
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən etdiyi müraciət Azərbaycanın son altı ildə keçdiyi yolun hərbi, siyasi və mənəvi nəticələrini ümumiləşdirən mesaj kimi diqqət çəkir. Dövlət başçısının çıxışını şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etməsi təsadüfi məkan seçimi deyil. Bu, 2020-ci ildə döyüş meydanında başlanan prosesin 2023-cü ildə dövlət suverenliyinin tam bərpası ilə tamamlanmasının rəmzi ifadəsidir.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin (BMTMM) şöbə müdiri Mətin Məmmədli APA-ya açıqlamasında bildirib ki, 2020-ci ilin Qələbəsi yalnız hərbi əməliyyatların uğurlu nəticəsi deyil, Azərbaycanın siyasi, ideoloji və geostrateji baxımdan yeni mərhələyə keçididir.

Ekspertin fikrincə, bu hadisənin mahiyyəti ərazi nəzarətinin bərpası ilə məhdudlaşmır, regional münasibətlər sistemində ölkənin mövqeyinin dəyişməsi və milli özünüdərkin güclənməsi də həmin tarixi nəticənin tərkib hissəsidir: “Bu Qələbə bir tərəfdən uzun illər davam etmiş ərazi münaqişəsinin hərbi-siyasi həllinə yol açmış, digər tərəfdən Azərbaycanın regional münasibətlər sistemində mövqeyini dəyişdirmiş, dövlətin suverenlik imkanlarını genişləndirmiş və milli özünüdərk prosesinə yeni məzmun qazandırmışdır. Məsələyə tarixi ardıcıllıq və siyasi səbəb-nəticə əlaqələri müstəvisindən yanaşdıqda aydın olur ki, 44 günlük Vətən müharibəsi qəfil meydana çıxmış hadisə deyil, uzunmüddətli dövlət quruculuğu, iqtisadi potensialın gücləndirilməsi, diplomatik fəaliyyət, hərbi modernləşmə və milli iradənin səfərbər edilməsi proseslərinin nəticəsi idi”.
Prezident Xankəndidən səsləndirdiyi müraciətdə vaxtilə dediyi “Qarabağ Azərbaycandır və nida” bəyanatına qayıdaraq vurğulayıb:
“O vaxt Ermənistan rəhbərliyinin yersiz açıqlamalarına biz də açıqlamalar vermişdik. Mən bildirmişdim ki, “Qarabağ Azərbaycandır və nida”. O nida işarəsini biz 2023-cü il sentyabrın 20-də bax, burada - Xankəndidə qoyduq. Birgünlük antiterror əməliyyatı Ermənistanın işğalçı ordusunun 15 minlik işğalçı korpusunu tamamilə iflic vəziyyətə salmışdır, çox dəqiq və peşəkarcasına aparılmış hərbi əməliyyat nəticəsində Ermənistan məcburən ikinci dəfə təslim olmuşdur”.
Beləliklə, bir vaxtlar siyasi mövqe olaraq səslənən fikir 2023-cü ilin antiterror əməliyyatı ilə faktiki dövlət idarəçiliyində təsdiqini tapıb.
Xankəndidəki keçmiş icra hakimiyyəti binasının Zəfər Muzeyinə çevrilməsi də eyni məntiqi davam etdirir. Prezident həmin binanın vaxtilə separatçıların fəaliyyət göstərdiyi məkan olduğunu xatırladaraq deyib: “Artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır. Onun məkanı keçmiş icra hakimiyyətinin binasıdır, hansı ki, vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək”.
Dövlət başçısı keçmiş separatçı rəhbərlərin Bakıda cəzalarını aldıqlarını da bildirib. Belə bir binanın muzeyə çevrilməsi işğal dövrünün simvollarının yeni tarixi yaddaş məkanına çevrilməsi anlamına gəlir.
Zəfər tağına aparan pillələrin hər birində müharibənin bir gününün həkk olunması isə tarixi yaddaşın başqa bir ifadəsidir.
Prezidentin “Bu Zəfər tağına gedən pilləkənin hər pilləsində Vətən müharibəsinin hər bir günü həkk olunub. Bu pilləkənlə qalxan hər bir insan haqlı olaraq qürur hissi keçirir, 44 günlük şanlı yürüşümüzün tarixini bir daha yaşayır. Bütün bu məsələlər təbiidir. Amma onu da bildirməliyəm ki, bu pilləkəndə, eyni zamanda, şəhidlərimizin qanı da həkk olunub” sözləri Qələbənin həm də böyük insan fədakarlığı hesabına əldə olunduğunu xatırladır.
