“Erməni xalqı aprel müharibəsinə görə cəza tələb edir” Siyasət

“Erməni xalqı aprel müharibəsinə görə cəza tələb edir”

Zahid Oruc: “Bu Azərbaycan dövlətinin qələbəsidir”

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirilib. İclasın gündəliyinə 1 məsələ-Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi daxil edilib.
Millət vəkilləri əvvəlcə cari məsələləri müzakirə ediblər.
Deputat Elman Nəsirov deyib ki, bu gün dünya iki yerə bölünüb. Faktiki olaraq, bu dünyada hüquq işləmir, hüququn gücü yoxdur. İkinci isə virtual dünyadır. Bu dünyada isə “qaralama”, “ləkələmə”, “terrorizmə çağırış” üstünlük təşkil edir”. O bildirib ki, sosial şəbəkələrdə təhqir yolunu seçmiş bir qrup insan siyasi manipulyasiya etməklə məşğuldur: “Sabah onları hansısa cinayət əməlinə görə həbs edəndə, iddia qaldırırlar ki, hansısa fikirlərinə görə həbs ediblər. Təklif edirəm ki, iyun ayı ərzində sosial şəbəkələrlə bağlı çox ciddi bir qanunu qəbul edək. Bu, artıq ictimai sifarişdir”.
Deputat İsa Həbibbəyli bildirib ki, Cənab Prezidentin XX əsrin əvvəlləri ilə bağlı fikriləri elmi əsaslara söykənir. O deyib ki, Prezident tərəfindən səslənən fikirlər Azərbaycan cəmiyyətinin tarixin dərslərindən nəticə çıxarmasına xidmət edir. Deputat Naxçıvandan gəlmək istəyənlər üçün hava yolundan başqa yol olmadığını da diqqətə çatdırıb: “Bu məsələni həll etmək lazımdır. Ona görə Operativ Qərargahın açıqlamasına baxmayaraq, bu işlərin mümkün qədər tezləşdirilməsi lazımdır. Eyni zamanda, Naxçıvandan gələnlər üçün sadələşmiş qaydalardan istifadə olunmasını təklif edirəm”.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, bir neçə gündən sonra Ermənistanda 4 günlük aprel döyüşlərinin nəticələrini araşdırmaq üçün 2016-cı ildə yaradılmış İstintaq Komissiyasının apardığı təhqiqat başa çatdırılacaq və nəticələrdən bir qismi ictimaiyyətə açıqlanacaq: “Xatırladaq ki, 90-ci illərdə 1-ci Qarabağ müharibəsindən sonra bir-birinin ardınca itirlmiş rayonlarımıza görə məhz Azərbaycanda belə istintaq və məhkəmə prosesləri aparılırdı və bu bizim məğlubiyyətlərimiz üzərində qurduğumuz məhkəmə idi”.
O deyib ki, Ermənistanda aprel döyüşlərindən sonra əsas hərbi və siyasi rəhbərlik yüksək kreslolarını və bir vaxtlar işğal hesabına qazandıqları nüfuzu itirdilər: “Serj Sarkisyan, Seyran Ohanyan, bir neçə ordu generalı nəinki vəzifələrindən getdilər, eləcə də İstintaqa çağrılmalı oldular. Xatırladaq ki, Sarkisyan və Ohanyandan başqa sabiq XİN Edvard Nalbandyan, sabiq baş nazir Karen Karapetyan, Bako Saakyan, o cümlədən Ağdərə, Cəbrayıl və digər ön cəbhələr üzrə döyüşlərdə iştirak edən hərbi hissə komandirləri, həmçinin Ordunun kəşfiyyat idarəsinin rəisi Arşak Karapetyan və digər yüksək rütbəli şəxslər də izahata cəlb olunublar. MDB Kollektiv Təhlükəsizliyinə 2017-də baş katib təyin olunub bir il sonra vəzifəsindən çıxarılan Yuriy Xaçaturov da izahata çağırılanlar sırasındadır. İstintaqın nəticəsində 1000 səhifədən artıq material toplanıb. Onun əsasında yeni cinayət işləri qaldırılacaqdır. İstintaq bütün hərbi və siyasi xarakterli məsələləri ən kiçik detallarına qədər araşdırır - Lələtəpə nə üçün əldən verildi, kəşfiyyat qrupu Azərbaycan ordusunun hərəkətləri barəsində tam məlumatlı idimi, hərbi sursat və yanacaq yetərli olubmu, xəyanət və satqınlıq baş veribmi, o cümlədən gecəgörmə cihazları və müşahidə qurguları düzgün çalışıbmı və sair”.
