“Məhkəmə inqilabı”nı necə həyata keçirməli? Siyasət

“Məhkəmə inqilabı”nı necə həyata keçirməli?

Bir gerçəyi nəzərə almaq lazımdır ki, andlılar məhkəməsi olan ölkələrdə ədalət mühakiməsi daha yüksək olur

Cavanşir Həsənli


Əvvəli ötən sayımızda

Andlılar məhkəməsinin əsas mahiyyəti həm də ondadır ki, ittihamın əsaslılığı sadə məntiq, normal düşüncə prizmasından qiymətləndirilir və bu səbəbdən də andlı iclasçıların hansısa xüsusi hüquqi biliklərə malik olması tələb olunmur. Burada işə yanaşmanın əsas mahiyyəti sezilir: əgər ittiham tərəfi məhkəməyə o dərəcədə inandırıcı və əsaslı dəlillər təqdim edib ki, hətta adi insan belə onları kafi hesab edir, deməli, onda ittiham bütövlükdə əsaslıdır. Başqa sözlə, andlı iclasçılar "fakt məsələsi"ni həll edirlər. Sonra, andlı iclasçıların qərarı əsasında (buna "verdikt" deyilir), hakim "hüquqi məsələ"ni həll edir, yəni təqsirləndirilən şəxsin təqsirlilik dərəcəsini müəyyən edir, cəza təyin edir.
Hakimlərlə birgə andlı iclasçılar işin tədqiqində iştirak edirlər, sübutları tədqiq edirlər, şahidlərin, təqsirləndirilən şəxsin ifadələrini dinləyirlər, ekspertizanın nəticələri ilə tanış olurlar və s. Sübutların qiymətləndirilməsi və şəxsin təqsirli olub-olmaması məsələsi andlı iclasçıların müstəsna səlahiyyətlərinə aiddir. Andlı iclasçılar verdik çıxararkən, müzakirəni hakimlərdən ayrı keçirirlər ki, bu onların fəaliyyətinin ana xəttidir. Hakim heç bir halda qərar qəbuletmə prosesinə müdaxilə etməməlidir və edə bilməz.
Andlı iclasçılar bütün proses boyu cəmiyyətlə və KİV-lə ünsiyyətdən təcrid olunurlar, kənarda heç bir məlumat toplaya bilməzlər. Qərar qəbul etmə zamanı isə telefon zənglərinə belə cavab verməməlidirlər. Qərar həmişə bağlı qapı arxasında qəbul edilir. Andlı iclasçıların bu qərara necə gəlmələri də bir sirr olaraq qalır. Proses qurtardıqdan sonra da andlı iclasçıların jurnalistlərlə bu iş barədə ünsiyyətinə yol verilmir, bir sıra ölkələrdə isə bu hətta cinayət sayılır.
Onu qəbul etmək lazımdır ki, andlı iclasçılar məhkəməsinin vətəndaşların qanun qarşısında bərabərliyinin müəyyən dərəcədə təminatı, hüquq və azadlıqların məhkəmə müdafiəsinin həyata keçirilməsi məsələlələrində böyük rolu olub, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasına yardım edib, məhkəmə sisteminin demokratikləşməsinə və humanizmə xidmət edib. O ölkələrdə ki, andlılar məhkəməsi fəaliyyətdədir, həmin ölkələrdə məhkəmələrin müstəqilliyi və obyektivliyi daha çox təmin olunur.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası mütəmadi olaraq Andlılar Məhkəməsi institunun tətbiqi ilə bağlı məsələni gündəmdə saxlayıb. Partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyev ötən ilin mayında Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK), ABŞ-ın Azərbaycandakı səfirliyi və Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) Andlılar Məhkəməsi mövzusunda təşkil etdiyi dəyirmi masada çıxışında da bildirmişdi ki, bu məhkəmə sistemin Azərbaycanda tətbiq perspektivləri istiqamətində müzakirələr keçirilməlidir. BAXCP-nin mövqeyinə görə, Andlılar Məhkəməsinin üstün və zəif cəhətləri mövcud olsa da, üstünlüklər mənfi cəhətləri kölgədə qoyur. Mənfi cəhət kimi psixoloji cəhətdən andlılar hazır olmadığı üçün ictimai təsirə məruz qala bilərlər.
