“Dövlət başçılarının birgə bəyanatında əksini tapan müddəalar...” Siyasət

“Dövlət başçılarının birgə bəyanatında əksini tapan müddəalar...”

Elşad Mirbaşir: “Strateji müttəfiqliyimizin xarakterini ortaya qoydu”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirib. Səfər çərçivəsində baş tutan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasının yekununda Bakıda səfərdə olan Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin iştirakıyla 14 əməkdaşlıq sənədi imzalanıb.
Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədr müavini, politoloq Elşad Mirbəşiroğlu deyib ki, Türkiyə və Azərbaycan bu gün regionda təhlükəsizlik və inkişafın əsas təminatçıları kimi çıxış edirlər. Onun sözlərinə görə, getdikcə daha da möhkəmlənən strateji müttəfiqlik münasibətlərimiz bütövlükdə regionun geosiyasi mənzərəsini müəyyənləşdirir: "Qardaş ölkə Pezidentinin Azərbaycana son səfəri bu tezislərin bir daha təsdiqi ilə yadda qaldı. Dövlət başçılarının birgə bəyanatında əksini tapan müddəalar strateji müttəfiqliyimizin xarakterini ortaya qoydu. Tərəflər bütün parametrlər, o cümlədən hərbi-müdafiə, iqtisadi, nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı və s. istiqamətlər üzrə əməkdaşlığı dərinləşdirməklə bağlı razılıqlarını ifadə etdilər. Dövlət başçımızın da qeyd etdiyi kimi, dünya miqyasında bir-biri ilə ən yaxın münasibətlərə sahib olan Azərbaycan və Türkiyə gələcək iş birliyinin təməllərini razılaşdırdılar".
E.Mirbəşir oğlu qeyd edib ki, təkcə ötən il ərzində iki ölkə arasında ümumi ticarət dövriyyəsi 33 faiz artıb. Onun qənaətincə, bu gün imzalanan sənədlər sözsüz ki, artım dinamikasına əlavə təkan verəcək: "Cari ilin sonunda dünya miqyasında ən mühüm geoiqtisadi hadisələrdən biri baş verəcək. Söhbət "Cənub Qaz Dəhlizi" layihəsinin istismara verilməsindən gedir. Bu layihənin əhəmiyyəti ona görə yüksəkdir ki, o, təkcə iki ölkənin yox, bütövlükdə regionun iqtisadi inkişafına mühüm töhfələr verəcək. Bu layihə regionun geosiyasi çəkisini artıracaq.
Əlbəttə ki, qardaşlıq münasibətlərimizi xarakterizə edən ən önəmli göstəricilərdən biri də tərəflərin bir-birinə verdiyi siyasi dəstəkdir".
Politoloq əlavə edib ki, Türkiyə dövləti bütün beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyü məsələsini gündəmə gətirir və Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasına şərait yaradır. Azərbaycan da öz növbəsində qardaş Türkiyə dövlətinin apardığı haqq mübarizəsinə hər zaman siyasi-mənəvi dəstək nümayiş etdirir. Bu amillər Prezidentlərin mətbuata bəyanatlarında bir daha öz əksini tapdı.
Tərəflərin hərbi-texniki sahədə əməkdaşlığı dərinləşdirməklə bağlı razılığa gəldiyini də nəzərə çatdıran E.Mirbəşir oğlu bildirib ki, birgə silah istehsalının təşkili barədə olduqca önəmli danışıqlar aparıldı: "Nəzərə alaq ki, müharibə şəraitində yaşadığımız üçün silah arsenalımızın daim təkmilləşdirilməsi və müasirləşdirilməsi çox böyük əhəmiyyət kəsb edir. Bu gün imzalanan sənədlər strateji müttəfiqlik münasibətlərimizin ruhuna uyğun olaraq bütün sahələr üzrə əməkdaşlığımızın dərinləşməsinə mühüm töhfələr verəcək".
