Avropanın Qarabağ müharibəsi qorxusu Siyasət

Avropanın Qarabağ müharibəsi qorxusu

Qərbin enerji təhlükəsizliyinin təmin olunması sual altına düşə bilər

Cavid

Rusiyanın Soçi şəhərində Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin keçirildiyi üçtərəfli görüşün nəticəsi hələ də mətbuatın və ekspertlərin əsas müzakirə mövzusu kimi aktuallığını qoruyub saxlamaqdadır.
Xatırladaq ki, görüş ərəfəsində Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında atəşkəsin pozulması nəticəsində hər iki tərəf xeyli itki verib. Lakin düşmən tərəfin itkisi hər nə qədər gizlədilsə də Azərbaycanın verdiyi itkidən dəfələrlə çoxdur. Erməni tərəfinin həmin insidentlər nəticəsində 50-dən çox itki verdiyini bildirib.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verənlər və prezidentlərin Soçi görüşü Qərb mətbuatında da geniş əks-səda doğurub. Bu görüşdən sonra İtaliyanın "L`indro" xəbər portalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazı yerləşdirilib.
Yazıda qeyd olunur: "Dünyanın diqqətinin Ukrayna hadisələrinə yönəldiyi bir vaxtda Avropanın cənubunda qanlı müharibə ilə nəticələnə biləcək daha bir gərginlik yaşanmaqdadır. 20 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsi nizamlanmasa və son günlərdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində artan gərginliyin qarşısı alınmasa Avropanın enerji təhlükəsizliyinin təmin olunması sual altına düşə bilər. Azərbaycan hazırda əsas enerji təminatçısı kimi Avropa üçün önəmli bir ölkədir. Bu baxımdan Avropa Cənubi Qafqazda sabitliyin qorunub saxlanmasında maraqlıdır".
Məqalədə Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilir. Bildirilir ki, münaqişə nəticəsində xeyli sayda insan həlak olub və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Azərbaycanın sürətli inkişafından danışan müəllif vurğulayır ki, getdikcə güclənən bu ölkə öz hərbi qüdrətini də artırmaqdadır. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu geri qaytarmaq üçün Azərbaycanın hər cür vasitələrdən istifadə etmək hüququ vardır.
Oxucuların diqqətinə çatdırılır ki, son günlərdə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində artan gərginlik beynəlxalq birliyin bu regiona diqqəti artırmalı olduğunu göstərdi. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri uzun illərdir münaqişənin nizamlanması üçün çıxış yolu tapmağa çalışsa da, hələ bir nəticə yoxdur. Azərbaycanın Avropa üçün enerji təminatının şaxələndirilməsində açar ölkə olduğunu nəzərə alsaq, Qərbin bu bölgəyə həssaslıqla yanaşmasını anlamaq olar. Azərbaycan həm tranzit, həm də enerji təminatçısı kimi Qərb üçün vacib ölkədir.
Ermənistan siyasi təhlilçilərinin isə həm Soçi görüşü ilə bağlı, həm də bu görüşün erməni-azərbaycanlı qüvvələrinin təmas xəttində baş verən və ümumiyyətlə münaqişənin tənzimlənməsi prosesinə mümkün təsirinə dair şərhləri və mülahizələri biri-birindən çox da fərqlənmir.
BBC Azərbaycan xidmətinin əməkdaşı ilə söhbətlərində erməni politoloqlar bu görüşün təmas xəttində gərginliyin qısa müddətli səngiməsinə təsir edəcəyini bildiriblər.
"Gərginliyin müəyyən dərəcədə səngiyəcəyi mümkündür. Lakin bu vəziyyətin qorunub saxlanılacağına ümidli ola bilmərik. Çünki belə görüşlər az olmayıb, hər dəfə müəyyən razılıqlara gəlinib", - "Avrointeqrasiya" ictimai təşkilatının rəhbəri Karen Bekaryan deyir.