Amma müsbət cəhət olaraq Andlılar Məhkəməsi aşağıdakı xüsusiyətlərə malikdir:
- İctimai rəyə qulaq asır;
- Özbaşınalığa son qoyur;
- Andlı iclasçılar hər bir işə dar hüquqi çərçivədən çox, daha geniş kontekstdə baxa bilirlər, yəni sırf hüquqi çərçivədə baxmırlar;
- Kollegiallıq və müstəqillik mövcuddur. Ona görə də çəkişmə prosesi daha real keçirilir.
Bu mövzuda mentalitet məsələsinin önə çəkilməsi heç cür qəbul edə bilməz. Bütövlükdə andlılar məhkəməsi ictimaiyyətin məhkəməyə inamını artırır.
Azərbaycan Respublikasının Prezidentinin 10 iyun 1997-ci il tarixdə təsdiq etdiyi "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununun XXI fəsli məhz Andlı iclasçılar haqqındadır.
Qanunun 115-ci maddəsi andlı iclasçılara aid tələbləri nəzərdə tutur. Burada qeyd olunur ki, andlı iclasçılar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada məhkəmələrdə işlərə baxılmasına cəlb olunan və andlı iclasçıların siyahısına daxil edilən Azərbaycan Respublikası vətəndaşlarıdır. Andlı iclasçıların siyahılarına aşağıdakı şəxslər daxil edilmirlər:
- seçki hüququna malik olmayanlar;
- andlı iclasçıların siyahıları tərtib edilənədək 25 yaşına çatmayanlar;
- ikili vətəndaşlığı olanlar;
- digər dövlətlər qarşısında öhdəliyi olanlar;
- əvvəllər məhkum olunmuşlar və ya cinayət törətməkdə şübhə və ittiham edilənlər;
- fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilənlər.
İrqindən, milliyyətindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq vətəndaşların andlı iclasların siyahılarına daxil edilməsinə məhdudiyyət qoyulmasına yol verilmir.
Məhkəmə icraatının aparıldığı dili bilməyənlər, lal, kar, kor əlillər, fiziki, psixi qüsurları tibbi sənədlərlə təsdiq edilən və buna görə də andlı iclasçı vəzifələrini yerinə yetirmək imkanından məhrum olanlar, 70 yaşına çatanlar, qanunvericilik və icra hakimiyyəti orqanlarının rəhbərləri, onların müavinləri, hakimlər, prokurorlar, daxili işlər, sərhəd xidməti və milli təhlükəsizlik orqanlarının rəhbər və əməliyyat işçiləri, müstəntiqlər, vəkillər, notariuslar, hərbi qulluqçular, din xadimləri andlı iclasçıların siyahılarından çıxarılır.
Andlı iclasçılara qanunsuz təsir göstərilməsi, onların qərəzli fikirdə olması, işin hallarını prosessual qanunvericiliyində nəzərdə tutulmayan mənbələrdən bilmələri, eləcə də digər səbəbdən onların obyektivliyinə əsaslı şübhə yarandıqda onlar vəzifələrinin icrasından azad edilirlər.
Bəs andlı iclasçıların siyahısı necə tərtib olunur. Qanunda göstərilir ki, müvafiq icra hakimiyyəti orqanının rəhbərliyi hər iki il yarımdan bir həmin rayonda (şəhərdə) fəaliyyət göstərən andlılar məhkəməsinin fəaliyyətinin təmin edilməsi üçün həmin ərazidə yaşayan vətəndaşlardan ibarət ümumi və ehtiyatda olan andlı iclasçıların siyahısını tərtib edir.
Andlı iclasçıların ehtiyat siyahısına daxil olan vətəndaşların sayı andlı iclasçıların ümumi siyahısına daxil edilmiş bütün şəxslərin dörddə birindən çox olmamalıdır.
