
“Prezident İlham Əliyevin Xankəndidə Zəfər Tağı kompleksinin qarşısında Azərbaycan xalqına ünvanladığı müraciət zamanı keçmiş icra hakimiyyəti binasında Zəfər Muzeyinin fəaliyyət göstərəcəyi ilə bağlı səsləndirdiyi fikirlər xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyır. Dövlət başçısının həmin binanı vaxtilə «şeytan yuvası» adlandırması və 2023-cü ilin oktyabrında Xankəndiyə ilk səfəri zamanı binanın pəncərələrini açdıraraq oradakı «şeytan ruhunun çəkilməsini» istəməsi təsadüfi deyil. Bu fikirlər bir binanın fiziki baxımdan dəyişdirilməsindən daha böyük məna daşıyır. Söhbət uzun illər separatçılığın mərkəzi olmuş bir məkanın Azərbaycanın Zəfər tarixini yaşadan, milli yaddaşa xidmət edən mədəniyyət və tarix ünvanına çevrilməsindən gedir”.
Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat söyləyib ki, məhz həmin binada oturan separatçı rejimin nümayəndələri uzun illər Azərbaycan dövlətinə və xalqına qarşı düşmənçilik siyasəti aparır, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş qərarlar qəbul edir, yeni müharibə və yeni ərazilərin işğalı ilə bağlı təhdidlər səsləndirirdilər: “Onlar özlərini Azərbaycanın suverenliyinə meydan oxumaq iqtidarında hesab edir, tanklarla Bakıya gəlib orada çay içmək kimi iddialı və təxribatçı bəyanatlar səsləndirirdilər. Lakin tarix tamamilə başqa istiqamətdə inkişaf etdi. Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın onilliklər ərzində gözlədiyi tarixi Zəfəri təmin etdi. Separatçıların qurduqları xəyallar puça çıxdı, onların hərbi texnikası bu gün Bakıda Qənimətlər parkında nümayiş etdirilir, separatçı rejimin rəhbərliyində təmsil olunmuş şəxslər isə törətdikləri əməllərə görə hüquqi məsuliyyətə cəlb ediliblər. Belə bir tarixi keçmişə malik binanın Zəfər Muzeyinə çevrilməsi, ilk növbədə, dərin rəmzi məna daşıyır. Vaxtilə Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin həyata keçirildiyi, separatçılıq ideologiyasının təbliğ olunduğu bir məkan bundan sonra dövlətimizin suverenliyini, xalqımızın mübarizəsini, qəhrəmanlığını və tarixi Zəfərini nümayiş etdirəcək. Başqa sözlə, həmin binanın funksiyasının dəyişdirilməsi ilə onun daşıdığı tarixi və mənəvi məzmun da dəyişir. Dünən separatizmin qərargahı olan məkan bu gün milli qürur və Zəfər yaddaşının ünvanına çevrilir”.
“Prezident İlham Əliyevin binaya ilk səfəri zamanı pəncərələrin açdırılması ilə bağlı söylədiyi fikirlər də bu baxımdan xüsusi simvolik məna kəsb edir. Bu, yalnız binanın havasının dəyişdirilməsi deyil, həm də uzun illər orada hökm sürmüş düşmənçilik, nifrət və separatçılıq ideologiyasının aradan qaldırılmasının rəmzi ifadəsidir. Azərbaycan Qarabağı separatçılardan azad etməklə yanaşı, həmin ərazilərdə onların yaratmağa çalışdıqları qanunsuz siyasi və ideoloji sistemin mövcudluğuna da son qoydu. İndi isə həmin məkanın Zəfər Muzeyinə çevrilməsi tarixi yaddaşın yeni məzmunla zənginləşdirilməsinə xidmət edəcək” - deyə A.Badamov əlavə edib.
