Cəbhə xəttində baş verənlərə beynəlxalq ictimaiyyətin reaksiyası Siyasət

Cəbhə xəttində baş verənlərə beynəlxalq ictimaiyyətin reaksiyası

NATO nümayəndəsi: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik"

BMT baş katibi: "Bütün tərəfləri atəşkəs barədə sazişə hörmətlə yanaşmağa çağırırıq"

Ermənistan hərbi birləşmələrinin təmas xəttində hər iki tərəfdən çoxsaylı itkilərə gətirib çıxaran son təxribatları və ikinci Qarabağ müharibəsinin başlanması ehtimalı beynəlxalq ictiaiyyətin diqqətini regiona istiqamətləndirib.
Artıq bir çox beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər regionda vəziyyətin kritik həddə gərginləşməsindən narahatlıq ifadə edən bəyanatlar yayıblar.
NATO da son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahatlığını bəyanlayıb. Şimali Atlantika Alyansının Cənubi Qafqazda əlaqələndirici nümayəndəsi Uilyam Lahue jurnalistlərə açıqlamasında deyib ki, NATO son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlikdən narahatdır. Onun sözlərinə görə, NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləməkdə davam edəcək.
U.Lahue qeyd edib ki, NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır.
Onun sözlərinə görə, münaqişədə gərginliyin yaranması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün regionun sabitliyi üçün təhdiddir və hər iki tərəf bu gərginliyi aradan qaldırmaq üçün tədbirlər görməlidir.
HATO nümayəndəsi deyib ki, Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov avqustun 7-8 də Brüsselə NATO-nun mənzil qərargahına səfər edəcək və tərəflər arasında yenilənmiş sənədin detalları müzakirə ediləcək.
BMT baş katibi Ermənistan və Azərbaycanı atəşkəsə riayət etməyə çağırıb. Təşkilatın rəsmi nümayəndəsinin yaydığı bəyanatda bildirilir: "Pan Qi Mun bütün tərəfləri atəşkəs barədə sazişə hörmətlə yanaşmağa, zorakılıqdan çəkinməyə və gərginliyin dərhal aradan qaldırmağa, həmçinin, münaqişənin qısa zamanda və sülh yolu ilə həllinə nail olmaq üçün dialoqu davam etdirməyə çağırıb".
Baş katib ATƏT-in Minsk Qrupunun səylərini tam dəstəklədiyini, münaqişə bölgəsində son günlər gərginliyin artması ilə əlaqədar narahatlığı bölüşdüyünü ifadə edib.
ABŞ Dövlət Departamenti də Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində xeyli sayda insan itkisinə yol açan silahlı toqquşmalarla bağlı dərin narahatlığını ifadə edib. Dövlət Departamentinin nümayəndəsi Cen Psaki brifinqdə bildirib: "Biz həlak olanların ailələrinə başsağlığı verir və tərəfləri gərginliyin azaldılması üzrə dərhal tədbirlər görməyə və atəşkəs sazişinə hörmət etməyə çağırırıq. Bu münaqişənin hərbi yolla həlli ola bilməz".
Psakinin sözlərinə görə, qisas və zorakılığın davamı yalnız sülh nizamlanması imkanının çətinləşdirə bilər. O bildirib ki, Minsk qrupunun həmsədri kimi ABŞ əvvəlki kimi tərəflərə münaqişənin nizamlanmasında kömək etməyə hazırdır: "Biz ənənəvi olaraq bu məsələlər üzrə dialoqun davam etdirilməsi üçün tərəflərin görüşlərini dəstəkləməyə hazırıq".
İsveç xarici işlər naziri Karl Bild də baş vermiş gərginliklə bağlı öz narahatlığını ifadə edib. Bild tərəfləri danışıqlar masası arxasına çağırıb. Bild rəsmi twitter hesabından məlumat yayaraq bildirib ki, regionda insan tələfatları artmağa davam etsə, Qafqazda vəziyyət daha da gərginləşə bilər və nəzarətdən çıxar.
Böyük Britaniya də XİN bu günlərdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verənlərdən narahatlığını ifadə edib. Bəyanatda bildirilir ki, Böyük Britaniya Ermənistan və Azərbaycanı gərginliyin azaldılması üçün dərhal tədbirlər görməyə və 1994-cü ildən qüvvəyə minən atəşkəs haqqında sazişə hörmət etməyə çağırır.
Bəyanatda deyilir: "Biz hər iki tərəfdən adamların ölməsi faktlarından dərin kədərləndik. Biz tərəfləri ATƏT-in Minsk qrupu ilə sülh sazişinin hazırlanması üzrə işləməyə çağırırıq".
Fransa Xarici İşlər Nazirliyinin bəyanatında da Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll edilə biləcəyi vurğulanır. Fransa tərəfləri atəşkəs rejiminə riayət etməyə və gərginliyin azaldılması və yeni insidentlərin qarşısını almaq üçün dərhal tədbirlər görməyə çağırır.