44 günlük müharibə: hərbi üstünlüyün siyasi nəticəyə çevrilməsi

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin 44 günü Azərbaycanın müasir tarixində dönüş nöqtəsinə çevrildi. Prezidentin sözlərinə görə, 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyini həll etdi.
“Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində qəhrəmanlıq, rəşadət, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Düşmənin beli döyüş meydanında qırıldı. 44 günlük Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında düşməndən azad edildi. O yaşayış məntəqələrində Azərbaycan Bayrağı qaldırıldı və bunun nəticəsində noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, o vaxt döyüş meydanında hələ azad olunmamış ərazilər də Azərbaycana qaytarıldı, bir güllə atılmadan, bir şəhid vermədən”, – deyə Prezident bildirib.
Bunun ardınca Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz qaytarılması hərbi üstünlüyün diplomatik nəticəyə çevrilməsini göstərdi.
Mətin Məmmədli həmin məqamı belə xarakterizə edib: “Bu müharibənin strateji nəticəsi ondan ibarət oldu ki, Azərbaycan hərbi uğuru siyasi nəticəyə çevirməyi bacardı. Müharibələr tarixində bütün döyüş qələbələri mütləq siyasi uğurla nəticələnmir. Hərbi üstünlüyün davamlı nəticə verməsi üçün düzgün diplomatik qərarların qəbul edilməsi, əldə olunan mövqelərin qorunması və postmüharibə mərhələsinin idarə olunması tələb olunur”.
Ekspertin qənaətincə, Şuşanın mürəkkəb dağlıq relyef şəraitində azad edilməsi həm hərbi hazırlığın, həm də şəxsi heyətin yüksək mənəvi-psixoloji dözümlülüyünün göstəricisi idi.
“Şuşanın strateji əhəmiyyəti onun coğrafi mövqeyi ilə yanaşı, siyasi və mənəvi mahiyyəti ilə də bağlı idi. Şəhərin mürəkkəb dağlıq relyef şəraitində azad edilməsi Azərbaycan Ordusunun hərbi hazırlığını və xüsusi əməliyyat imkanlarını nümayiş etdirdi. Şuşanın azad olunması nəticəsində Ermənistan qüvvələrinin mövqeləri strateji baxımdan ciddi şəkildə zəiflədi, müharibənin davam etdirilməsinin hərbi və siyasi xərcləri Ermənistan rəhbərliyi üçün artdı”, – Mətin Məmmədli bildirib.
Prezident isə Azərbaycan Ordusunda bir nəfərin belə fərarilik etmədiyini, Ermənistan rəhbərliyinin öz ordusunda 12 minə yaxın fərarinin olduğunu etiraf etdiyini vurğulayıb. Bu müqayisə çıxışın hərbi hazırlıqla yanaşı, döyüş ruhu və motivasiya ilə bağlı mühüm xəttini təşkil edir.
Qələbəni hazırlayan dövlət strategiyası və suverenliyin tamamlanması

Ekspertin təhlilində Qələbənin əsasları 44 günlük dövrdən daha əvvəlki mərhələyə gedib çıxır. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildən həyata keçirdiyi dövlətçilik siyasəti siyasi sabitliyin, nizami ordunun və müstəqil iqtisadi inkişafın təməlini formalaşdırıb.
“Heydər Əliyevin dövlətçilik kursunun mühüm istiqamətlərindən biri müstəqilliyin formal hüquqi statusdan real siyasi-iqtisadi gücə çevrilməsi idi. Bu baxımdan 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında və beynəlxalq enerji əməkdaşlığı sisteminə inteqrasiyasında xüsusi rol oynadı. Enerji strategiyasının əhəmiyyəti yalnız dövlət büdcəsinə daxil olan maliyyə vəsaitləri ilə məhdudlaşmırdı. Bu siyasət Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrini genişləndirdi, strateji tərəfdaşlıq imkanlarını artırdı və dövlətin uzunmüddətli inkişafı üçün resurs bazası yaratdı”, – ekspert qeyd edib.
2003-cü ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi potensialın artırılması, fəal diplomatiya, infrastrukturun müasirləşdirilməsi və hərbi modernləşmə bir-birini tamamlayan istiqamətlərə çevrilib.
Mətin Məmmədli hesab edir ki, ərazi bütövlüyünün bərpasının uzunmüddətli dövlət prioriteti kimi saxlanılması və diplomatik fəaliyyətlə hərbi hazırlığın paralel aparılması strateji liderlik amilini ön plana çıxarıb.