O vurğulaylb ki, Xankəndi bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur: “Şəhərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirilir, müasir infrastruktur yaradılır, yaşayış və sosial obyektlər inşa olunur. Bir zamanlar münaqişə və separatçılıqla assosiasiya edilən şəhərin gələcəkdə müasir, inkişaf etmiş və beynəlxalq səviyyədə tanınan bir şəhərə çevrilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. Lakin şəhərin inkişafı ilə yanaşı, onun tarixi yaddaşının qorunması da mühüm əhəmiyyət daşıyır. Çünki gələcəyi qurmaq üçün keçmişi unutmaq deyil, tarixdən düzgün nəticə çıxarmaq lazımdır. Məhz bu baxımdan keçmiş icra hakimiyyəti binasında Zəfər Muzeyinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Muzey Azərbaycan xalqının azadlıq və suverenlik uğrunda apardığı mübarizəni, 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəni, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinin nəticələrini və ölkəmizin ərazi bütövlüyünün tam bərpasını əyani şəkildə nümayiş etdirmək imkanı yaradacaq. Burada təqdim olunacaq sənədlər, fotoşəkillər, hərbi eksponatlar, tarixi materiallar və müasir multimedia vasitələri ziyarətçilərə Zəfərə aparan yol haqqında dolğun təsəvvür formalaşdıracaq”.
Deputatın sözlərinə görə, muzeylərin əhəmiyyəti yalnız tarixi faktların qorunması və nümayiş etdirilməsi ilə məhdudlaşmır: “Onlar həm də cəmiyyətin kollektiv yaddaşının formalaşmasında, milli kimliyin və vətənpərvərlik ruhunun möhkəmləndirilməsində mühüm rol oynayır. Xüsusilə tarixi hadisələrin baş verdiyi məkanlarda yaradılan muzeylərin təsir gücü daha böyük olur. Çünki ziyarətçi yalnız eksponatlara baxmır, eyni zamanda hadisələrin baş verdiyi məkanla birbaşa təmasda olur, tarixi daha dərindən hiss etmək və dərk etmək imkanı qazanır. Bu mənada Xankəndidəki keçmiş icra hakimiyyəti binasının Zəfər Muzeyinə çevrilməsi onun tarixi və mənəvi təsirini daha da artıracaq.
Gələcəkdə Xankəndiyə Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də dünyanın ayrı-ayrı ölkələrindən çoxsaylı qonaqlar gələcək. Onların bu muzeyi ziyarət etməsi Azərbaycan xalqının hansı tarixi sınaqlardan keçdiyini, ərazi bütövlüyü və suverenliyi uğrunda necə mübarizə apardığını, dövlətimizin və ordumuzun hansı iradə və qətiyyət nümayiş etdirdiyini daha yaxından öyrənmələrinə imkan verəcək. Xüsusilə gənc nəslin Zəfər tariximizi məhz belə bir məkanda öyrənməsi böyük tərbiyəvi və maarifləndirici əhəmiyyət daşıyır. Ən mühüm məqamlardan biri isə budur ki, həmin binanın yeni funksiyası Azərbaycanın Qarabağda yaratdığı reallıqların əyani ifadəsinə çevriləcək. Vaxtilə oradan Azərbaycana qarşı təhdidlər səsləndirilirdi, indi isə həmin binada Azərbaycanın Zəfər tarixi nümayiş etdiriləcək. Bir zamanlar separatçılığın ideoloji mərkəzi olmuş məkan bundan sonra dövlət suverenliyinin, milli birliyin və tarixi ədalətin təntənəsini özündə əks etdirəcək”.
A.Badamov eləcə də bildirib ki, bütün bunlar göstərir ki, Xankəndidə keçmiş icra hakimiyyəti binasının Zəfər Muzeyi kimi fəaliyyət göstərməsi sadəcə bir tikilinin təyinatının dəyişdirilməsi deyil: “Bu, tarixi yaddaşın bərpası, keçmişin obyektiv şəkildə gələcək nəsillərə çatdırılması və Zəfər salnaməmizin əbədiləşdirilməsi baxımından mühüm hadisədir. Xankəndi inkişaf etdikcə, müasirləşdikcə, yeni görkəm aldıqca onun tarixində baş vermiş hadisələr də unudulmamalıdır. Dünən separatçılığın simvolu kimi tanınan binada sabah Zəfər tariximizin nümayiş etdirilməsi Azərbaycanın öz torpaqlarında yaratdığı yeni reallığın ən təsirli rəmzlərindən biri olacaq. Bu, həm də tarixin özünün verdiyi bir mesajdır: Azərbaycan xalqının iradəsini sındırmaq, dövlətimizin suverenliyinə qəsd etmək və torpaqlarımızı parçalamaq istəyən qüvvələrin niyyətləri iflasa uğradı. Xankəndidə yaradılacaq Zəfər Muzeyi isə bu həqiqətləri gələcək nəsillərə çatdıran, Zəfərimizi yaşadan və milli yaddaşımızı qoruyan mühüm tarixi məkan olacaq”.
Röya İsrafilova