İqtisadçı ekspert Azər Badamov bildirib ki, Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri və Yüksəliş Strateji Əməkdaşlıq Şurasının VIII iclasında iştirakı ölkələrimiz arası əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir: “Görüşdə Prezident İlham Əliyevin Türkiyə Prezidentinə və digər qonaqlara "Vətəninizə xoş gəlmisiniz" deməsi Azərbaycan və Türkiyənin sözün əsil mənasında "bir millət iki dövlət" olduğunun göstəricisidir”.
Onun sözlərinə görə, dünyada Azərbaycanla Türkiyə qədər bir-birilərinə yaxın iki ölkə yoxdur: "İclas çərçivəsində imzalanmış 14 sənəd ölkələr arası ticari-iqtisadi, hərbi, mədəni və humanitar sahələri üzrə əməkdaşlıqda yeni üfüqlər açır. Ölkələrimiz arası ticarət dövrüyyəsi 4,5 milyaqrd dollara çatmasına baxmayaraq 2023-cü ildə 15 milyard dollara çatdırılmasının hədəflənməsi imzalanmış sənədlərin icrası və istifadə olunmamış yeni potensialların reallaşdıracağına maraqlı olduğumuzu göstərir. Azərbaycanda Türkiyənin 4 minə yaxın şirkəti fəaliyyət göstərməsi və Türkiyə şirkətlərinin ölkəmizdə icra etdiyi 300 layihə üzrə 16 milyard dollarlıq işin icrası Türkiyənin Azərbaycan iqtisadiyyatında önəmli yerdə olduğunun göstəricisidir. Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard dollar, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar investisiyalar yatırmışdır. Belə böyük həcmdə investisiyaları ancaq qardaş ölkələr yatıra bilərlər.
Türkiyənin həm də Naxçıvanın enerji təhlükəsizliyinin təminatında və iqtisadiyyatın inkişafında rolu artacaqdır. BTQ dəmir yolunu 160 km Naxçıvana qədər uzadaraq Azərbaycanla birləşdirilməsinin nəzərdə tutulması, Cənub Qaz Dəhlizi vasitəsilə Naxçıvana yeni boru kəmərinin tikintisinin planlaşdırılması və Naxçıvanda istehsal olunan qeyri-neft məhsullarının Türkiyə bazarlarına ixrac çeşidlərinin genişləndirilməsinin planlaşdırılması Naxçıvanın iqtisadi-sosial həyatının inkişafını sürətləndirəcəkdir. Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və torpaqlarımızın işğaldan azad olunması prosesinin reallaşmasına töhfə verir. Beynəlxalq təşkilatlarda Türkiyə ilə Azərbaycan bir-birini dəstəkləyir və bu da dünyada sözümüzün gücünü artırır. Ölkələrimiz arasında formalaşmış sarsılmaz dostluq münasibətləri prezdentlərimiz arasındakı qardaşlıq münasibətləri üzərində daha da möhkəmlənir və bu da ümumi düşmənlərmizə qarşı mübarizliyimiz artırır".
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu vurğulayıb ki, iclasın yekununda Bakıda səfərdə olan Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyevin iştirakıyla 14 əməkdaşlıq sənədi imzalandı:”Bundan sonra prezidentlər mətbuat qarşısında bəyanatla çıxış etdilər.
Birincisi, İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danışarkən, hərbi sənaye kompleksləri arasında əməkdaşlığa xüsusi önəm verdiklərini vurğuladı. İlham Əliyev Türkiyədən yeni hərbi texnika alacağını bildirdi. İlham Əliyevin bu açıqlamasına Rəcəb Təyyub Ərdoğan bu sözlərlə dəstək verdi: “Ordularımızın güclü olması önəmlidir. Bu baxımdan müdafiə sənayelərimizin gücləndirilməsi önəmlidir”. Beləliklə, hərbi əməkdaşlğın yeni mərhələsi gəlir. İki ölkə gələcəkdə birgə hərbi texnika istehsal edəcəklər. Ərdoğan onu da xatırlatdı ki, terrorla mübarizədə də iki dövlət əməkdaşlıq edir. Ərdoğan buna misal kimi FETÖ terror təşkilatı ilə mübarizədə Türkiyəyə ən çox dəstək verən Azərbaycan olduğunu göstərdi.