“Siyasi liderliyin strateji mahiyyəti yalnız qərar qəbul etmək bacarığı ilə ölçülmür. Əsl strateji liderlik uzunmüddətli məqsədi müəyyənləşdirmək, həmin məqsədə uyğun resurslar formalaşdırmaq, əlverişli beynəlxalq şəraiti qiymətləndirmək və həlledici məqamda məsuliyyətli qərarlar qəbul etmək qabiliyyətidir. Prezident İlham Əliyevin siyasi fəaliyyətinin Qarabağ məsələsi ilə bağlı əsas xüsusiyyətlərindən biri ərazi bütövlüyünün bərpası məqsədinin uzun müddət dövlət siyasətinin prioritet istiqaməti kimi saxlanılması idi”, – o vurğulayıb.
Prezident müraciətində işğal illərində xarici təzyiqlərə baxmayaraq, mövqeyini dəyişmədiyini xatırladıb:“Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Mən işğal dövründə dəfələrlə müxtəlif tədbirlərdə açıq bəyan edirdim ki, Azərbaycan işğalla barışmayacaq. Baxmayaraq ki, Ermənistanın arxasında dayanan ölkələr bizi bu işğalla barışdırmaq istəyirdilər. Dəfələrlə bildirirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Dəfələrlə bizi qəbuledilməz güzəştlərə sövq etmək üçün müxtəlif fitnələr törədirdilər”.
Dövlət başçısı Qələbənin əldə edilməsində müasir silahların və peşəkarlığın rolunu qeyd etsə də, əsas amili belə ifadə edib:“Təbii ki, uzun illər ərzində ordu quruculuğu, Silahlı Qüvvələrimizin peşəkarlığının artırılması, müntəzəm olaraq hərbi təlimlərin keçirilməsi, döyüş qabiliyyətinin artırılması, ordumuzun müasir texnika ilə, silahlarla təchiz edilməsi amilləri Qələbəmizin qazanılmasında böyük rol oynamışdır. Amma Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi. Bizi irəliyə aparan yol ləyaqət yolu idi”.
Mətin Məmmədlinin fikrincə, ordunun texnoloji imkanları xalqın həmrəyliyi və şəxsi heyətin motivasiyası ilə birləşdikdə həlledici nəticə verib. O, 2020 və 2023-cü illərin fərqini də belə izah edir:“2020-ci il Qələbəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasında həlledici mərhələ, 2023-cü ilin sentyabr hadisələri isə bütün ərazilərdə suveren dövlət hakimiyyətinin bərpasını tamamlayan mərhələ oldu. Siyasi elmdə ərazi bütövlüyü ilə effektiv suverenlik anlayışları bir-biri ilə sıx bağlı olsa da, tam eyni məna daşımır. Ərazi bütövlüyü dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını ifadə edirsə, effektiv suverenlik həmin ərazilərdə dövlət hakimiyyətinin faktiki həyata keçirilməsini nəzərdə tutur”.
Böyük Qayıdış: qələbənin gündəlik həyata çevrilməsi

Hərbi-siyasi nəticələrin davamlılığı indi Qarabağ və Şərqi Zəngəzurda qurulan həyatla ölçülür. Prezident çıxışında işğal dövründə dağıdılmış şəhər və kəndlərin, tarixi abidələrin və məscidlərin taleyindən bəhs edərək vurğulayıb:“Bu gün biz azad Qarabağda qurub-yaradırıq. Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bura bizim torpağımızdır. Çünki biz qurub-yaradan xalqıq. İşğal dövründə Ermənistan ancaq bizim təbii sərvətlərimizi talayırdı, meşələrimizi qırırdı, mədənlərimizi qanunsuz olaraq istismar edirdi. Biz isə şəhərləri sıfırdan qururuq”.
Dövlət başçısı Böyük Qayıdışın nəticələrini də diqqətə çatdırıb:“İşğal dövründə bizim bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Bu, misli görülməmiş barbarlıqdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz Ermənistan tərəfindən dağıdıldı və təhqir olundu. İndi genişmiqyaslı quruculuq işləri gedir, “Böyük Qayıdış” Proqramı icra edilir. Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır, çalışır və hər ay biz keçmiş köçkünlərin öz doğma torpaqlarına qayıtmasının şahidləriyik”.
Mətin Məmmədli hesab edir ki, azad edilmiş torpaqların yenidən qurulması yalnız binaların tikilməsi demək deyil. Avtomobil yolları, enerji və su təchizatı, hava limanları, məktəblər, səhiyyə və iş yerləri birlikdə regionun vahid sosial-iqtisadi sistemə qayıtmasını təmin etməlidir.
