AKP Türkiyəni hara aparır? Siyasət

AKP Türkiyəni hara aparır?

Fazil Mustafa: "Ankaranın xarici siyasətində macəraçılıq amili o qədər yüksəkdir ki..."
Xaləddin İbrahimli: "Türkiyə yaxın illərdə böyük təhlükələrlə üz-üzə qalacaq"
Qabil Hüseynli: "Ərdoğana referendumadək elə bir itaətkar baş nazir lazımdır ki, yenə də hakimiyyət öz əlində olsun"

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Baş Məclisinin iclasında ölkənin yeni prezidenti seçilmiş Ərdoğan AKP başqanlığına namizədin hazırkı xarici işlər naziri Əhməd Davudoğlunun olduğunu açıqlayıb. O bildirib ki, partiyanın qurultayında başqan seçiləcəyi təqdirdə Türkiyə respublikasını 62-ci hökumətinin baş nazirliyinə də namizədləri Əhməd Davudoğlu olacaq.
Ərdoğan elə həmin iclasdaca gələcək baş nazirin üzərinə öhdəliklər qoyub. Bildirib ki, hökumətin Davudoğlunun idarəçiliyi ilə də prinsipiallığını qoruyacağına inanır və paralel yapı ilə mübarizədə daim onun yanında olacaq.
Bəs Əhməd Davudoğlunun rəhbərlik edəcəyi hökumət Türkiyəni irəli apara biləcəkmi?
Tarix elmləri doktoru, politoloq Xaləddin İbrahimli hesab edir ki, AKP-nin ideoloqlarından biri kimi tanınan Davudoğlu ölkəsinin xarici siyasətini müəyyənləşdirən əsas simalardandır: "Son illərdə Türkiyənin ən populyar xarici işlər nazirlərindəndir. Partiyanın həyatında, strukturlarında ciddi dəyişikliklər olmayacaq. Ola bilər ki, AKP elitasında hansısa şəxslərin yeri dəyişsin. Çünki Ərdoğan iqtidarının xarici siyasətini müəyyənləşdirən bir adam kimi, partiyanın və hökumətin rəhbərliyinə gəlir. Bu çox ciddi məsələdir. Son illər xarici siyasətdə Türkiyə çox riskli addımlar atıb. İndi əsas sual da ondan ibarətdir ki, xarici işlər naziri olaraq atdığı riskli addımları, baş nazir olaraq ata biləcəkmi?"
Politoloqa görə, AKP-nin ideologiyasında islam faktoru böyük rol oynayır: "İsrailə, müsəlman ölkələrinə münasibətin dəyişməsi, bütün bunların hamısı Davudoğlunun müəllifi olduğu konsepsiyanın təzahürləridir. Türkiyənin xarici siyasəti riskli siyasətdir. Türkiyənin ənənəvi rəqiblərini, yumşaq desək, xarici təhlükə mənbəyi siyahısından çıxartmaq, orada Yunanıstanı, Ermənistanı, Rusiyanı, ərəb ölkələrini yaxın tərəfdaş kimi tanımaq, İsraili strateji müttəfiq elan etmək əvəzinə təhlükə mənbəyi siyahısına daxil etmək, bu konseptual dəyişmələrdir. Rəsmi Ankaranın xarici siyasəti ona son illər Orta Şərqdə daha böyük problemlər yaradıb. Türkiyə ritorik olaraq xarici siyasətdə güclənir, amma felən Orta Şərqdə heç bir prosesdə iştirak edə bilmir. Gələcəkdə bu konsepsiyanın müəllifi bunu necə icra edəcək bilinmir. Onun konsepsiyasında ciddi səhvlər var. Ermənistanla Türkiyənin münasibətləri yoxdur, bunu sıfıra endirmək istəyir. Suriya ilə Türkiyənin münasibətləri tarixən çox pis olub. İraqın ərazisindən PKK daim Türkiyəni təhdid edir. Bu ölkələrlə sıfır münaqişə üçün atılan addımlar fiaskoya uğradı. Türkiyə yaxın gələcəkdə iki böyük çətinliklə üzləşəcək. Birincisi, indiki siyasəti davam etdirsələr, Türkiyə ətrafından daha çox təcrid olunacaq. İkincisi, Türkiyənin daxilində ideoloji qütbləşmə bir qədər də dərinləşəcək. Xarici