“Ermənistana güzəştli rəftar tətbiq olunmamalıdır” Siyasət

“Ermənistana güzəştli rəftar tətbiq olunmamalıdır”

Elmar Məmmədyarov: "Dağlıq Qarabağda istehsal olunmuş məhsullar Ermənistan tərəfindən saxta etiketlərlə AB bazarlarında satılır"

"Avropa qitəsində sabitlik və əmin-amanlıq daha yaxın əməkdaşlığın əsas ilkin şərtləridir. Azərbaycan Avropa ittifaqı ilə ikitərəfli əməkdaşlığa üstünlük verərək, Şərq Tərəfdaşlığının təsis olunmasından etibarən çoxtərəfli formatda əməkdaşlıq edib. Lakin, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonunu əhatə edən ərazilərinin Ermənistan tərəfindən işğalının davam etdirilməsi Şərq Tərəfdaşlığının yaratdığı çoxtərəfli çərçivəsindən tam olaraq istifadəni qeyri-mümkün edir". Azərbaycan XİN mətbuat xidmətindən verilən məlumata görə, bu barədə Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov iyulun 22-də Brüsseldə keçirilən Avropa Birliyi Şərq Tərəfdaşılığı proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin 5-ci görüşündə çıxışı zamanı bildirib.
Elmar Məmmədyarov qeyd edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə tam nəzarət edərək, mövcud status-kvonun saxlanılmasına və bu ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlərlə məşğul olaraq fait accompli praktikasını tətbiq etməyə səylər göstərir. Onun sözlərinə görə, bu fəaliyyətlərlə bağlı Avropa Birliyinin sanksiya və digər cəza tədbirlərinə gəlincə, Ermənistana güzəştli rəftar tətbiq olunmamalıdır: "Hesab edirik ki, Avropa Birliyi ilə dialoqumuzda ikitərəfli çərçivə prioritet olaraq qalmalıdır. Hər bir Şərq Tərəfdaşı dövlətinin fərqlənməsi, özünəməxsusluğu və inkişaf tempi və islahat gündəliyi olduğuna görə bu yanaşma saxlanılmalıdır".
Nazir onu da qeyd edib ki, Şərq Tərəfdaşları Avropa Birliyi ilə əməkdaşlıq səviyyələrini müəyyən edərkən heç bir təzyiq hiss etməməlidirlər: "Əksinə, özünü fərqləndirmədə stimul əsaslı yanaşma tətbiq olunmalıdır. Qarşılıqlı məsuliyyət fərdi tərəfdaşların ehtiyacları, istəkləri və imkanları arasında daha yaxşı əlaqənin təmin edilməsi üçün hər iki tərəfə imkan verəcək".
Avropa Birliyi-Azərbaycan əlaqələrinin gələcək perspektivlərinə gəldikdə isə Elmar Məmmədyarov Azərbaycanın qarşılıqlı maraqlara və ortaq prioritetlər əsasında hüquqi öhdəlik doğuran strateji xarakterli sənəd üzərində çalışmağa hazır olduğunu qeyd edib.
Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərində Ermənistan tərəfindən istehsal edilmiş məhsullar Ümumdünya Ticarət Təşkilatının (ÜTT) malın mənşəyi haqqında qaydaları və ÜTT razılaşmaları ilə Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri pozularaq, saxta etiketlərlə Avropa Birliyi bazarlarında satılır: "Bu Ermənistanın aşkar şəkildə ÜTT qarşısında olan öhdəliklərini pozduğu anlamına gəlir. Ermənistan ÜTT-ə daxil olarkən təşkilata üzvlükdən doğan şərtlər və öhdəliklərin, eləcə də Ermənistanın ÜTT razılaşmaları və bu razılaşmaların müddəalarından irəli gələn öhdəliklərinin yalnız Ermənistan Respublikasının BMT tərəfindən tanınan ərazilərinə şamil olunduğunu təsdiq edib. Ona görə də Şərq Tərəfdaşlığı regionunda buna bənzər hallarla bağlı yaxın zamanlarda qəbul olunmuş tənzimləyici hüquqi çərçivəni xatırladaraq, Avropadan olan tərəfdaşlarımızı Ermənistan tərəfindən bu kimi mənfur addımların qarşısını almaq məqsədilə bütün lazımi tədbirlərin görülməsinə çağırıram";
Məmmədyarov deyib ki, Cənub Qaz Dəhlizinin açılması üzrə davam edən proses, eləcə də Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi, TANAP və Trans-Adriatik boru kəmərlərinin tikintisi Azərbaycanın Vilnüs bəyannaməsinin məqsədlərinin həyata keçirilməsinə əsas töhfələridir.
