“Həyata keçirilən islahatlar strateji xarakterlidir” Siyasət

“Həyata keçirilən islahatlar strateji xarakterlidir”

Hikmət Babaoğlu: "Ölkəmiz keyfiyyətcə özünün yeni inkişaf mərəhələsinə qədəm qoyub"

"Azərbaycanda həyata keçirilən islahatlar strateji xarakterlidir və uzunmüddətli perspektivə hesablanıb. Ötən illər Azərbaycanın iqtisadi, mədəni, elmi və intellektual inkişafı ilə yadda qalıb". Bunu "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanın özünəməxsus iqtisadi modeli formalaşmaqla Azərbaycan keyfiyyətcə özünün yeni inkişaf mərəhələsinə qədəm qoyub: "Bu isə imkan yaradır ki, Azərbaycanda sosial sahədə islahatlar həyata keçirilsin, şəhid ailələri, sosial yardıma ehtiyacı olan təbəqəyə yenidən müavinətlər verilsin və bu sahədə dərin islahatlar aparılsın. Əslində biz diqqət etsək görəcəyik ki, 2014-cü ildən davam edən siyasət hüquqi islahatlar, konstitusion islahatlar, idarəetmədə islahatlar və nəhayət sosial sahədə islahatlarla müşahidə edildi. Ardıcıllığa diqqət etsək görəcəyik ki, bunlar bir-birini tamamlayan və əslində bir-birini qidalandıran bütöv bir tamın mühüm komponentləridir. Çünki hüquqi islahatlar aparıb qanunvericiliyi dəyişmək olmasa, yeni iqtisadi münasibətlər yaratmaq mümkün deyil. Yeni iqtisadi münasibətlər yaranmasa isə keyfiyyətcə iqtisadiyyatı yeni mərhələyə daşımaq mümkün deyil. İqtisadi dividentləriniz, gəlirləriniz arzuolunan səviyyədə olmasa, sosial islahatlar həyata keçirmək mümkün deyil.
Göründüyü kimi bu siyasət ardıcıllıqla həyata keçirildi və bu gün öz bəhrəsini verməkdədir. Ona görə də əgər hazırkı mərhələdə bir daha Azərbaycan Prezidentinin ölkə xalqına Novruz bayramı təbrikində olan tezislərinə diqqət yetirsək, görəcəyik ki, islahatlar bundan sonrakı mərhələdə də davam etdiriləcəkdir. Çünki Azərbaycan cəmiyyəti dinamik cəmiyyətdir və onun iqtisadi sistemi də dinamikdir. Azərbaycanda daima müxtəlif axtarışlar, müxtəlif yeni formalar tapılmaqla Azərbaycan cəmiyyətinin inkişafını təmin etmək üçün ciddi əsaslar var. Əlbəttə ki, bundan başqa Azərbaycan dövləti tərəfindən qəbul edilmiş xüsusi proqramlar var ki, bunlar da bütövlükdə Azərbaycanın həm regionlarının inkişafı məsələsini həll edir, ölkəmizdə sənayenin, qeyri-neft sektorunun inkişafını təmin edir, həm də sosial fəallığın artırılması və əmək bazarına yeni qüvvələrin çıxarılması məsələsinə öz töhfəsini verir. Bunlar isə heç şübhəsiz ki, bütövlükdə əmək məhsuldarlığını artırmaqla Azərbaycanı regionun ən böyük sənaye ölkəsinə çevirir. Çünki Azərbaycanda dinamik əhali artımı prosesi var.
Azərbaycan əhalisinin sayı 10 milyona yaxındır və buna uyğun olaraq da hər il əmək bazarına yeni əmək qüvvəsi çıxır ki, bu da mütləq ölkədə olan iqtisadi münasibətlərə, istehsal münasibətlərinə cəlb olunmalıdır ki, ölkənin iqtisadiyyatında inkişaf baş versin. Bax, bu istiqamətdə də biz diqqət yetirsək görəcəyik ki, həm peşə vərdişlərinin aşılanması və öyrənilməsi, həm təhsil sahəsində islahatların aparılması, həm uzunmüddətli perspektivdə müasir texnologiyalarla işləmək vərdişinin əldə olunması istiqamətində də işlər aparılır. Dolayısı ilə biz bütün sahələrə nəzər salsaq görəcəyik ki, Azərbaycanda həyata keçirilən islahatlar kompleks xarakter daşıyır və Azərbaycan Prezidentinin imzaladığı hər bir sərəncam məhz ölkəmizin bu münasibətlərini bir addım daha irəliyə daşıyır".