Andlı iclasçıların zəruri sayı müvafiq məhkəmə sədrləri tərəfindən müəyyən edilir və bu barədə müvafiq icra hakimiyyətinə təqdimat verilir.
Andlı iclasçıların ümumi siyahısının tərtib edilməsi barədə müvafiq icra hakimiyyəti orqanı əhaliyyə məlumat verir, bir ay müddətində vətəndaşları siyahılarla tanış edir və daxil olan ərizələrə baxır.
Müvafiq icra hakimiyyəti orqanı andlı iclasçıların ümumi siyahısı ilə bir vaxtda onların ehtiyat siyahısını də tərtib edir və həmin siyahıya məhkəmənin yerləşdiyi rayonun (şəhərin) mərkəzində yaşayan vətəndaşları daxil edir.
Əhalini məlumatlandırmaq üçün andlı iclasçıların ümumi və ehtiyat siyahıları mətbuatda dərc edilir.
Dövlət orqanları, müəssisə, idarə və təşkilatlar, vətəndaşlar hər hansı şəxsin siyahıya qanunsuz salınması və ya salınmaması, yaxud onların siyahıdan çıxarılması və siyahıdakı digər səhvlər barədə müvafiq icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət edə bilərlər.
Müvafiq icra hakimiyyəti orqanı andlı iclasçıların siyahılarını mütəmadi yoxlamağa və zərurət olduqda onları dəyişməli, andlı iclasçı olmaq hüququnu itirmiş şəxsləri siyahıdan çıxarıb, əlavə seçilmiş şəxsləri siyahıya daxil etməlidir.
Qanunda andlı iclasçıların vəzifələrinin icrasına çağırılması qaydası və müddəti də göstərilir. Belə ki, işlərə baxılması üçün zəruri olan sayda andlı iclasçıların çağırılmasını işə baxan məhkəmə sədrinin sərəncamı ilə məhkəmə aparatı həyata keçirir. Andlı iclasçılar məhkəmədə öz vəzifələrinin icrasına ildə bir dəfə on beş gün müddətinə çağırılırlar. Başlanmış işlərə baxılması ilə əlaqədar bu müddət işə baxılıb qurtaranadək uzadılır.
Qanunvericilik qaydasında andlı iclasçıların məhkəmədə vəzifələrini icra etdikləri müddətdə iş yeri, orta əmək haqqı və digər ödənişləri saxlanılır. Sahibkarlıq, kommersiya və digər müəssisələrdə işləyən andlı iclasçıların əmək haqqı da qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.
Andlı iclasçıların məhkəmədə öz vəzifələrini icra etdikləri müddətdə işlədikləri müəssisə, idarə və təşkilat müdiriyyətinin təşəbbüsü ilə işdən çıxarılmasına yol verilmir. Onların müstəqilliyi məhkəmə hakimiyyətinin müstəqil fəaliyyət göstərməsi və ədalət mühakiməsinin qanunda nəzərdə tutulmuş qaydada həyata keçirilməsi, məhkəmədə işlərə baxılarkən öz vəzifələrini sərbəst icra etməsi, məhkəmə icraatına hər hansı şəxs tərəfindən məhdudiyyət qoyulmasının və müdaxilə edilməsinin yolverilməzliyi və andlı iclasçıların toxunulmazlığı ilə təmin edilir.
Andlılar məhkəməsində vəzifələrini icra edən andlı iclasçılar tərəfindən müraciət olduqda onların şəxsi təhlükəsizliyi, əmlakının mühafizəsi təmin edilir. Qanunla vəzifəli şəxslər və vətəndaşlar andlı iclasçıların vəzifələrinin icrasına mane olduqda məsuliyyət daşıyırlar.
"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd olunur ki, andlı iclasçılara dair müddəalar məhkəmə-hüquq islahatları başa çatdıqdan və müvafiq Qanun qəbul edildikdən sonra qüvvəyə minir.
Amma məhkəmə-hüquq islahatları başa çatması kimi dəqiq olmayan bir tarix hələ ki, göstərilməyib. Ümid edək ki, məhkəmə sistemində inqilabi mərhələ kimi dəyərləndirilən indiki dövrdə bu məsələ öz həllini tapacaq.