Nazirin bildirib ki, Azərbaycan Avropa ittifaqının enerji sahəsində etibarlı tərəfdaşı olduğunu sübuta yetirib: "Ümumi dəyəri 45 milyard avro olan bu layihələr Avropa istehlakçısının ehtiyaclarını qarşılayacaq rəqabətli qiymətlərlə iri həcmli, etibarlı və alternativ qaz həcmini təchiz edərək Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yardım göstərəcək. Bu cəhətdən, yuxarıda qeyd edilən boru kəmərlərinin tikintisi üçün Avropadan tərəfdaşlarımızın artırılmış dəstəyi olduqca böyük əhəmiyyətə malikdir. Azərbaycan eyni zamanda, Xəzər regionu ilə Avropanı birləşdirən potensial qaz nəqli infrastrukturunun yaradılması istiqamətində də səylərini davam etdirməkdədir".
Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə qarşılıqlı maraq doğuran digər sahələrdə də strateji tərəfdaşlığın əhatəsinin genişləndirməkdə maraqlı olduğunu vurğulayıb: "Azərbaycanın Avropa İttifaqının Cənubi Qafqazda ən iri ticarət tərəfdaşı olduğunu nəzərə alaraq, bu sahəyə daha böyük diqqət yetirmək lazımdır. Hazırda Avropa İttifaqına etdiyimiz ixrac məhsulların böyük hissəsi neft və neft məhsullarıdır. Lakin, biz ixrac olunan məhsullarımızın çeşidinin artırılması üçün səylərimizi artırmaqdayıq. Bu qeyri-neft məhsulların Avropa Birliyi bazarlarına çıxarılmasının asanlaşdırılması üçün onların Avropa Birliyinin tələblərinə cavab verən müvafiq standartlara çatdırılması olduqca əhəmiyyətlidir".
Elmar Məmmədyarov bəyan edib ki, Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi Azərbaycanın prioritet fəaliyyətlərindən biri də Avropa Şurasının üç əsas istiqaməti ilə digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi arasında əməkdaşlıq və birgə fəaliyyətin gücləndirilməsidir: "Azərbaycanın sədrliyi bütün AB ölkələrini və Şərq Tərəfdaşlığı dövlətlərini bu əməkdaşlığı gücləndirmək məqsədilə təşkil olunacaq bir sıra tədbirləri fəal şəkildə dəstəkləməyə və konstruktiv formada onlara töhfə verməyə çağırır. Hazırda Avropanın üzləşdiyi təhdidlərin cavablandırılmasına gəlincə, bütün sədrlik müddətində Azərbaycan öz səylərini digər beynəlxalq təsisatlar, xüsusilə Avropa Birliyi ilə əlaqələndirməyə hazırdır".
Nazir qeyd edib ki, 2014-cü ilin mayında Azərbaycanın sədrliyi qəbul etdiyi Vyana nazirlər iclasında Avropa Şurasının üzv dövlətlərinin nazirləri AB ilə əməkdaşlığa dair hesabatı nəzərdən keçirib və bu əməkdaşlığın inkişafına münasibətdə məmnunluqlarını ifadə ediblər: "Sizi əmin etmək istərdim ki, bizim sədrliyimiz dövründə bütün təmas sahələri üzrə əməkdaşlığın inkişafına çalışacaıq".