İkincisi, Rəcəb Təyyub Ərdoğan Bakıda dedi ki, iki ölkə arasındakı ticarət mübadiləsinin həcmini indiki 4 milyard 500 milyon səviyyəsindən 2023-cü ilə qədər 15 milyard dollara çatdırmaq lazımdır. Ərdoğan ticarətdə yüksək hədəfləri əməkdaşlıq etdiyi dövlətlərin liderlərinin hər biriylə görüşdə səsləndirir. Türkiyə bir çox dövlətlə əməkdaşlığı məhz Yüksək Səviyyəli Əməkdaşlıq Şuralarının iclasları vasitəsilə nizamlayır. Bir neçə il əvvəl Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 2 milyard dollar idi. O zaman Ərdoğan hədəf kimi ticarət mübadiləsini 10 milyard dollara çatdırmağı gösgtərirdi. İndi isə Ərdoğan hədəfi daha da böyüdərək 15 milyard dollar rəqəmini səsləndirir. Bu mümkündür. Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 11 milyard, Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın 20 milyard dollara yaxınlaşır. 10 il əvvəl iki ölkənin investisiyaları bu rəıqəmlərin xeyli geri qalırdı. Qarşılıqlı investisiyaların həcmi 10 milyardlarla dolları keçirsə, deməli ticarət mübadiləsinin həcmini yaxın 3 il ərzində 15 milyard dollara çatdırmaq problem olmamalıdır. Əsas odur ki, Ərdoğanın dediyi kimi müvafiq nazirliklər bu istiqamətdə fəaliyyətlərini və qarşılıqlı əlaqələrini genişləndirsinlər.
Üçüncüsü, Ərdoğan Bakıda bir daha təkrarladı ki, Türkiyədən Naxçıvana həm dəmiryol, həm də 160 kilometrlik qaz xətti çəkiləcək. Bu layihələrin reallaşması Naxçıvan üçün olduqca vacibdir. Doğrudur, hazırda öldürücü virusun yayılmasının qarşısının alınması məqsədilə Türkiyənin Naxçıvanla sərhəddi bağlanıb. Ancaq bu müvəqqəti xarakter daşıyır. Bu gün Naxçıvanın iqtisadiyyatı Türkiyə ilə daha çox bağlıdır. Ankara Naxçıvanın inkişafı və sosial problemlərinin həlli üçün dəstəyini azaltmayacaq.
Beləliklə, Rəcəb Təyyub Ərdoğanın Azərbaycana səfəri hər iki tərəf üçün faydalı oldu. Ərdoğan bölgədə yaranan ağır durum fonunda Azərbaycana səfər edib. Türkiyə Cumhubaşqanının Azərbaycanla əməkdaşlığı misal gətirərək “dörd tərəfdə terror hadisələri baş verdiyi bir vaxtda Azərbaycan və Türkiyə sabitlik adasıdır” sözləri də bundan xəbər verir. İlham Əliyevin “hazırda bölgədə gedən proseslərdə Azərbaycan dövləti və Azərbaycan xalqı birmənalı şəkildə Türkiyə dövləti və Türkiyə xalqının yanındadır” ifadəsi isə ona işarədir ki, rəsmi Bakı Türkiyənin Suriyada və İraqda terrorçulara qarşı mübarizəsini və bölgədəki maraqlarının qorunması siyasətini dəstəkləyir. İlham Əliyev “Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir” fikrini bir daha səsləndirməyi də unutmadı. Türkiyə Qarabağ məsələsində Azərbaycanı dəstəkləyirsə, Azərbaycan da Türkiyənin bölgədə həyata keçirdiyi siyasəti dəstəkləyir.