Karen Bekaryan iddia edib ki, baş verənlərdə Ukrayna hadisələri ilə bağlı Qərb-Rusiya münasibətlərinin gərginləşməsi fonunda Azərbaycanın alternativ enerji resurslar mənbəyi kimi rolunun artması az rol oynamayıb.
Politoloq təmas xəttində vəziyyətin kəskinləşməsində Rusiyanın məsuliyyət daşıdığını qeyd edib.
"Rusiya Azərbaycana milyardlarla dollar məbləğində silah satdığını adi kommersiya əlaqələri adlandırır, lakin həmin silah rəsmi Bakının Qarabağ məsələsini hərbi yolla həll etmək ümidlərini möhkəmləndirir", - Bekaryan deyib.
Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan isə Soçi görüşünün təmas xəttində vəziyyətə təsir edəcəyini bildirib: "Görüşdən sonra vəziyyət atəşkəs rejiminin pozulmasından əvvəlki vəziyyətə qayıdacaq və təmas xəttində əhəmiyyətli dəyişiklik baş verməsə də, gərginlik vəziyyətindən çıxmağa imkan verəcək".
Onu da qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanı ballistik raket hücumu ilə təhdid etməsi Rusiyanın hərbi ekspertləri tərəfindən ciddi bir bəyanat kimi qəbul edilməyib. Rusiyanın tanınmış hərbi eksperti Aleksandr Xramçixin Ermənistanın hərbi güc baxımından Azərbaycandan çox zəif olduğunu və belə bəyanatların sadəcə siyasi məqsəd güddüyünü bildirib.
Aleksandr Xramçixin sözlərinə görə, Sarkisyan bu bəyanatı öz elektoratı üçün edib: "Ermənistanın hərbi baxımdan Azərbaycanı məhv etməsi mümkün deyil. Ermənistanda sadəcə köhnə Sovet raketləri mövcuddur ki, bunlar da nəinki Azərbaycanı yox etməsi, hətta bəzi konkret hərbi obyektlərə belə dəqqiq zərbə endirə bilməsi sual altındadır".
Rusiyanın tanınmış jurnalisti Orxan Camal isə Sarkisyanın təhdidlərinin Ermənistanın qarşılaşdığı bəzi çətinliklərdən qaynaqlandığına inanır.
Orxan Camal deyir ki, Rusiyanın indi Ukrayna ilə bağlı ciddi problemləri var: "Ermənistan prezidenti də Rusiyanın dəstəyinin azaldığını hiss etdiyi üçün belə əsəbi bəyanatlar verməyə başladı. Putinin Qarabağ münaqişəsini "SSRİ-nin mirası" adlandırmasına gəlincə isə bunu da unutmamalıyıq ki, Ermənistanın bir dövlət kimi ortaya çıxmasının özü də elə SSRİ-dən qalma problemdir".
Soçi görüşündən sonra ortaya çıxan ən maraqlı məsələ isə prezidentlərin növbəti görüşü barədə məlumatların ortaya çıxmasıdır. Belə ki, əvvəlcə Bunu Britaniyanın Müstəqil araşdırmalar və münaqişələrin analizi mərkəzinin direktoru Kristofer Lenqton Rusiyanın təşəbbüsü ilə tez bir zamanda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün ikinci raundunu təşkil ediləcəyi barədə açıqlama yayıb. Onun fikrincə, Moskvaya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində çox şeyə nail olmaq vacibdir.
Ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın dövlət başçısının iştirakı ilə Soçidəki danışıqlarının bir ciddi nəticəsi olub ki, o da danışıqların bundan sonra da davam etdirilməsi ilə bağlı razılığa gəlinməsidir.
Bu açıqlamanın ardınca ATƏT-in Minsk qrpunun amerikalı həmsədri Ceyms Uorlik də Azərbaycan və Ermənistan prezidentlərinin bu il daha bir görüşünün mümkünlüyü barədə bəyanat yayıb. O deyib ki, prezidentlər payızda görüşərək münaqişənin sülh yolu ilə həllinə dair danışıqların irəliləməsi üçün Soçi müzakirələrini davam etdirə bilər və həmsədrlər danışıqların irəliləməsi üçün əllərindən gələn dəstəyi verməyə hazırdır.