktorun sözlərinə görə, Azərbaycan həmsədrlərdən, Minsk Qrupunun üzvü olan ölkələrdən kifayət qədər ədalətlilik və obyektivlik gözləyir: "Fransa da ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Təbii ki, biz də dünyada gedən proseslərə, qarşılıqlı münasibətlərin formalaşmasına kifayət qədər önəm veririk. Ümumiyyətlə, Fransanın dövlət başçıları mütəmadi olaraq Azərbaycanda səfərdə olublar. Bu yaxınlarda da Fransanın sabiq prezidenti Nikola Sarkozi Azərbaycana səfər etdi. Təbii ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da Fransaya səfəri kifayət qədər əhəmiyyətlidir. Mehriban xanım Əliyevanın Fransaya səfəri işgüzar xarakter daşıyır və bu münasibətlərin daha da yaxşılaşmasına böyük təsir göstərəcək. Səfər çərçivəsində bir sıra rəsmi görüşlər baş tutdu. Düşünürəm ki, Fransa dövləti də Azərbaycanla münasibətlərin yaxşılaşmasına xüsusi önəm verir və diqqət yetirir. Hesab edirəm ki, bu məsələlər beynəlxalq hüquq prinsiplərinə söykənərək münaqişənin obyektiv və ədalətli üçün kifayət qədər təsirli olacaq".
Deputat Azər Badamov deyib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransaya səfərini çox yüksək və vacib hesab edir: "Çünki Fransa Avropa İttifaqına bir pəncərədir. Biz Fransa ilə ikitərəfli münasibətlərimizi nə qədər gücləndirə bilsək, Azərbaycanın Avropa İttifaqına inteqrasiyasını daha da sürətləndirər".
Deputat qeyd edib ki, Fransa həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərindəndir: "Bu baxımdan ölkəmizin ərazi bütövlüyünün bərpasını sülh yolu ilə həll edilməsi istiqamətində Fransanın daha ədalətli mövqe tutmasına bir töhfədir. Həm də bu səfər Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə çatdırılması üçün bir fürsətdir".
A. Badamov əlavə edib ki, Mehriban xanım Əliyeva səfər çərçivəsində Fransanın rəhbər şəxsləri ilə səmərəli görüşlər keçirib: "Görüşlərdə birinci vitse-prezident ölkəmizin Fransa ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu və iqtisadi sahədə partnyorluğun artırılması üçün böyük potensialın olduğunu diqqətlərinə çatdırıb. Təbii ki, iqtisadi əlaqələrin güclənməsi Fransanı Azərbaycana daha da yaxınlaşdıracaq və dostluq əlaqələrini möhkəmləndirəcəkdir. Fransa Avropanın mədəniyyət mərkəzi hesab olunduğundan və orada Azərbaycan öz milli-mədəni nümunələrini, tarixini, iqtisadi potensialımızı təbliğ etməklə bütün Avropaya Azərbaycanın tanıdılmasına imkan əldə edəcəkdir. Səfəri çox səmərəli və ölkələrimiz arasındakı əməkdaşlığı möhkəmləndirməsi baxımından çox əhəmiyyətli hesab edirəm".

Əli