“Azərbaycanın arxasında çoxmilyonlu türk-islam ölkələri dayanır” Siyasət

“Azərbaycanın arxasında çoxmilyonlu türk-islam ölkələri dayanır”

Azərbaycanın arxasında çoxmilyonlu türk-islam ölkələri dayanır.
Bunu “Xalq cəbhəsi” qəzetinə açıqlamasında millət vəkili Anar Məmmədov bildirib.
Deputat qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi Azərbaycanın Türk Şurasının gücünün və nüfuzunun artmasında mühüm rol oynadığını göstərir. Qurum türkdilli ölkələr arasında iqtisadi, siyasi, nəqliyyat-loqistika, humanitar, mədəni və digər səhələrdə münasibətlərin daha da dərinləşməsində mühüm rol oynadığı qədər, yeni tip koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə də üzv ölkələrin bir birilərinə hərtərəfli dəstək vermələri baxımından olduqca əhəmiyyətli rol oynayır: "Ölkə başçısı videokonfrans çıxışında da bildirdi ki, Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görür, etibarlı tranzit ölkəsi olaraq türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur". Onun sözlərinə görə, Pandemiya ilə mübarizədə görülən tədbirlər birbaşa vətəndaşların sağlamlığının qorunması və virusun doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatların davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır. Təbii ki bu videokonfransın əsas məqsədi dost və qardaş ölkələrin dünyanı cənginə almış pandemiya təhlükəsinə qarşı vətəndaşlarının təhlükəsizliyini birgə qorumaq əzmi idi. Lakin bu pandemiyasının yaratdığı problemlər təkcə səhiyyə sahəsi ilə bitmir, eyni zamanda ölkələrin sosial-iqtisadi sferalarına da əhəmiyyətli şəkildə təsir göstərir. Buna görə də Zirvə görüşündə iqtisadi itkilərin minimuma endirilməsi məsələsi də müzakirə olundu: "Xüsusən də Bak-Tibilisi-Qars dəmiryolunun önəmi bir daha vurğulandı və qarşılıqlı iqtisadi mənafelərin təmin edilməsi baxımından olduqca yüksək qiymətləndirildi. Bütövlükdə isə qlobal pandemiyaya qarşı mübarizədə həm Azərbaycan Prezidentinin şəxsi nüfuzu, həm ölkəmizin geosiyasi mövqeyi və iqtisadi qüdrəti Bakının daha bir platformada - Türk Şurasında mühüm oyunçu kimi öz layiqli yerini tutması ilə nəticələndi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısı bir daha göstərdi ki, Azərbaycan yalnız bölgədə əsas oyunçu olmaqla kifayətlənmir, eyni zamanda türkdilli dövlətlər sırasında əsas ölkə statusunu qazanıb". Əminliklə söyləmək olar ki, Bakının birləşdirici mövqeyi olmadan Türk Şurası ideyasını gerçəkləşdirmək və yarana biləcək hansısa təhlükələrə qarşı birgə mübarizə olduqca çətin olardı. Artıq Azərbaycan türk-islam dünyasını Avropa ilə birləşdirən ən əsas ölkəyə çevrilib. Zirvə toplantısının imkanlarından faydalanan Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, bölgənin ən mühüm ölkəsi olan Azərbaycanın arxasında çoxmilyonlu türk-islam ölkələri dayanır və bu birlik hər zaman dünyaya həmrəylik nümayiş etdirərək öz siyasi çəkisini qoruyub saxlayacaq”.