Genadi Şmal: "Bu gün Heydər Əliyev kimi insanlara ehtiyacımız var" Siyasət

Genadi Şmal: "Bu gün Heydər Əliyev kimi insanlara ehtiyacımız var"

"Heydər Əliyev potensialı sona qədər tələb olunmayan heyrətamiz insan idi. Məncə, o dünyadan tez getdi. Heydər Əliyev bizim ölkələrimiz üçün hələ çox şey edə bilərdi. Elə Sovetlər İttifaqı üçün də çox şey edə bilərdi. O, bunu daha sonralar Azərbaycanın prezidenti olduğu zaman sübut etmişdi".
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Rusiyanın görkəmli dövlət xadimi, Qərbi Sibirdə neft-qaz kompleksinin yaradıcılarından biri, Rusiyanın Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Genadi Şmal bildirib.
Onun sözlərinə görə, Heydər Əliyev Sovetlər İttifaqının siyasi tarixində böyük rol oynayıb, Mərkəzi Komitənin Siyasi Bürosunun üzvü və SSRİ hökumətinin sədrinin birinci müavini olub: “Heydər Əliyev həqiqətən böyük hakimiyyətə sahib idi. Mən, o zaman dəfələrlə onunla görüşmüşdüm. O, əsl professional idi. Baxmayaraq ki, ömrünün çox hissəsini iqtisadiyyatla deyil, digər məsələlərlə, dövlət təhlükəsizlik orqanlarında çalışmaqla keçirmişdi. Həmin zamanlar bizim hökumətdə Operativ məsələlərlə bağlı Komissiya fəaliyyət göstərirdi. Bu komissiya bütün ölkə üzrə iqtisadiyyata cavabdeh idi. Bu komissiyaya Heydər Əliyev rəhbərlik edirdi. Mən o zaman Neft-qaz nazirinin birinci müavini vəzifəsində çalışırdım. Bizim nazirlik çox ciddi və nəhəng strateji tapşırıqları yerinə yetirirdi. Qərbi Sibirin rayonlarından neft və qazın mərkəzə ötürülməsi və xaricə ixrac edilməsi qarşımıza qoyulan əsas tapşırıq idi. Biz bu tapşırıqları uğurla həyata keçirirdik. Tez-tez Heydər Əliyevlə təmasda olurduq, selektor iclaslar keçirirdik. O zaman SSRİ-ni təkcə ali katib və ya Nazirlər Sovetinin sədri idarə etmirdi, bütöv aparat vardı və bu aparatdakı insanlar ölkənin idarəçiliyi ilə məşğul olurdular. Onlar arasında ən yüksəkdə duranlardan biri məhz Heydər Əliyev idi".
G. Şmal Heydər Əliyevin çox təvazökar insan olduğunu vurğulayıb: "Bu insan hər zaman hansısa çətin bir məsələnin həllində yardım edə bilirdi. Çətinlik olanda hər zaman ona yaxınlaşıb kömək istəmək mümkün idi. O zamanlar belə çətin məsələlər çox olurdu. Elə indi də az olmur. Lakin indi o vəzifədə olan adama yaxın düşmək çətindir. Təəssüflər olsun ki, bu gün bu cür insanlar azdır. Bu gün Heydər Əliyev kimi insanlara ehtiyacımız var. Heydər Əliyev kimi insanların bir məqsədi, bir devizi vardı: Doğma ölkələri yaşasın!".