Bundan sonra GUAM Parlament Assambleyası çərçivəsində necə fəaliyyət göstəriləcək? Siyasət

Bundan sonra GUAM Parlament Assambleyası çərçivəsində necə fəaliyyət göstəriləcək?

"Milli Məclisdə fəaliyyət sahələrimdən biri də GUAM Parlament Assambleyası çərçivəsində olacaq. Bu qurumdakı nümayəndə heyətimizə rəhbərlik edəcəm". Bu fikirləri millət vəkili Elnur Allahverdiyev səsləndirib. O, qeyd edib ki, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı sıralarında birləşdirən GUAM ciddi potensialı olan regional təşkilatdır: "1997-ci il oktyabrın 10-da yaradılıb. Əsas fəaliyyət prinsipləri iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, demokratik proseslərin sürətləndirilməsi, habelə bütün növ aqressiyalara, əsasən də etnik separatizm və dövlətlərin suverenliyinə qarşı yönəlmiş təhlükələrə qarşı vahid cəbhədən mübarizədir".
Millət vəkili deyib ki, GUAM PA qurumda birləşən dövlətlərin qanunverici orqanlarının koordinasiyalı şəkildə fəaliyyətlərini tənzimləmələri üçün əlverişli siyasi platformadır: "Hər bir beynəlxalq təşkilatda fəal iştirak, Azərbaycanın milli maraqlarının təbliği, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğalı kimi faktların beynəlxalq ictimaiyyətə çatdırılması qarşımızda duran başlıca vəzifə olmalıdır. Prezidentimiz cənab İlham Əliyev hesab edir ki, bu məqsədlərin reallaşdırılması üçün müdafiə deyil, daima aktiv hücüm diplomatiyasından istifadə etməli və düşmənə qarşı bütün çoxmillətli müstəvilərdə effektiv mübarizə nümayiş etdirməliyik. GUAM PA-nın da belə regional təşkilatlardan olduğunu nəzərə alaraq qeyd olunan istiqamətlərdə səylərimizi əsirgəməyəcəyik! Bu mübarizədə bizə dəstək olan bütün vətəndaşlarımıza öncədən təşəkkür edirəm".