“Böyük Qayıdış yalnız demoqrafik proses kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda sosial ədalətin, tarixi yaddaşın, mülkiyyət münasibətlərinin və insanların təhlükəsiz yaşayış hüququnun bərpası ilə bağlı mürəkkəb dövlət siyasətidir. Uzun illər məcburi köçkün həyatı yaşamış insanların öz doğma torpaqlarına qayıtması mənəvi baxımdan mühüm hadisədir. Lakin qayıdışın davamlı olması üçün mənzil təminatı ilə yanaşı, məşğulluq imkanlarının, məktəblərin, xəstəxanaların, kommunal xidmətlərin və sahibkarlıq mühitinin inkişafı vacibdir”, – ekspert bildirib.
Onun qənaətincə, mina təhlükəsinin aradan qaldırılması, özəl sektorun iştirakı və dayanıqlı iqtisadi inkişafın təmin olunması Böyük Qayıdışın uzunmüddətli uğuru üçün həlledicidir.
“Burada strateji prinsip belə ifadə oluna bilər: İnsanların doğma torpaqlarına qayıtması tarixi ədalətin təzahürüdür, həmin torpaqlarda davamlı və layiqli həyatın qurulması isə quruculuq siyasətinin real uğur meyarıdır”, – Mətin Məmmədli vurğulayıb.
Azərbaycançılıq: Zəfəri gələcəyə daşıyan ideya

Prezidentin müraciətinin yekun xətti milli-mənəvi dəyərlər və Azərbaycançılıq məfkurəsi ilə bağlıdır. Dövlət başçısı bu ideologiyanın ölkədə yaşayan bütün etnik və dini qrupları birləşdirən əsas fəlsəfə olduğunu bildirib.
“Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir. Azərbaycan dövləti bu təməl üzərində qurulub. Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Əsrlər boyu biz bu dəyərləri qəlbimizdə yaşatmışıq, qorumuşuq və gələcək nəsillərə əmanət kimi verəcəyik”, – Prezident vurğulayıb.
Dövlət başçısı Azərbaycançılığın mahiyyətini də geniş izah edib: “Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bir daha demək istəyirəm ki, bu, gələcəyə aparan yoldur”.
Mətin Məmmədli Azərbaycançılığı yalnız etnik mənsubiyyətlə məhdudlaşmayan, müstəqil dövlətə sədaqət, tarixi yaddaş, ana dilinə hörmət və ümumi gələcək məsuliyyəti üzərində qurulan dəyərlər sistemi kimi təqdim edir.
“Azərbaycançılıq yalnız milli mənsubiyyətin ifadəsi deyil, müxtəlif etnik, dini və sosial mənsubiyyətə malik vətəndaşları vahid dövlətçilik ideyası ətrafında birləşdirən siyasi-mənəvi dəyərlər sistemidir. Onun əsasını müstəqil dövlətə sədaqət, milli mədəniyyətin qorunması, ana dilinə hörmət, vətəndaş həmrəyliyi, tarixi yaddaş və ümumi gələcək məsuliyyəti təşkil edir. Bu mənada Azərbaycançılıq məfkurəsinin başlıca funksiyası milli kimliklə müasir vətəndaşlıq düşüncəsi arasında əlaqə yaratmaqdır”, – ekspert bildirib.
Mətin Məmmədli hesab edir ki, Heydər Əliyevin siyasi məzmun verdiyi bu ideologiya müstəqilliyin çətin illərində xalqı birləşdirən amil olub, 2020-ci il Zəfərindən sonra isə yeni milli özünəinamla zənginləşib.
Beləliklə, Xankəndidəki Zəfər tağı önündən verilən mesaj yalnız ötən müharibənin xatırladılması deyil, dövlətin gələcək təhlükəsizlik və inkişaf hədəfinin ifadəsidir.
Prezident İlham Əliyev müraciətinin sonunda bu hədəfi belə müəyyənləşdirib: “Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Əminəm ki, belə də olacaq. Bu gün Azərbaycan güclü dövlətdir, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərindən heç kimdən asılı olmayan dövlətdir, müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir”.
Bu mesaj Qələbənin qorunmasını, müstəqil siyasətin davam etdirilməsini, iqtisadi və hərbi potensialın gücləndirilməsini, eləcə də milli həmrəyliyin möhkəmləndirilməsini qarşıdakı dövrün əsas strateji vəzifələri kimi ön plana çıxarır.