Milli Məclisdən Avropa Parlamentinə xəbərdarlıq Siyasət

Milli Məclisdən Avropa Parlamentinə xəbərdarlıq

"Avropa Parlamenti və Avronest ilə əməkdaşlığın zərurilik məsələsini bir daha müzakirə etmək məcburiyyətində qalacağıq"
Oqtay Əsədov: "Azərbaycan bu bür beynəlxalq təşkilatlarla əməkdaşlığa yenidən baxmalıdır"
Valeh Ələsgərov: "Avropa Parlamenti vaxtilə Azərbaycanı işğal olunmuş əraziləri ilə bağlı şantaj edib"

Dünən Milli Məclisin 2014-cü il payız sessiyası öz işinə başlayıb. Sessiya dövlət himninin səslənməsi və oxunması ilə öz işinə start verib. Qeyd edək ki, sessiyanın gündəliyinə 37 məsələ daxil edilib.
Əvvəlcə spiker Oqtay Əsədov bildirib ki, parlamentin deputatları beynəlxalq təşkilatların iclaslarında aktiv iştirak ediblər: "Milli Məclis 2014-cü il ərzində 12 iclas keçirib, bu iclaslarda 131 qanun qəbul edilib".
Daha sonra Milli Məclis sədri Avropa Parlamentinin Azərbaycana qarşı çıxardığı qətnaməyə münasibət bildirib. Spikerin fikrincə, bu qətnamə qeyri-obyektiv və əsassızdır. Onun sözlərinə görə, bu qətnaməyə imza atan Avropa Parlamentinin 46 deputatından 45-i ümumiyyətlə heç Azərbaycanda olmayıb və xəritədə hətta ölkəmizin harada yerləşdiyini belə göstərə bilməzlər.
Spiker deyib ki, Azərbaycan bu bür beynəlxalq təşkilatlarla əməkdaşlığa yenidən baxmalıdır. Milli Məclis sədri təklif edib ki, parlamentdə bununla bağlı redaksiya heyəti hazırlanmalı və bura millət vəkillərindən Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Yevda Abramov, Xanlar Fətiyev daxil edilməlidir.
Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov söyləyib ki, Avropa Parlamenti Azərbaycana qarşı həmişə ikili standartlarla mövqe sərgiləyib. Onun sözlərinə görə, Avropa Parlamenti vaxtilə Azərbaycanı işğal olunmuş əraziləri ilə bağlı şantaj edib. O, qeyd edib ki, beynəlxalq təşkilatlar Azərbaycanın müstəqil xarici siyasətini həzm edə bilmir.
Parlament sədrinin müavini, Milli Məclis - Avropa Parlamenti Əməkdaşlıq Komitəsinin həmsədri Valeh Əsgərov çıxışında bildirib ki, bir çox dairələr, o cümlədən, Avroparlament müstəqil siyasətimizi həzm edə bilmir.
O, bəyan edib ki, Avropa Parlamenti Azərbaycana qarşı həmişə nəinki ikili standartlarla, hətta, dördlü-beşli standartlarla mövqe sərgiləyib: "Bilin ki, bu gün ikili standartlar deyil, hətta, dördlü-beşli standartlar da var.
Bir dəfə onlar bizə təklif etdilər ki, "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş əraziləri" sözlərinin qeyd olunduğu sənədə səs verək. Yəni Dağlıq Qarabağın bizim ərazimiz olması fikrindən imtina edirdilər. Şərt qoydular ki, ya bu sənədə imza ataq, ya da Azərbaycanda hansısa iki bloqger ilə bağlı AP qətnamə qəbul edəcək. Bu, şantaj deyil, nədir?!"
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də ABŞ prezidenti Barak Obamanın fikirlərinə və Avropa Parlamentinin qətnaməsinə münasibət bildirərək deyib ki, bunlar ədalətsiz mövqedir: "Onlar o QHT-lərə dəstək verirlər ki, Qarabağ məsələsini unutdururlar və erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər. İnanmıram ki, Azərbaycanda elə QHT olsun ki, Qarabağ probleminin məhz onların istədiyi kimi həllinə tərəfdar çıxsın. Azərbaycanı istəyən milli QHT-lər heç vaxt bu addıma getməzlər. Ancaq bununla belə, hesab edirəm ki, QHT-lərin fəaliyyətinin şəffaflaşdırılması üçün ciddi iş görməliyik".
QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev isə deyib ki, bu gün Avropa Parlamenti və "Avronest" Parlament Assambleyası haqda müsbət fikirlər deməyə əsas yoxdur: "Avropa Parlamenti Şərq Tərəfdaşlıq Proqramını zədələyib. "Avronest" Parlament Assambleyasına olan inam iflasa uğradı. Buna səbəb Avropa Parlamentinin mövqeyi və selektiv yanaşmasıdır. Avropa Parlamentinin qətnaməsi əsassız, qərəzli bir sənəddir. Onlar Ermənistana fərqli mövqe tututlar. Gürcüstanda siyasi məhbuslar var, sabiq prezidentə qarşı təzyiqlər var, amma bu qurum susur. Əvəzində Azərbaycanda baş verənlərə dərhal reaksiya verirlər".
