“Moskva Paşinyan iqtidarına ərazilərin qaytarılmasına yaşıl işıq yandırmasına getməz” Siyasət

“Moskva Paşinyan iqtidarına ərazilərin qaytarılmasına yaşıl işıq yandırmasına getməz”

"Moskva və Vyanada Dağlıq Qarabağ münaqişəsi üzrə baş tutmuş görüşlərdə əldə edilmiş anlaşmaların bəzi nəticələrini yaxında göstərə biləcəyik". Bunu Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan deyib. Nazir bir sıra məsələlərin ATƏT-in Minsk qrupu həmsdərləri ilə müzakirə edildiyini bildirib: "Bundan sonra daha əhatəli bir nəticə göstərə biləcəyik, çünki bu mərhələdə əldə edilmiş anlaşmaların yerinə yetirilməsinə yönəlik proses davam edir".

Bu məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə qeyd etdi ki, Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ayrı-ayrılıqda "nəticə var" kimi mesaj veririlər. Onun sözlərinə görə, xarici işlər naziri Elmar Məmmədyarov ilk olaraq Rusiyanın “Kommersant” qəzetində qısa zamanda nəticə ilə bağlı qeydlər etmişdi, ardınca erməni həmkarı Mnatsakanyan Vyana və Moskva görüşlərində əldə olunmuş bəzi nəticələrin olacağı anonsunu verdi: “Aparılan danışıqlar konteksində müəyyən irəlləyiş kimi xarakterizə onda ola bilər ki, nəticə reallaşsın. Qeyd edim ki, Paşinyanın hazırda ərazilərin boşaldılmasına gedəcəyi real deyil. Çünki ölkə daxilində siyasi vəziyyət qeyri-stabildi və Qarabağ klanı revanş üçün məqam gözləyir. Bu kontekstdən yanaşdıqda Paşinyan üçün işğal olunmuş ərazilərlə bağlı güzəşt mövqeyi inandırıcı deyil. Burada Rusiya faktoru da mühüm amildir. Moskva Paşinyan iqtidarına ərazilərin qaytarılmasına yaşıl işıq yandırmasına getməz. Bunu edərdisə, Kremlə bağlı Qarabağ klanı vasitəsi ilə edə bilərdi. Demək, yaxın müddətdə gözlənilən nəticə humanitar aksiyaları əhatə edə bilər. Buraya əsirlərin dəyişdirilməsi, xüsusi ilə ölkəmiz üçün həssas olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması, reallaşa bilər. Qeyd edim ki, erməni tərəfi ilk gündən Digəmlə, Şahbazın azad olunmasını qəbul etmirdi. Görünür, Paşinyan əsirlərin azad olunmasına razılaşır. Azərbaycanın əsirlərin dəyişdirilməsi üzrə hamının -hamıya prinsipini irəli sürməsi digər vasitəçi ölkələr tərəfindən dəstəklənirdi. Həmsdərlərin Ermənistana bu prinsiplə razılaşmaq üçün təzyiqlər etməsini istisna etmirəm. Üç həmsədr ölkə real olaraq bu prinsipi Yerevana qəbul etdirdiyi kimi torpaqların azad olunmasını da tələb edə bilər. Amma buna, Rusiya başda olmaqla, imkan verilmir. Rusiya Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşü ərəfəsində əsirlərin dəyişdirilməsi üçün bu aksiyanı həyata keçirməsi, münaqişənin həllində ABŞ-ın təşəbbüsünə imkan verməməkdir”.

Bakı Politoloqlar Klubunun (BPK) sədri, siyasi elmlər namizədi Zaur Məmmədov isə bildirdi ki, erməni nazir Vyana və Moskvada əldə edilmiş razılaşma dedikdə, tərəflər arasında humanitar məsələlərlə bağlı əldə olunmuş nəticələrdən danışır: “Lakin Azərbaycan xarici işlər nazirinin bir müddət əvvəl “Kommersant”a verdiyi açıqlamasında açıq şəkildə bəyan edir ki, Azərbaycan məsələn, humanitar məsələlərdə əsirlərin hamıdan-hamıya prinsipi ilə qaytarılmasına razıdır. Erməni tərəfi isə bu prinsipi hələ ki qəbul etmir. Erməni nazirin bu açıqlamasının əsasında hansı məsələlərin olduğu mənim üçün anlaşılan deyil. Bu, sadəcə bəyanat xatirinə verilən açıqlamadır”.

Politoloq əlavə etdi ki, bu gün Ermənistanın daxilində baş verən hadisələr də onu göstərir ki, Ermənistan münaqişə ilə bağlı rasional mövqedən çıxış etməyə hazır deyil: “Amma onlar başa düşməlidirlər ki, Azərbaycanın Ermənistana verdiyi vaxt limiti artıq başa çatıb”.

Əli