Komitə sədri daha sonra bildirib ki, İstintaq Komissiyasının işi ətrafında böyük ictimai maraq var və erməni xalqı aprel müharibəsinə görə cəza tələb edir: “Bu Azərbaycan dövlətinin qələbəsidir. Ermənistanın hərbi və siyasi baxımdan parçalanması, keçmiş səhra komandirlərinin məhkəməyə çəkilməsi İlham Əliyevin 4 günlük maharibəsinin nəticəsidir. Bizim tarixçi və siyasətçilərimizin 100 il bundan əvvəl İrəvanın Ermənistana verilməsinin zərurət olduğunu əsaslandırmaga bütün güclərini səfərbər etdikləri bir vaxtda Ermənistanın inqilabi hakimiyyəti aprel müharibəsinin yenidən təkrarlanmaması üçün məhkəmə qurur və günahkarları tapmaga çalışır. Təzadlı mənzərədir, lakin nəticə bizim xeyriməzdir. Əksər erməni mediasında Azərbaycanın Naxçıvanın bölgəsində Ali Baş Komandan İlham Əliyevin yerləşdirdiyi müasir reaktiv qurugular, "Kaplan", "Kasırğa" və sair raket qurgularının, hansı ki, hədəfi vurma məsafəsi 120 km-dir, onun təhülkəsi haqda silsilə yazılar gedir. Xatırladaq ki, Naxçıvandan İrəvana məsafə cəmi 42 km-dir. Bu gün öz siyasi və ordu generallarını mühakiməyə qalxan Ermənistan sual edir ki, İlham Əliyevın Naxçıvana müasir silahları yerləşdirilməsi ilə Azərbaycan prezidentinin son İrəvan çıxışı arasında hansı bağlılıq var? Ona görə Azərbaycanın hərbi və siyasi dairələri, həmçinin mətbuat vasitələri Ermənistanda gedən Aprel mühahirbəsi İstintaqını öz həyati mənafləri üçün hər bir sətrini, hər bir hərəkətini izləmələdir. Bəli, gələcək müharibə üçün, yeni aprel, may, iyun döyüşləri üçün...”.
Deputat Aydın Mirzəzadə isə parlamentin plenar iclaslarında cari məsələlərin müzakirəsi üçün 1 saat vaxt ayrılmasını istəyib. Deputat daha sonra spiker Sahibə Qafarovaya təşəkkür edib: “Bu gün gündəlikdən əvvəl cari məsələyə yazılan bütün deputatlara söz verməyiniz parlament tarixində bir ilkdir. Bunun üçün təşəkkür edirəm. Digər bir təklifim isə belədir ki, deputatlara verilən 10 dəqiqəlik vaxtı 5 dəqiqəyə endirək. Beləliklə, hər kəsin danışmaq imkanı olsun”.