Azay Quliyev deyib ki, Azərbaycanda qanunlara riayət edən QHT-lərin fəaliyyəti üçün heç bir problem yoxdur: "Hazırda bəzi QHT-lərin işinə baxılır. Bu yaxınlarda məhkəmə Emil Məmmədovun işinə baxdı və o, şərti azadlığa buraxıldı. Azərbaycan məhkəmələri ədalətlidir".
Deputat İqbal Ağazadə beynəlxalq təşkilatlara qarşı bəyanatların əleyhinə çıxdı: "Rusiyanın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına dəstək verməsini niyə unudursunuz? Belədirsə, niyə görə Azərbaycan Rusiya qarşısında qorxaq mövqedən çıxış edir? Ola bilsin ki, Rusiyanın Azərbaycan torpaqlarını da işğal etməsindən qorxursunuz. Bu manevr deyil".
O bildirib ki, Azərbaycanda kimsə milli maraqlara zərbə vuracaq fəaliyətlə məşğul ola bilər. Lakin deputat bu qənaətdədir ki, Azərbaycan beynəlxalq təşkilatların qərəzli mövqeyini nəzərə alaraq daxildə problemləri həll etməlidir: "Azərbaycan hakimiyyəti buna görə təqsiri olan insanları belə həbsdən azad etməlidir. Kütləvi barış amnistiyası olmalıdır. Azərbaycan hökuməti bütün bunları nəzərə alıb, sülhpərvər addımlar atmalıdır. Buna görə də beynəlxalq təşkilatlara qarşı bəyanat vermək lazım deyil. Əksinə onlarla əlaqələrə ciddi şəkildə yanaşmaq lazımdır".
İqbal Ağazadə bələdiyyələrin statusu ilə bağlı məsələlərə də toxunub. Onun sözlərinə görə, bələdiyyələrin səlahiyətləri artırılmalıdır.
Deputat Zahid Oruc isə çıxışında bildirdi ki, Rusiyaya meydan təfəkkürü ilə yanaşmaq düzgün deyil: "Almaniya kansleri Angela Merkel öz evində Rusiyadan gələn qazı kəssin, ona soyuq olsun, biz də bilək ki, o, həqiqətən Ukraynaya görə özünü fəda edir".
Deputatın fikrincə, Azərbaycan Rusiya ilə əlaqələrə üstünlük verməlidir: "Bunun Azərbaycana və Dağlıq Qarabağ münaqişəsinin həllinə də xeyri var. Bu gün bəziləri Rusiyaya meydan təfəkkürü ilə yanaşaraq bu ölkə ilə əlaqələrin qurulmasına qarşı çıxır. Bu düzgün deyil".
Zahid Orucdan sonra çıxış növbəsi Fəzail Ağamalıya çatanda iclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov yarıciddi-yarızarafat şəkildə hər iki deputatın ünvanına atmaca atıb: "Bilmirəm, təsadüfdəndir, nədəndi, bu gün ikinci dəfədir Fəzail Ağamalı Zahid Orucdan sonra çıxış edir..."
Buna cavabında isə Fəzail Ağamalı "atmacanızı və təbəssümünüzü anlayışla qarşılayıram" deyib.
Qeyd edək ki, dünən günün ikinci yarısında Milli Məclis Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə cavab olaraq bəyanat qəbul edib.
Qanunverici orqanın ötən gün keçirilən plenar iclasında bəyanatı deputat Məlahət İbrahimqızı oxuyub.
Bəyanatda bildirilir ki, bu qətnamə qərəzli xarakter daşıyır və qeyri-obyektivdir: "Həbsdə və ya istintaq altında olan şəxslərin məhkəmə olmadan azad edilməsi şərtləri hörmət prinsipi ilə bir araya sığmır. Azərbaycanda söz azadlığının pozulmasından söhbət belə gedə bilməz. Ölkədə heç kim tərəfindən və heç nə ilə məhdudlaşdırılmayan İnternet şəbəkəsi mövcuddur. QHT-lərin fəaliyyətinə hər cür şərait yaradılıb və son illərdə ölkədə onların sayı 4 minə çatıb. Milli Məclis üzvləri təəssüflə qeyd edirlər ki, qətnamədəki faktlar dəqiqləşdirilmədən yayılıb. Əlbəttə, Azərbaycanda hər şey tam qaydasında deyil, insan haqlarının pozulması faktları var. Lakin bunlar sistemli xarakter almayıb".
Bildirilib ki, Azərbaycan parlamenti bu qətnaməni Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa zidd olan, hüquq qaydasını şübhə altına alan, dövlətin beynəlxalq imicinə zərər vuran əməl kimi qiymətləndirir: "Əgər bu cür münasibət davam edəcəksə, Azərbaycan Avropa Parlamenti və Avronest ilə əməkdaşlığın zərurilik məsələsini bir daha müzakirə etmək məcburiyyətində qalacaq".
Bəyanat səsə qoyularaq qəbul edilib.