QHT-lərin siyasiləşməsi yolverilməzdir Siyasət

QHT-lərin siyasiləşməsi yolverilməzdir

"Etik kodeks"in qəbul edilməsi bu prosesin qarşısını kəsə bilər

Cavid

Ölkəmizdə çoxsaylı QHT-lər, vətəndaş cəmiyyəti institutları timsalında təşkilat və qurumlar, ictimai birliklər fəaliyyət göstərməkdədir. Həmin təşkilatların quruculuq, eləcə də, praktiki fəaliyyətlərində bir çox sferalar, istiqamətlər mövcuddur ki, bütün bunlar yalnız inkişaf və sağlam düşüncəli cəmiyyətin formalaşmasına, maarifləndirilməsinə xidmət edir. Eyni zamanda, tam demokratik və müstəqil şəkildə, genişmiqyaslı layihələr həyata keçirən bu təşkilatlar bütün hallarda, vətəndaş cəmiyyətinin inkişafı müstəvisində maarifçilik prinsiplərinə sadiq qalır, hər bir vətəndaşa yönəltdiyi layihə istiqamətində aşılayıcı rol oynamağa səy göstərir. Qeyd etdiyimiz kimi, bu cür təşkilatlar ölkəmizin demokratik inkişafı sferasında önəm və əhəmiyyət kəsb edirlər.
Lakin əfsuslar olsun ki, yuxarıda qeyd olunanalardan fərqli olaraq, qeyri-normal, inkişaf prinsiplərindən kənar QHT-lər də mövcuddur ki, həmin QHT-lər və onların rəhbərləri bilavasitə öz maraqlarına xidmət göstərmək amacları ilə tamamilə zidd mövqelər nümayiş etdirirlər. Bunların nəticəsində isə həmin təşkilatlarda sırf siyasiləşmələr müşahidə olunmaqdadır. Bu barədə KİV-lər vasitəsilə ictimaiyyətə kifayət qədər məlumatlar verilib. Təkcə radikal müxalifət düşərgəsində baş verən son olaylara diqqət yetirsək, görərik ki, antidövlətçilik çağırışları, dövlət əleyhinə cinayətlər törədilməsinə sövq və bu kimi digər hallara yol verən siyasi partiyaların ruporları da məhz bu tip QHT-lərdir. Daha dəqiq desək, dağıdıcılıq və anarxiyaya meyilli radikalların öz istəklərinə uyğun taktikaları, qeyri-qanuni hərəkətləri nəticəsində həbs olunmaları sanki sözügedən QHT-lərin dəyirmanlarına su tökür. Və onların hamısı bir ağızdan başlayırlar cinayətkarların "təmizə çıxarılma" əməliyyatlarına. Həmin saat bütün xarici səfirliklərə, səfirliklərin siyasi partiyalarla iş qurumlarına müraciətlər qəbul olunur, və sair və ilaxır... Hətta vəziyyəti bəzən elə hallara gəlib çıxarır ki, səs-küy çıxararaq, sözün əsil mənasında, həyasızlıq edən QHT-lər tamamilə unudurlar ki, onların xidmət səlahiyyətləri siyasət sərhədlərini aşır. Bunu biz uzun illərdir ki, dəfələrlə müşahidə etmişik və bu, indi də, davam etməkdədir.
Təbii ki, bu cür motivlərin arxasında başqa pərdəarxası məqamlar da mövcuddur. Həmin məqamlardan biri də QHT-lərin xarici anti-Azərbaycan meyilli qüvvələr qarşısında müxtəlif, çeşid-çeşid vədlər verib, siyasi öhdəliklər götürmələridir. Belə ki, siyasi partiyalardan fərqli olaraq, xarici ölkələrə daha tez-tez səfərlər edən sözügüdən ictimai birlik rəhbərləri tenderlər, konqreslər, tədbirlər pərdəsi altında gizli görüşlər keçirir, öz çirkin planlarını həyata keçirirlər. Bu barədə kifayət qədər məlumatlar mövcuddur. Onların maddi durumlarını "tənzimləyən" "siyasi məhbus" sərsəmləmələri də həmin quramalardandır.
