Partiya sədrindən Kamil Vəliyə ağır sözlər: “Yırtıcıya bənzəyir və zorən müxalifətdir” Siyasət

Partiya sədrindən Kamil Vəliyə ağır sözlər: “Yırtıcıya bənzəyir və zorən müxalifətdir”

"Kamil Vəli Nərimanoğlu indi "əl müxalifət" dediyi Əli Kərimlini bir vaxtlar "zurnaçı" adlandırırdı"
"Kamil Vəli Nərimanoğlu indi "əl müxalifət" dediyi Əli Kərimlini bir vaxtlar "zurnaçı" adlandırırdı. Cəbhədə Əli Kərimli ilə maraqları toqquşanda "Yeni Müsavat" qəzetinə müsahibə vermişdi və Əli Kərimliyə "zurnaçı" demişdi. İndi, deyəsən, vərdişinə əməl edərək, yenidən fikrini dəyişib".
Bunu lent.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Kamil Vəli Nərimanoğlunun Azərbaycan müxalifəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Qeyd edək ki, bu gün "Azadlıq" qəzetində "Əl-müxalifət və əl müxalifəti" adlı yazı yazan Kamil Vəli Azərbaycanın müxalifət partiyaları arasından yalnız yazısı dərc olunan qəzetin faktiki sahibi Əli Kərimlini ayıraraq, digər partiya və qurumları təhqir edib. O, müxalifət təmsilçilərin barədə aşağılayıcı və etikadan kənar ifadələr işlədib.
Q. Həsənquliyev deyib ki, Kamil Vəli bu yazısı ilə öz tərbiyəsini və səviyyəsini ortaya qoyub: "İndi tərif dediyi Əli Kərimli də vaxtilə Kamil Vəlini "parkinson xəstəsi" adlandırırdı. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyətdən gedəndən sonra Kamil Vəli baş nazirin müavini kimi vəzifəsində qalırdı. O vaxt Heydər Əliyevin keçirdiyi bir müşavirədə onun başını təsdiq üçün yellədiyi görüntülərə baxanda Əli Kərimli deyirdi ki, bu adam vəzifəsini dondurmadığı bəs deyil, hələ bir yaltaqlanmaq üçün başını o qədər yelləyir ki, parkinson xəstələri kimi başı üstündə dayanmır. Amma bu yaltaqlığına baxmayaraq, Heydər Əliyev o vaxt onu vəzifədən azad edib, qovdu. İndi isə bu adam hakimiyyət əldə etmək üçün bütün səviyyəsizliklərə hazır olan yırtıcıya bənzəyir və zorən müxalifətdir".
Q. Həsənquliyev qeyd edib ki, bu gün Kamil Vəli ilə Əli Kərimli ilə bir xorda oxuması təəccüblü deyil: "Çünki elə Əli Kərimli də zorən müxalifətdir. Yadımdadır ki, o Heydər Əliyevdən səfir göndərilməsini belə xahiş etdi, amma bu da qəbul olunmadı. Görünür, Heydər Əliyev onun bir neçə "dostu" ilə birgə Elçibəyə xəyanət edərək daxili işlər nazirinin otağından ona zəng etmələrini unutmamışdı".
Partiya sədri bildirib ki, K. Vəlinin mənəvi dəyərlərdən danışması çox gülməlidir: "Mərhum Elçibəyin onun qohumluq təklifindən imtina etməsindən sonra bu adamın Əbülfəz bəy barədə Əli Kərimliyə daşıdığı iyrənc informasiyalardan hamının xəbəri var".
Xatırladaq ki, bu yazıda Kamil Vəli həm də Azərbaycanda yaşayan bütün insanları aşağılayıb: "Vallah iş o yerə gəlib çatıb ki, bu canım-gözüm Vətənimdə namuslu insan görəndə, istər qadın olsun, istər kişi, istər yaşlı olsun, istərsə cavan vicdanlı şəxsiyyət görəndə əlim üzümdə qalır. Və istər-istəməz fikirləşirəm: "İlahi, bu adam bu ölkədə necə yaşayır?".
O zaman sual ortaya çıxır: "Bəs Kamil Vəlinin bayaqdan tərif deyib, göyə qaldırdığı "əl-müxalifət"? Onlar da "namus və vicdandan" xali qaldılar? Buna deyirlər, başını itirmək!
Allah şəfa versin!