
“Prezident İlham Əliyevin 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına müraciəti mühüm siyasi, hüquqi və tarixi mesajlarla yadda qalıb”.
Milli Məclisin deputatı Aydın Hüseynov bu barədə “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Zəfər Günündə məhz Xankəndidən xalqa müraciət etməsi dərin siyasi və rəmzi məna daşıyır: “Bu müraciət tarixi Qələbənin nəticələrinin möhkəmləndirildiyini, Azərbaycanın bütün ərazisində konstitusion hakimiyyətin təmin olunduğunu və ölkəmizin suverenliyinin müzakirə predmeti olmadığını bir daha nümayiş etdirir. Dövlət başçısının vaxtilə səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatı Azərbaycanın prinsipial dövlətçilik mövqeyinin ifadəsi olub. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, 2023-cü il sentyabrın 20-də Xankəndidə separatçı silahlı strukturların tərksilah edilməsi ilə nəticələnən proses həmin siyasi iradənin real nəticələrini ortaya qoydu.Bu gün Xankəndidə Azərbaycan Prezidentinin dövlət suverenliyinin rəmzi olan Zəfər abidəsi önündən xalqa müraciət etməsi Azərbaycanın ərazi bütövlüyünün və konstitusion hakimiyyətinin bərpasının ən güclü siyasi ifadələrindən biridir”.
Deputat keçmiş separatçı idarəetmə strukturlarının yerləşdiyi binada Zəfər Muzeyinin yaradılmasının da xüsusi tarixi məna daşıdığını bildirib.
Qeyd edib ki, vaxtilə Azərbaycanın suverenliyinə qarşı fəaliyyətlə əlaqələndirilən məkanın dövlətçilik yaddaşını yaşadan muzeyə çevrilməsi yeni tarixi mərhələnin rəmzidir. Bu, həmin ərazidə qanunsuz idarəçilik dövrünün başa çatmasının və Azərbaycan dövlət institutlarının fəaliyyətinin bərpasının ifadəsidir.
A.Hüseynov ağır cinayətlərdə təqsirli bilinən şəxslərin hüquqi məsuliyyətinə də diqqət çəkib. Bildirib ki, dövlət suverenliyi yalnız ərazi üzərində hakimiyyətin bərpası deyil, həm də həmin ərazidə qanunun aliliyinin və ədalət mühakiməsinin təmin olunması deməkdir. Heç bir siyasi status və ya keçmiş vəzifə cinayət məsuliyyətindən yayınmaq üçün əsas ola bilməz.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin müraciətində diqqət çəkən digər mühüm məqam Azərbaycanın Qələbədən sonrakı quruculuq siyasətidir. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış, yaşayış məntəqələrinin bərpası və iqtisadi infrastrukturun yaradılması suverenliyin sosial-iqtisadi əsaslarını möhkəmləndirir.
“Azərbaycanın tarixi Zəfəri yalnız hərbi üstünlüyün deyil, siyasi iradənin, milli birliyin və güclü dövlətçilik strategiyasının nəticəsidir. Xankəndidən verilən mesaj qətidir – Azərbaycanın suverenliyi tamdır, ərazi bütövlüyü toxunulmazdır və bu tarixi reallığın geriyə dönüşü yoxdur”, – deyə Aydın Hüseynov bildirib.
Günel Elxan