“Zəfər Günü əsrlərə bərabər gündür” Siyasət

“Zəfər Günü əsrlərə bərabər gündür”

“2020-ci il sentyabrın 27-dən başlanan və Azərbaycan xalqının tarixinə şanlı Zəfər salnaməsi kimi yazılan 44 günlük müharibənin başa çatmasından 6 il keçir. Zəfər Günü bizim üçün təqvimdə qeyd olunmuş sıradan bir tarix, sadəcə bir hərbi qələbə deyil, bu gün ümidlərimizin çin olduğu, 30 illik yurd həsrətinin, ana fəryadının, köçkünlük taleyinin bitdiyi müqəddəs və həm də əsrlərə bərabər bir gündür. Bu məsələlər Prezident İlham Əliyevin 8 Noyabr Zəfər Günü münasibəti ilə Xankəndi şəhərində xalqa müraciətində hərtərəfli şəkildə öz əksini tapıb. Dövlət başçısı bütün Azərbaycan xalqını və Silahlı qüvvələrini Zəfər Günü münasibəti ilə ürəkdən təbrik edib, canı, qanı bahasına işğala son qoymuş şəhidlərin xatirəsini dərin ehtiramla yad edib”.

Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Əli Məsimli deyib.

Deputatın sözlərinə görə, keçmiş separatçı rejim rəhbərlərinin vaxtilə Bakını tanklarla hədələdiklərini xatırladan dövlət başçısı həmin hərbi cinayətkarların hazırda Bakıda öz layiqli cəzalarını aldıqlarını xüsusi vurğulayıb: “Vətən müharibəsində Azərbaycan Ordusundan bir nəfərin belə fərarilik etmədiyini, Ermənistan ordusunda isə rəsmi etiraflara görə 12 minə yaxın fərarinin olduğunu bildirərək iki ölkənin döyüş əzmi arasında böyük fərqi diqqətə çatdırıb. 44 günlük müharibədə 300-dən çox yaşayış məntəqəsinin azad edilməsi və Şuşanın fəthi ilə Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur edildiyini, bunun sayəsində qalan ərazilərin bir güllə atmadan və şəhid vermədən geri qaytarıldığını xatırladıb. İşğal dövründə Ermənistanın yalnız talançılıq və barbarlıqla məşğul olduğunu, Azərbaycanın isə şəhərləri sıfırdan qurduğunu deyən Prezident, hazırda azad edilmiş ərazilərdə artıq 97 min insanın məskunlaşaraq yaşadığını və çalışdığını bildirib”.

Röya İsrafilova