Hüzura keşik çəkənlər Siyasət

Hüzura keşik çəkənlər

Avtomobilimi arxaya verib geriyə dönmək istəyirdim ki, pəncərənin bir neçə santimetirlik açıq hissəsindən gur, amiranə və həyəcanlı səs içəri doldu: “Neyləyirsiniz? Ehtiyatlı olun. Özgənin əmlakına nə üçün ziyan vurursunuz?”
Ani olaraq ağlımdan saysız-hesabsız suallar keçdi:
- Görəsən nə etmişəm? Kiminsə avtomobilini əzdim? Əgər arxadakı avtomobilə toxunsaydım bunu hiss edərdim, səs eşidərdim. Bəlkə avtomobilimdəki parklanma radarı sıradan çıxıb? Bəlkə həqiqətən də arxadakı avtomobilə toxunmuşam?
Əyləci basıb avtomobilimi gözləmə rejiminə keçirdim. Maşından endim və arxadakı avtomobilə toxunub-toxunmadığımı müəyyən etməzdən öncə pəncərədən içəri sıçrayan səsin sahibini axtarmaq qərarına gəldim.
Amma səs yenə də sahibindən öncə irəli sıçradı:
- Elçin müəllim, sizsiniz? Bağışlayın, elə bildim fikirlisiniz və arxadakı avtomobili görmürsünüz.
Bir az öncə arxadakı avtomobili görməsəm də, həyacanlı səsin sahibini nəhayət ki, gördüm. Qonşuluqda yaşayan polis zabiti imiş...
“Haqlısınız, fikirli idim”, - dedim - “amma avtomobilimdə parklanma radarı var və yəqin ki, xəbərdarlıq edəcəkdi. Siz cihazdan daha tez reaksiya verdiniz. Təşəkkür edirəm”.
...Adam öz evində, həyətindədi, amma yenə də iş başında olduğunu düşünür. Polis mündirindən çıxsa da, mündirin, daşıdığı vəzifənin məsuliyyətini içindən çıxara bilmir.
Polislər də biz jurnalistlər kimidi...
Nə konkret iş saatımız var, nə də istirahətimiz. Gecəmiz, gündüzümüz də bəlli deyil. Bir-birimizdən hər kəsdən çox gileylənsək də, bir-birimizə bütün peşə sahiblərindən daha çox bənzəyirik.
...Polis qonşumla vidalaşıb həyətdən yola çıxıram. Səhərin alatoranlığında Çevik Polis Alayına məxsus avtomobil şütüyərək önümdən keçir. Yolda bizdən başqa kimsə yoxdur. Gecə fanarları hələ öz yerini gün işığına verməyib və şəhər hələ gecənin ağır yuxusundan ayılmayıb. Amma biz artıq iş başındayıq.
“Azneft” dairəsində də yalnız Dövlət Yol Polisinə məxsus avtomobillər gözə dəyir.
...Doğrusu, Bakını nədənsə yalnız gecə saat 4-dən sonra və bir də səhərin alatoranlığında sevə bilirəm. Şəhər su kimi axardan dayanır elə bil, boz-bulanıq çöküntüləri aşağı enir, əvəzində gün boyu səs-küyün və küləyin divan tutduğu binaların üzərinə rahatlıq və səssizlik çökür. Bu rahatlıq və səssizlik əslində vaxtla, zaman dəyişimi, gecə, ya da gündüzlə bağlı deyil. Bu, hüzurun, rahatlığın və səssizliyin keşiyini çəkənlərin yuxusuz gecələrinin yaratdığı mənzərədir...