Elmar Məmmədyarov bu xüsusda 2014-cü ilin noyabrında Bakıda Avropa Şurasının qonşuluq siyasəti üzrə yüksək səviyyəli nazirlər konfransının keçiriləcəyini iclas iştirakçılarının diqqətinə çatdırıb: "İki qitənin kəsişməsində yerləşən dövlət kimi Avropa və Asiya ölkələri ilə möhkəm tarixi əlaqələrə malik olan Azərbaycan daha təhlükəsiz və əmin-aman qonşuluğun təmin edilməsi istiqamətində Avropanın səylərini dəstəkləmək niyyətindədir. Konfrans gücləndirilmiş siyasi dialoq vasitəsilə qonşuluq siyasəti ilə əhatə olunmuş dövlətlərlə uzunmüddətli əlaqələri araşdırmaq üçün faydalı forum rolunu oynayacaq".
XİN rəhbəri qeyd edib ki, Avropa Birliyi-Avropa Şurası əməkdaşlığı çərçivəsində Azərbaycanın sədrliyinin təşkil etmək niyyətində olduğu digər mühüm tədbir Avropa Şurası və Avropa Komissiyasının birgə fəaliyyəti olan Avropa irs günlərinin qeyd olunmasıdır: "Oktyabrın əvvəlində Bakıda keçirilməsi nəzərdə tutulan tədbir İrs gününün məqsədlərinə əlavə təkan verəcək və mədəni irsin qorunmasına olan ehtiyac və onun əhəmiyyəti barəsində məlumatlandırmanı daha da artıracaqdır".
Elmar Məmmədyarov öz çıxışında tərəfdaş dövlətlərin Avropa İttifaqı ilə əməkdaşlığında olan ikitərəfli çərçivə hər bir dövlətin fərdi maraqları əsasında Avropa İttifaqı ilə olan dialoqun inkişafı üçün əvəzsiz imkanlar yaradacağını da vurğulayıb: "Şərq Tərəfdaşlığının yaratdığı imkanlarından istifadə edən Azərbaycan, ölkəmizin inkişaf gündəliyi və prioritetləri əsasında Avropa Birliyi ilə əməkdaşlığı uğurlu şəkildə davam etdirməkdədir.
Nazir qeyd edib ki, Azərbaycan Vilnüs Sammiti Bəyannaməsinin həyata keçirilməsinə fəal dəstək göstərən ölkə olaraq, Avropa İttifaqının qabaqcıl təcrübələri və standartlarının ölkədə tətbiq edilməsi istiqamətində ciddi səylər göstərib: "Biz vətəndaşlarımızın təhlükəsiz mühitdə səmərəli idarə olunan mobilliyinin Şərq Tərəfdaşlığının önəmli elementlərindən biri olduğunu qəbul edərək, Yerdəyişmə üzrə tərəfdaşlığı, Viza rejiminin sadələşdirilməsi və Readmissiya Sazişinə imza atdıq. Qarşıdakı aylarda qüvvəyə minəcək son iki saziş vətəndaşlarımız arasında ticarət və mədəni əlaqələrin yaxşılaşmasına kömək göstərəcək və eyni zamanda miqrasiya məsələlərinin səmərəli şəkildə həllinə şərait yaradacaq".
Elmar Məmmədyarov Avropa Komissiyasının prezidenti Xose Manuel Barrossonun iyunda Azərbaycana etdiyi səfəri zamanı imzalanmış Azərbaycanın Avropa İttifaqı proqramlarında iştirakı barədə olan Protokolun avro-inteqrasiya prosesində daha bir önəmli hadisə olduğunu qeyd edib: "Bu çərçivə sənədi Azərbaycanın təsisatları və vətəndaşlarının Avropa İttifaqının təhsil, araşdırma, mədəniyyət, incəsənət, elm və bir sıra digər sahələri əhatə edən proqramlarında iştirakına şərait yaradacaq. Gələcəkdə də, Azərbaycanın təsisatları və Avropa Birliyinin müvafiq agentlikləri arasında imkanların artırılması və əsas sahələrdə ekspertlərin mübadiləsi üzrə əməkdaşlığın yaxşılaşacağına inanırıq".