“Paşinyanın düşüncələri praktik cəhətdən qeyri-mümkündür” Siyasət

“Paşinyanın düşüncələri praktik cəhətdən qeyri-mümkündür”

“Paşinyanın 2050-ci ildə Ermənistan əhalisinin 5 milyona çatdırılması xam xəyaldan başqa bir şey deyi”. Bunu millət vəkili İlham Məmmədov deyib. Onun sözlərinə görə, ümumiyyətlə, Ermənistan 2050 - İnkişaf Strategiyasında nəzərdə tutulan tezislərinə nəzər saldıqda biz Paşinyanın düşüncələrinin praktik cəhətdən qeyri-mümkün olan, arqumentlərə söykənməyən, ancaq xam xəyalların məhsulu olduğunu görmək olar. “Yürütdüyü işğalçı xarici siaysət nəticəsində üzləşdiyi durum Ermənistanı bir dövlət olaraq gələcəyini sual altında qoyduğu halda, həmin coğrafi məkanın iqtisadiyyatının, ordusunun inkişaf etdirilməsi, əhalisinin sayının 2 dəfədən çox artırılması barədə səsləndirdiyi fikirlər cəfəngiyyatdan başqa bir şey deyil.
Bu gün ciddi böhran içində yaşayan, işsizliyin yüksək səviyyədə olduğu, ancaq xaricdəki erməni lobbisi və əhalisinin xarici ölkələrdə işləyərək, ailələrinə göndərdiyi pul hesabına yaşayan bir ölkənin hansı inkişafından danışmaq olar?! Rəsmilərin və rəsmi statistik məlumatlara əsaslanaraq deyə bilərik ki, bu gün on minlərlə insan, əsasən də gənclər və əmək qabiliyyəti olan təbəqəsi sürətlə ölkəni tərk edir. Onların da böyük bir qismi geri dönmür. Statistik məlumatlara görə, son illərdə doğum səviyyəsi də aşağı enməkdədir və bu dinamika davam edir. Ölüm doğumu üstələyir. Ölkədə gənclərin sayı yaşlıların sayı ilə müqayisədə çox aşağıdır. Bu gün Ermənistanı demoqrafik vəziyyətinə görə yaşlaşan ölkə hesab etmək olar. Belə olan halda demoqrafik vəziyyəti necə yaxşılaşdırmaq olar? Bu, qeyri-ciddi söhbətlərdir. Bu gün erməni gənci üzləşdiyi maddi və sosial sıxıntıdan evlənmirsə, o zaman əhalinin sayını necə artırmaq olar?...”- İ.Məmmədov bildirib. Deputat əlavə edib ki, beynəlxalq təşkilatlar da Paşinyanın dediyindən fərqli olaraq, Ermənistanın demoqrafik vəziyyət ilə bağlı pessimist proqnozlar verir. “BMT-nin İqtisadi və Sosial Münasibətlər departameninin əhali bölgüsü haqda açıqlamasına görə, 2050-ci ildə Ermənistan əhalisinin sayı orta proqnozlara əsasən 2,397 min ətrafında olacaq. BMT-nin 2050-ci ildən sonrakı dövr üçün də Ermənistan əhalisinin sayının artması barədə müsbət proqnoz vermirlər. Ondan sonrakı dönəmdə Ermənistan əhalisinin daha da azalağı proqnozlaşdırılır. Bir məqama da diqqət edək. Ermənistan müstəqillik qazandığı dövrdə əhalisi nə qədər olub, indi nə qədərdir. 1991-ci ilin statistikasına əsasən bu müddət ərzində Ermənistan əhalisi azalıb. 1991-ci ildə Ermənistan əhalisinin sayı 3,505 258 nəfər olsa da, 2018-ci ildə bu say 2,951 776 nəfərə enib. Yəni, Ermənistan əhalisi ötən müddət ərzində artmayıb, əksinə 17 faiz azalıb. Bütün bu və ya digər faktlar Paşinyanın dediyindən fərqli olaraq Ermənistan əhalisinin artmasından yox, əksinə demoqrafik böhranın yaxınlaşdığından xəbər verir. Bunun da bir səbəbi var.
Yürütdüyü işğalçılıq siyasəti. İşğalçılıq siyasətindən əl çəkməyəcəyi təqdirdə Ermənistanı bir dövlət olaraq varlığı sual altında qalacaq. Bunu artıq Ermənistanın bəzi rəsmiləri və ekspertləri açıq formada dilə gətirir və narahatlıqlarını ifadə edirlər. Ermənistan əhalisinin daha geniş spektri və ona rəhbərlik edənlər dərk edib, tutduqları yoldan nə qədər tez geri dönsələr daha yaxşı olar. Necə deyərlər ziyanın yarısından geri dönməkdə də fayda var. Ermənistan işğalçılıq siyasətindən əl çəkib, qonşuları, xüsusən də Azərbaycan və Türkiyə ilə nortmal münasibətlər qurarsa, o zaman bu ölkənin hansısa formada inkişafından danışmaq olar. Əks təqdirdə bu ölkənin gələcəyinin heç bir perspektivi yoxdur və hər zaman böhran içində inləyəcək”- deputat bildirib.