...Və mən də bu mənzərinin içərisindən sükutla şütüyərək xatirələrimi varaqlayıram:
1989-cu il dekabrın 4-dən 5-nə keçən gecə. O vaxt “proletariatın dahi rəhbəri”nin adını daşıyan “Azadlıq” meydanı əli dəyənəkli, qalxanlı əsgərlər, ətrafa səslə işığın qarşığından ibarət qorxu və həyacan püskürən zirehli nəqliyyat vasitələri ilə üzük qaşı kimi əhatəyə alınmışdı. “Təmizləyin” əmri verilmişdi artıq. Sona qədər dirəniş göstərən 300-500 nəfərin üzərinə Sovet rejiminin dişinə qədər silahlanmış və say etibarı ilə meydanda olan mülki vətəndaşları iki dəfə üstələyən xüsusi təyinatlıları yürüyürdü. Dörd bir yandan bizi Leninin ayaqıarı altındakı kürsünün divarına tərəf sıxışdırırdılar. Ayaqlarım yerə toxunmurdu... Toxunanda da yumşaq insan bədəninin üzərindən adladığımı hiss edirdim. Ah-nalə, inilti səsi, vahiməli hayqırtılar həyacan siqnalının səsini belə batırırdı. Çıxış üçün üzü “Abşeron” otelinə doğru dar bir dəhliz saxlamışdılar. Orada bizi silahlı Sovet xüsusi təyinatlıları, silahsız Azərbaycan milisi, həbs edilənləri daşıyacaq avtobuslar və təcili yardım maşınları gözləyirdi. Ayaqlar altında qalmış, üz-gözü qana bulaşmış gənc bir qızı qollarıma alıb təcili yardım maşınına doğru aparırdım. Dəhlizin sonunda tərksilah edilmiş Azərbaycan milisi məni var gücü ilə Təcili Yardım maşınının içərisinə itələdi... Həbs olunmaqdan belə qurtuldum... Həmin milis (polis) zabitinin kimliyini bu gün də bilmirəm. Amma üzünün həyacan, çərasizlik və utanc qarışıq cizgiləri hələ də gözlərimin önündədi... Sovet milisinin mündiri onu illərdir ki, daşıyan azərbaycanlının milli kimliyini özünə tabe etdirə bilməmişdi...
...Daha sonra mən bu milli kimliyin, vətən, xalq və dövlət sevgisinin ən ktitik və ekstrimal vəziyyətlərdə özünü necə büruzə verdiyinin dəfələrlə şahidi oldum.
Onlardan birini xatırladım:
Ötən il Mingəçevir Su Elektrik Stansiyasında baş verən qəza yəqin ki, hələ uzun illər yaddaşlardan silinməyəcək. O müdhiş gündə redaksiyamızın qarşısında su növbəsinə dayanan insanlara təsadüfən bu ərazidən keçən polis əməkdaşının necə məyus-məyus baxdığını gördüm, diqqət kəsildim. Əvvəllər heç yerdə qarşılaşmadığım o sıravi polis əməkdaşının dövlətinə, Vətəninə və onun insanlarına olan sevgisi üzünün cizgilərinə hopmuşdu... Sevgiqarışıq bir utancaqlıq süzülürdü baxışlarından. Utanırdı, həm də öz yerinə yox, işığı qoruya bilməyən fərasətsiz məmurun yerinə...
Sözügedən qəza zamanı polis əməkdaşlarının öz həyatlarını təhlükəyə ataraq metro stansiyalarında köməksiz vəziyyətdə qalan həmvətənlərinə necə yardım göstərdiklərini də, ümid edirəm vicdanı olan bir kimsə unutmayıb.
Biz jurnalistlər Binəqədi rayonundakı yaşayış binasında, “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın zamanı və bu kimi yaxın və uzaq keçmişdə baş verən hadisələrdə Azərbaycan polisinin necə böyük fədakarlıq göstərdiyinin şahidi olmuşuq və bütün bunlar gözümüzün önündə baş verib.