Bu kimi xoşagəlməz hadisələrin qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, millət vəkili Azay Quliyevin rəhbərliyi ilə bu yaxınlarda QHT-lərin siyasiləşməsinin qarşısnın alınması ilə bağlı vətəndaş cəmiyyətinin nümayəndələrinin birgə iştirakı ilə çox vacib bir görüş keçirilib. Görüşdə "Etik Kodeks" təklifi irəli sürülüb: "Yeni təklif QHT-lərlə siyasi partiyalar arasındakı fəaliyyət sahəsinə kəskin sərhəd qoyaraq indiyədək yaşanan qarışıqlığı aradan qaldıracaq. Mən bu təklifə öz razılığımı və dəstəyimi şərtsiz irəli sürdüm. Çünki QHT-lərin bu gün Azərbaycanda siyasi hakimiyyət yolundakı fəaliyyəti yolverilməzdir. Bu təklif QHT-lərin siyasiləşməsinin qarşısının alınmasında böyük rol oynayacaq. QHT-lərin fəlsəfəsi missiyası tamamilə başqadır. Bu gün çox təəssüflər olsun ki, bu təşkilatların çoxu siyasi partiyaların "davamçısı" kimi fəaliyyət göstərərək, onların dəstəkçisi kimi çıxış edirlər. Bu, qətiyyən yolverilməzdir. Bu cür fəaliyyət QHT-lərlə siyasi partiyaların işini bir-birinə qarışdıraraq cəmiyyətdə yanlış mövqe formalaşmasına yol açır. Görüşdə təklif olunan və ən çox bəyənilən təklif "Etik kodeks"in qəbul olunması idi. Çox mühüm təklif olan bu yeni kodeks qeyri-hökumət təşkilatları ilə siyasi partiyaların fəaliyyət sahəsi arasında kəskin sərhəd qoyacaq".
Azay Quliyevin fikrincə, mühüm təşəbbüs olaraq dəyərləndirilən "Etik kodeks"in qəbul olunması könüllü şəkildə həyata keçiriləcək: "Hesab edirəm ki, mandatına, nizamnaməsinə sədaqətli olan, Azərbaycan qanunlarına hörmət edən, bütövlükdə "şəffaflıq və aşkarlıq" prinsipinə əməl edən bütün təşkilatlar bu kodeksə qoşulacaqlar. Hansı təşkilat ki yaranması, fəaliyyət prinsipi tamamilə başqa məqsədləri güdür, yalnız onlar bu layihədən kənarda qala bilərlər.
İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, məsləhətləşmələr formatında keçirilən görüşdə son zamanlar vətəndaş cəmiyyəti institutlarının qarşılaşdığı çətinliklər və həlli yolları müzakirə edildi. Müzakirələr kifayət qədər məhsuldar oldu və iştirakçılar mövcud çətinliklər qısa zamanda aradan qaldırılması üçün konkret fəaliyyətləri təqdim etdilər: "Görüşdə QHT-lərin banklarda üzləşdiyi problemlər, o cümlədən, onların həlli yolları, qrant müqavilələrinin qeydiyyatının asanlaşdırılması metodları ilə bağlı fikirlərimi bildirdim. Tədbirdə qeyd etdiyim kimi, hazırda vətəndaş cəmiyyətinin ən ciddi problemlərindən biri bu sektorun siyasiləşməsidir. Avropa Birliyi o cümlədən ABŞ daxil olmaqla əksər inkişaf etmiş ölkələrdə Qeyri-Hökumət Təşkilatları (QHT) ilə siyasi partiyalar arasında kəskin sərhəd var. Hər bir sektorun özünün fərqli hədəfləri var. Vətəndaş cəmiyyəti institutları siyasi partiyaların görməli olduğu fəaliyyətləri həyata keçirməməlidir. QHT-lər "istefa" şüarları səsləndirməməlidirlər, onlar ya beyin mərkəzləri olaraq təkliflər paketləri və eləcə də dövlət siyasəti sənədləri vasitəsi ilə dövlətin müxtəlif sektorlar üzrə, o cümlədən, iqtisadi-sosial siyasətinə təsir göstərməyə çalışır, ya da ənənəvi QHT-lər olaraq maarifləndirmə və monitorinq fəaliyyəti həyata keçirirlər. Təəsssüf ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının bir sıra hallarda siyasi partiyalara "inteqrasiyası" müşahidə edilir ki, bu da sözügedən sektorda gərginlik yaradır. QHT-lər hakimiyyətə gəlməyə deyil, hökumətin daha yaxşı işləməsinə çalışmalıdırlar. QHT-nin müstəqilliyi yalnız onun hökumətdən deyil, eyni zamanda siyasi arenadan müstəqil olması anlamına gəlməlidir. Bu baxımdan müstəqil QHT eyni zamanda heç bir tərəfə söykənməyən və konstruktiv yollar ilə dövlət siyasətinə təsir göstətməyə çalışan qurum olmalıdır. Buna görə də, əslində QHT-ləri siyasələşməkdən qoruyan "Etik Kodeksin" hazırlanması və könüllü qəbuluna ehtiyac var".
Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov isə bildirib ki, təbii ki, qəbul edilməyən, ümumiyyətlə qəbul edilməsi qeyri-mümkün olan məsələ isə QHT-lərin siyasi partiyalardan, siyasi partiyaların isə bir sıra xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan asılı olmasıdır: "Biz bilirik ki, Azərbaycanın müstəqilliyinin güclənməsi və inkişafını istəməyən bir sıra dövlətlər ölkəmizin milli və dövlətçilik maraqlarını nəzərə almadan öz iqtisadi və siyasi maraqlarını həyata keçirməyə çalışırlar. Bu məqsədlə də bəzi qrantlar hesabına şəxsi maraqlarını milli və dövlətçilik maraqlarından üstün tutan insanları ələ almaqla öz niyyətlərini həyata keçirməyə çalışırlar. Çox təəssüf ki, bu məsələdə özlərini müxalifət adlandıran siyasiləşmiş qüvvələrə məxsus olan QHT-lərdən xüsusi istifadə olunur. Azərbaycan qanunvericiliyinə zidd olduğunu bilərəkdən bu addımların atılması ölkədə xaos və qarşıdurma yaratmağa istiqamətlənib. Bu hərəkətlər onu deməyə əsas verir ki, bu insanları Azərbaycanın güclənməsi, inkişafı yox, öz şəxsi maraqları düşündürür. Amma bu insanlar və onlara havadarlıq edən qüvvələr birmənalı olaraq dərk etməlidir ki, nə Azərbaycan xalqı, nə Azərbaycan gəncliyi bu cür insanların qanuna zidd hərəkətlərinə göz yummayacaq, ölkəmizdə xaos, qarşıdurma yaradan insanların öz çirkin niyyətlərini həyata keçirmələrinə imkan verməyəcəklər".
"Sağlam İnkişaf və Maariflənmə" İctimai Birliyinin sədri Anar Xəlilovun fikri ncə isə bu faktlara indi siyasi aktivləşmə dövründə deyil, elə digər vaxtlarda da rast gəlinirdi. Sirr deyil ki, Azərbaycanda fəaliyyət göstərən bəzi müxalifət təşkilatları xaricdən maliyyələşir. Lakin bunu gizlətmək üçün onların ətrafında "peyk" QHT-lər yaradılıb və onların vasitəsilə bu maliyyələşmə həyata keçirilir: "Buna misal olaraq, Milli Demokratiya İnstitutunun verdiyi qarantları da göstərmək olar. Bildiyiniz kimi, Azərbaycan qanunları ilə bu fəaliyyət qadağandır və Maliyyə Nazirliyi də QHT-yə nəzarət edir. Ancaq mən hesab edirəm ki, bundan əlavə onların bu fəaliyyətinə qarşı inzibati tədbirlər görülə bilər, bizim qanunverciliyimiz buna imkan verir. Ümumiyyətlə isə vətəndaş cəmiyyəti institutlarından siyasi məqsədlər üçün istifadə yolverilməzdir və bu hala qarşı mübarizə tədbirlərinin gücləndirilməsinin tərəfdarıyam".
AGAT-ın sədri Gülsel Səfərova: "QHT-lər qeyri-siyasi təşkilatlardır. Bu, dünyada qəbul olunan tendensiyadır. Lakin ictimai maraqlar hər zaman siyasi maraqlarla oxşar olur. QHT-nin fəaliyyəti cəmiyyətin rifahının yaxşılaşması, dövlət cəmiyyət dialoquna töhfə vermək və ölkənin prioritetlərini rəhbər tutmaqla ictimai fəaliyyət göstərməkdir. Lakin görünən odur ki, bəzi müxalif siyasi partiyalar bir neçə QHT-lər yaradıb daha sonra siyasi maraqlarının həmin təşkilatlar vasitəsi ilə həyata keçirirlər. Çox zaman həmin QHT-lər dövlət qeydiyyatından keçmək belə istəmir. Çünki belə olan halda dövlət hesabatından yayınacaq və yalnız öz donoruna hesabat verəcəkdir. Azərbaycan qanunvericiliyinə görə, QHT-lər siyasi fəaliyyət göstərə bilməz. Lakin görünən tərəf odur ki, dövlətçiliyə qarşı fəaliyyət göstərən partiyalar bunu QHT-lər vasitəsilə edirlər. Çünki QHT-lər daha azaddır, insanlar qeyri-siyasi təşkilatlara daha çox inanır, eyni zamanda təşkilatlar vətəndaş cəmiyyətinin inkişafı üçün fəaliyyət göstərir".