Spiker isə bildirib ki, cari məsələlərə ayrılan vaxtı 1 saat edə bilməyəcək: “İmkan olanda deputatlara danışmaq üçün vaxt verirəm. Bu gün gündəlikdə bir məsələ olduğu üçün mən söz üçün yazılan hər kəsə bu imkanı verirəm. Digər tərəfdən deputatların 10 dəqiqəlik çıxışlarını isə lazım olduğu halda 5 dəqiqəyə endiririk. Ötən dəfə də bu məsələyə reaksiya verəndə dedim ki, 30 ildir niyə bu məsələni qaldırmırdınız? Bunu media da yazdı. Siz əvvəllər də bu təklifləri səsləndirib həyata keçirmiş olsaydınız, indi mənim üçün də ortada hazır qərar olardı və mən də onlara istinad edərdim”.
Deputat Məlahət İbrahimqızı diqqətdə çatdırıb ki, 1997-ci il avqustun 2-dək ərazi bütövlüyü uğrunda şəhid və itkin hərbi qulluqçuların vərəsələrinə 11 min manat bir dəfəlik müavinət verildi: “Çox təəssüf ki, bu dövrdə Qarabağ bölgəsində ezamiyyətdə olarkən şəhid olan prokurorluq orqanlarının şəhid əməkdaşlarının ailələri Baş Prokurorluğun biganəliyindən bu müavinətdən kənarda qaldı. Ümid edirəm ki, Baş Prokurorluğun yeni rəhbərliyi bu problemi həll edəcək”. O bildirib ki, belə ailələrin sayı və maliyyə tutumu çox azdır: “Düşünürəm ki, bu problem həll oluna bilər”. Parlamentari kitabxanaların da durumunu müzakirəyə çıxarıb: “Vaxtilə ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə 4-cü Mikrorayon ərazisində inşa edilmiş və açılış mərasimində də şəxsən ulu ğndərimizin iştirak etdiyi Nigar Rəfibəyli adına kitabxana və oradakı qiymətli kitablar acınacaqlı durumdadır. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etmişəm. Heç bir müsbət cavab yoxdur. Kitabxananın açılış mərasimində iştirak edən sakinlər ulu öndərimizdən onlara əmanət qalmış bu kitabxananın təmir olunaraq yenidən onların istifadəsinə verilməsini xahiş edirlər. Aidiyyatı orqanları bu problemin həllinə çağırıram”.
Deputat Siyavuş Novruzov söyləyib ki, bir-iki nəfər insanlarda elə fikir formalaşdırmağa çalışır ki, guya cümhuriyyətin varisi onlardır. O bildirib ki, bugünkü Azərbaycan bu cür inkişaf etmiş, dünyada tanınan, dünyada sözünü deyən olmasaydı, hansı varislikdən söhbət gedə bilərdi?
“Cümhuriyyətin varisi bizik. Onlar isə vətən xainləri, erməni lobbisi ilə birləşib Azərbaycana qara yaxanlardır. Biz fikirlərimizi də, rəylərimizi də düzgün istiqamətdə formalaşdırmalıyıq. Bu gün İlham Əliyev həm də Demokratik Cümhuriyyətin prezidentidir”, - deyə Siyavuş Novruzov bildirib
Vitse-spiker Adil Əliyev diqqətə çatdırıb ki, hazırda bütün dünyada 4,54 milyard sosial şəbəkə istifadəçisi var. O bildirib ki, sosial şəbəkələrin bir çoxu ABŞ-da yaradılıb və ofisləri oradadır: “Lakin ABŞ-da sosial şəbəkələrlə bağlı qanun layihəsi hazırlanıb. Layihənin əsas məqsədi terrorçuluqla və digər hallarla bağlı çağırışların qarşısını almaqdır. Sosial şəbəkə istifadəçisi təbii ki, fikrini ifadə etməlidir. Lakin Konstitusiyanın 47-ci maddəsi diqtə edir ki, tənqidə dözümlü olmalıyıq, təhqirə isə yox. Sosial platformalar hansısa məqsədlərə nail olmaq üçün istifadə edilən yerdir. ABŞ prezidentinin dediyi kimi, sosial şəbəkələr bir qrup insannın maraqlarını təmin edən platformaya çevrilib. Son zamanlar ölkəmizdə də müharibə, terrorizm və s. ilə bağlı çağırışlar edilir. Ancaq bu qanunazidd addımların qarşısı alınır. Lakin bizim müvafiq komitəmizdə bu məsələ ilə bağlı Cinayət Məcəlləsində dəyişiklik edilməsinə ehtiyac var. Cinayət və İnzibati Xətalar Məcəlləsində bu dəyişikliklərin edilməsi üçün peşəkar hüquqşünaslar da bu məsələyə cəlb edilsin”.
