Zəfər – milli iradənin, dövlətçilik əzminin və sarsılmaz birliyin təntənəsi Siyasət

Zəfər – milli iradənin, dövlətçilik əzminin və sarsılmaz birliyin təntənəsi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə səsləndirdiyi fikirlər Azərbaycanın son əsrlik tarixinin ən möhtəşəm səhifələrindən birinə – milli iradənin, siyasi qətiyyətin və hərbi qüdrətin təntənəsinə verilən dolğun qiymətdir.

Bunu politoloq Əfəndi İbrahimli deyib.

"Bu çıxış bir daha təsdiq edir ki, Azərbaycanın Zəfəri yalnız hərbi əməliyyatların uğurlu nəticəsi deyil, 30 il ərzində xalqımızın qəlbində yaşatdığı Vətən sevgisinin, dövlətə sədaqətin və tarixi ədalətə olan inamın təcəssümüdür.

Bu Qələbənin arxasında güclü dövlətçilik strategiyası, uzaqgörən liderlik, qüdrətli ordu və xalqın sarsılmaz həmrəyliyi dayanır" - o, qeyd edib.

Politoloq deyib ki, Cənab Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri milli ruhun Qələbədəki həlledici roludur. Çünki müasir silahlar və peşəkar ordu ilə yanaşı, Vətən uğrunda canından keçməyə hazır olan əsgərin iradəsi, xalqın birliyi və liderinə inamı Zəfərin mənəvi təməlini formalaşdırdı. Azərbaycan xalqı sübut etdi ki, milli ləyaqət və dövlətçilik əzmi qarşısında heç bir maneə davamlı ola bilməz:

"Bu gün Zəfərin ən böyük siyasi və mənəvi nəticəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır. Xankəndidə ucaldılan Zəfər tağı, yaradılan Zəfər Muzeyi və Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işləri tariximizin yeni mərhələsinin rəmzləridir. Dünən işğalın simvolu olan məkanlarda bu gün Azərbaycan bayrağının dalğalanması dövlətimizin qüdrətinin və tarixi ədalətin təntənəsidir.

Mənim qənaətimcə, bu çıxışın ən mühüm ideoloji mesajlarından biri də azərbaycançılıq məfkurəsinin milli birliyimizin əsas dayağı kimi təqdim edilməsidir. Azərbaycançılıq yalnız keçmişimizə bağlılıq deyil, həm də gələcəyimizi müəyyən edən, müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşlarımızı vahid amal ətrafında birləşdirən milli ideyadır.

Zəfər bizə yalnız qürur deyil, həm də böyük məsuliyyət bəxş edib. Şəhidlərimizin müqəddəs əmanəti olan bu torpaqları qorumaq, güclü dövlətimizi daha da inkişaf etdirmək və gələcək nəsillərə bütöv, qüdrətli Azərbaycan miras qoymaq hər birimizin mənəvi borcudur.

Bu gün Azərbaycan tarix yazan, öz sözünü beynəlxalq müstəvidə qətiyyətlə deyən, müstəqil siyasəti və güclü dövlətçilik iradəsi ilə seçilən ölkədir. Bu tarixi Zəfərin memarı isə xalqımızın birliyinə söykənən Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyidir.
Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, üçrəngli bayrağımız daim ucalarda olsun! Yaşasın qalib Azərbaycan!".

Cavid