siyasət ərəb dünyasına yönəldikcə, daxildə də fikir ayrılığı get-gedə artacaq. İslam amilinə dayaqlanıb xarici siyasəti aparmaq və ölkədəki fikir ayrılıqlarını nəzər almamaq yanlış siyasətdir. Ərdoğan "balkon danışması"nda maraqlı bir məqama toxundu. O dedi: "Bu seçimdə hər kəs qazandı, heç kim uduzmadı. Bütün Türkiyə, Bosniya, Şam, Yəmən qazandı". Bir türk ölkəsinin adını çəkmədi. Qırğızıstan prezidenti yanında dura-dura onun da adını çəkmədi. Niyyət belədir ki, ancaq ərəb dünyası ilə maraqlanırlar. Türkiyə yaxın illərdə böyük təhlükələrlə üz-üzə qalacaq. Bunun nümunəsini Suriyada, İraqda, Suriyada gördük. Düzdür, inanmıram ki, Türkiyə Kiprlə, Azərbaycanla əməkdaşlığı soyutsun. Amma onlar yalnız və yalnız ərəb ölkələrinə yönəliblər".
Millət vəkili Fazil Mustafa da Türkiyənin xarici siyasət kursunu qüsurlu hesab edir: ""Azərbaycan iqtidarının xarici siyasət kursu rəsmi Türkiyənin xarici siyasət anlayışından xeyli əsaslandırılımış və daha məntiqlidir.
Bu gün cənab Ərdoğanın xarici siyasətdə uğursuzluqlarının səbəbkarı da bilavasitə cənab Davudoğlu sayıla bilər. İlk əvvəllər cənab Davudoğlunun memarlığında Avropa Birliyinə daxil olma kursunu israrla aparan cənab Ərdoğanın bu kursu daha sakit və ardıcıl aparması zəruri idi. AB-də təbii ki, Türkiyəni istəməyən qüvvəllər var, ancaq məncə, Türkiyə bu quruma daha çox ehtiyac duyur. Ən əsası da buraya daxil olmasa belə, Avropa standartlarını əsasən mənimsəməsi baxımından vacib idi. Əvəzində Türkiyə məhz xarici siyasətdə ideoloji prinsiplərdən çıxış etməyə üstünlük verdi və bunu Yaxın Şərqdə tətbiq etməyə çalışdı. Avropanın da Türkiyə ilə münasibətdə çəkindiyi məqam məhz bu idi".
Millət vəkili hesab edir ki, Türkiyənin xarici siyasətində macəraçılıq amili o qədər yüksəkdir ki, qardaş ölkə hətta ən zəif vaxtlarında belə, sahib olduğu imkanları ard-arda itirməyə başlayır: "Opponentlik etmək istəyənlər Rusiya, Ermənistan, Suriya, Misir, İzrail, Ərəb neft dövlətləri, Qafqazlar, Orta Asiya corafiyasında Türkiyənin təsir gücünü və yerini tapmağa çalışsınlar. Cənab Davudoğlunun Konyada seçki ərəfəsindəki bir çıxışını dinləyəndən sonra bu optimist macəraçılığı məni heyrətləndirdi və cənab Ərdoğanın öz seçki kampaniyasında bu poetik mülahizələri necə bəlağətlə tərənnüm etdiyini sezdim. İsrail doqquz vətəndaşını öldürür, İŞİD 49 diplomatını aylarla girov saxlayır, səsi çıxmır".
Politoloq Qabil Hüseynli isə hesab edir ki, Əhməd Davudoğlu AKP hökumətində ən zəif siyasi fiqurlardan biridir: "Onun xarici işlər nazirliyi dövründə Türkiyə xarici siyasəti bir sıra prinsiplərlə, məsələn qonşularla "sıfır problem" siyasəti və buna bənzər digər proqramlarla çıxış etdi. Amma bu siyasətlərin heç biri özünü doğrultmadı. Əksinə, qonşularla problemlər daha da genişləndi".
Qabil Hüseynli əlavə edib ki, Davudoğlu çox itaətkar və müti bir şəxs olduğu üçün Ərdoğan ona üstünlük verib: "Referendumadək ona elə bir itaətkar baş nazir lazımdır ki, faktiki olaraq yenə də hakimiyyət prezident səlahiyyətlərini icra edən Ərdoğanın əlində olsun. Yəni, səlahiyyətlərini Davudoğlu vasitəsilə özündə saxlamaq istəyir".