Adil Əliyev qeyd edib ki, təhqirə ən çox məruz qalan deputatlardan biri də özüdür: “Mən cavab verdiyim üçün onlar bunu daha da davam etdirirlər. Mənimlə eyni gündə digərlərini də təhqir ediblər, onlar susublar deyə, daha onların üstünə getməyiblər. Bu məsələdə susmaq olmaz. Sabah digərlərimiz də təhqirə məruz qala bilərik. Ona görə də bununla biz birgə mübarizə aparmalıyıq”.
Deputat Aqil Abbas isə “Prezident deyir ki, karantin dövründə işçiləri işdən çıxarmaq olmaz. Amma indi də Ağcabədi rayonuna əmr gəlib ki, 35 nəfər işdən ixtisar edilməlidir”, - deyə bildirib. O qeyd edib ki, əvvəlcə kənd kitabxanaları ləğv edilib: “Mən bilmirəm, Azərbaycanda kitaba niyə bu qədər nifrət edirlər? İndi də əmr gəlir ki, 35 nəfər ixtisar olunmalıdır. Yəqin başqa rayonlara da bu siyahı gedir. Niyə qardaşım? Doğrudan, büdcəmiz 35 nəfərin aldığı maaşa məcbur qalıb?!
Maliyyə Nazirliyindən xahiş edirəm ki, kitablarla işi olmasın. Niyə düşmüsünüz kitabların üstünə? Bir dənə rayon adı çəkilsin ki, orada kitab mağazaları var. İndiki zamanda işçiləri işdən çıxarmaq olmaz. Mən bu məsələnin nəzərə alınmasını xahiş edirəm”.
Millət vəkilləri daha sonra qanun layihəsinin müakirəsinə keçiblər.
I vitse-spiker Əli Hüseynli bildirib ki, hazırda fərdi maskalardan istifadənin zəruri olduğu yerlərlə bağlı Nazirlər Kabinetinin qərarı qüvvədədir. O bildirib ki, burada məqsəd heç bir halda vətəndaşları cərimələmək deyil, onları qorumaqdır: “Biz sadəcə burada cərimələrin miqdarını müəyyən edəcəyik. Vətəndaşlar yaxşı olardı ki, Nazirlər Kabinetinin 2 gün əvvəl olan qərarına da diqqət yetirsinlər”.
Deputat Əli Məsimli deyib ki, cərimələr layihədə nəzərdə tutulandan ən azı 2 dəfə aşağı olmalıdır. O bildirib ki, burada aztəminatlı ailələr, pensiyaçılar var: “İndiyə qədər on minlərlə insan cərimələnib, bundan sonra da cərimələnəcək. Yaxşı olardı ki, bu cərimələr Koronavirusla Mübarizə Fonduna köçürülsün. Təkcə cərimələrin miqdarını artırmaqla problemi həll etmək mümkün deyil”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev vurğulayıb ki, layihədə nəzərdə tutulan 50 manat uyğun cərimə məbləği deyil. O bildirib ki, cərimə məbləği 20-25 manata endirilməlidir: “Qanunu pozanlar çox vaxt elə pulu olmayan insanlar olur. Digər tərəfdən, kurslarla bağlı məsələyə də baxılmalıdır. Ara məsafəsi gözlənilməklə, maskadan istifadə etməklə kurslar öz fəaliyyətini davam etdirməlidir”.

Əli Zülfqaroğlu