Mən Nardaranda, Gəncədə Azərbaycanın dünyəvi, demokratik dövlət quruluşunu qoruyan polislərimizə atılan güllələrin, qumbara qəlpələrinin, ürəklərinə sancılan xəncərlərin ağrısını öz bədənimdə, ürəyimdə hiss edirəm. Axı onlar da bizim kimi yaşamaq, övladlarının xoş günlərinə şahidlik etmək, xoşbəxt olmaq istəyirdilər... Amma həyatlarını bizim xoşbəxtliyimiz üçün qurban verməyi, canlarını Vətən, Xalq və Dövlət yolunda fəda etməyi üstün tutdular. Bir an belə tərəddüd etmədən bizi feodal dövrünün qaranlıqlarına doğru sürükləmək istəyən Vətən xainlərinin, cəhalətin, xurafatın üzərinə yürüdülər.
Azərbaycan polisinin fədakarlıq və qəhrəmanlıq səlnamələrinin cüzi bir hissəsini təşkil edən bu faktları əbəs yerə xatırlatmadım, təbii ki... Məqsədim var! Çünki bəzən həmkarlarımın arasında da polisə münasibətdə amansız, faktlara deyil, şayiələrə, sifarişli, qərəzli və qondarma ittihamlara söykənən yanaşmaların şahidi oluram. Polisə qəribə bir yanaşma var belələrində... Sanki polis əməkdaşları hansısa başqa bir planetdən gəliblər, onların da hamı kimi ailələri, doğmaları, yaxınları, hissləri, arzuları, xəyalları yoxdur... Bu qədər qərəz olmaz! Bu ifratçılığın ən son həddidir.
“Uzaqdan baxana döyüş asan gəlir”, deyib atalar. Maraqlıdır, görəsən hətta öz uğursuzluqlarına görə də polisi ittiham edən adamlar nə zamansa düşünüblər ki, onların öz fikirlərini bu qədər sərbəst şəkildə ifadə etmələri, rahat və təhlükəsiz yaşamaları üçün nə qədər böyük və gərgin əmək sərf olunur. Biz yalnız nəticəni görürük... Şübhəsiz ki, bu nəticənin təməlində Azərbaycan Prezidentinin siyasəti dayanır. Amma bu siyasəti böyük fədakarlıqla həyata keçirənləri, olduqca mürəkkəb və ziddiyyətli bir coğrafi məkanda yerləşən ölkəmizdə təhlükəsizliyimizi təmin edənləri də unutmaq lazım deyil.
Dövlət həyatının bütün sahələrində problemlər var və olacaq da. Bundan qaçmaq mümkün deyil. Çatışmazlıqları aşkara çıxaranda da faktlara söykənmək, Azərbaycan polisinin yox, problemin üzərinə getmək, bununla yanaşı polisin hansı missiyanı həyata keçirdiyini də unutmamaq və ətrafda cərəyan edən hadisələrə ilk növbədə vətəndaş mövqeyindən, ictimai maraqlar müstəvisindən yanaşmaq lazımdır.
Təsəvvür edin, cəmi bir neçə saat polis öz vəzifəsini icra etməsə nələr baş verə bilər... Təsəvvür etmək belə istəmirəm. Çünki bu bir neçə saatın hər dəqiqəsində nə qədər böyük cinayətlər törədilə biləcəyini, bu dəqiqələrin hər saniyəsinin qan qoxuyacağını yaxşı başa düşürəm...
Bu gün ölkə həyatının bütün sahələrində olduğu kimi daxili işlər orqanlarında da ciddi, dərinləşdirilmiş islahatlar aparılır. Azərbaycan polisi yeni bir mərhələyə qədəm qoyur. İllərin qazandırdığı böyük təcrübə və yeni enerji ilə!
Azərbaycan polisinin vəzifəsi bizim təhlükəsizliyimizi, ölkəmizdəki sabitliyi qorumaq olduğu kimi, bizim də borcumuz bu prosesə dəstək vermək, Azərbaycan polisinin şərəfli adının üzərinə kölgə salmamaqdır. Çünki polisin nüfuzunun zədələndiyi yerdə yaranan boşluqları qatillər, oğrular, terrorçular, həyatımıza, əmlakımıza, dövlətimizin təhlükəsizliyinə qənim kəsilənlər tutur. Bunu unutmayaq!

Elçin Mirzəbəyli