Rəsmi Vaşinqton niyə narazıdır? Siyasət

Rəsmi Vaşinqton niyə narazıdır?

Tofiq Abbasov: "Proses ABŞ-ın gözləntilərinə zidd tərzdə getdi"
Natiq Miri: "Bu əsasən Xəzəryanı olmayan ölkələrin Xəzərə buraxılmaması ilə bağlıdır"
Əli Orucov: "Bu ilk növbədə ABŞ-ın Xəzər hövzəsinə maraqlarından qaynaqlanır"
Azər Həsrət: "ABŞ dünyanın hər nöqtəsində sərəncam vermə haqqının olduğunu düşünür"

Rəsmi Vaşinqton "Xəzər beşliyi"nin bəyanatına sərt təpki göstərib. ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda keçirilən brifinqdə "biz "Xəzər beşliyi"nin birgə bəyanatında qeyd olunmuş başqa müddəalarla yanaşı, Xəzər dənizində sahil ölkəsi olmayan dövlətlərin silahlı qüvvələrinin mövcudluğunun yolverilməzliyi barədə müddəanı da görmüşük",- deyə bildirib. O, Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Azərbaycan liderləri tərəfindən sentyabrın 29-da qəbul edilmiş birgə bəyanat barədə suala cavab verərkən deyib ki, bizim Azərbaycanla sərhəd təhlükəsizliyi, anti-terror fəaliyyəti, NATO-nun qarşılıqlı əməliyyatlara və beynəlxalq missiyalara, sülhyaradıcılarla töhfə verməsi imkanları üzərində cəmləşmiş güclü təhlükəsizlik əməkdaşlığımız var: "Biz düşünmürük ki, "Xəzər beşliyi"nin birgə bəyanatı bunu dəyişəcək və ABŞ-Azərbaycan əməkdaşlığını təsirləndirməyəcək.
Xatırladaq ki, beş Xəzəryanı ölkənin Həştərxanda keçirilmiş sammitində qəbul olunmuş birgə bəyanatda deyilir: "Xəzər beşliyi" Xəzər dənizində sahil ölkəsi olmayan dövlətlərin silahlı qüvvələrinin mövcudiyyətini yolverilməz hesab edir".
Rusiyalı politoloq Stanislav Tarasov isə Həştərxan sammitində qəbul edilən bəyanatın önəmli olduğunu bildirib:
"Dəfələrlə Amerikanın neft şirkətləri Xəzərdə müəyyən layihələrdə pay sahibi olmağa çalışıblar. ABŞ-ın Xəzər regionundan çıxarılması bölgə dövlətlərinin suverenliyini gücləndirəcək və bu regionda qüvvələr balansını dəyişdirəcək". Politoloq bəyanatın mahiyyətinə toxunaraq, ABŞ-ın Xəzərdə mövqe itirdiyini deyib: "Həştərxanda baş tutan Xəzər sammitini adi bir hadisə hesab etmək olmaz. "Xəzər beşliyi" ilk dəfə statusla bağlı siyasi bəyanat qəbul etdi. Bu regional əməkdaşlığın inkişafına əsaslı yardım edəcək. Əlbəttə ki, bu razılığa daha öncələr də gəlmək olardı. Bəzi ekspertlərin fikrincə isə bölgədə digər bir təhlükə "üçüncü qüvvə"nin ortaya çıxma ehtimalıdır!".
Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə Rusiyanın Xəzər dənizinin hərbiləşməsinə qarşı çıxmasına münasibət bildirərkən deyib ki, Rusiya Xəzərin hərbiləşməsinin əleyhinədirsə, ilk növbədə öz donanmasının sayını azaltmalıdır. Millət vəkili qeyd edib ki, Xəzərdən ən çox hərbiləşən ölkə Rusiyadır: "Rusiya Xəzər hövzəsinə aid olmayan dövlətlərin bu dənizdə donanma saxlamasının əleyhinədir. 1921-ci ildə SSRİ-İran sazişinə əsasən İranın da Xəzər dənizində donanma saxlamaq hüququ ləğv olunmuşdu. Ancaq Rusiya bu qadağanı aradan qaldırdı. Rusiya bir tərəfdən Xəzərin hərbiləşməsinin əleyhinə çıxır, digər tərəfdən isə köhnə qadağaların ləğv olunması ilə İranın Xəzərdə donanma saxlaması ilə razılaşır. Bu isə bir sıra problemlərin yaranmasına səbəb ola bilər".
Millət vəkili onu da deyib ki, Xəzər hərbisizləşirsə, bu amil ilk növbədə Rusiyanın özünə şamil olunmalıdır.
Politoloq Tofiq Abbasov vurğuladı ki, ümumi nəticə və baxışlardan bəlli olan odur ki, Xəzər "beşliyi" nəhayət ki, konsensusa aparan yola xeyli yaxınlaşdı: "Buna səbəb isə ölkələrin həll mexanizminin işlənməsinə dair nümayiş etdirdiyi dözümlülük və kompromisslərə hazır oldu. Bəzi dairələrdə prosesin bu tərz gedişatı ona görə qıcıq doğurur ki, onlar münaqişəli vəziyyətin saxlanılmasında maraqlı idilər. Elə indi də maraqlıdırlar. Çaşqın və dolaşıq vəziyyət Amerika ilə onun dostlarına ona görə sərf edir ki, münaqişəli durumda bu koalisiyanın mənsubları müxtəlif bəhanələrlə müdaxilə etmək imkanı yox yerdən əldə edə bilirlər. Əgər ən çətin problem və məsələ ətrafında konsensus tapılırsa, deməli kənar qüvvələr üçün müdaxilə imkanları məhdudlaşır. Və əgər nəzərə alsaq ki, beşliyin sıralarında olan məmləkətlərdən ən azı ikisi Vaşinqtonun əzəli rəqibi və hətta düşmənidir. Ağ ev onların hər addımını ona görə diqqətlə izləyir ki, səhvləri tutub sonra da Moskva ilə Tehranı qısnamağa bəhanə əldə etsin". O, həmçinin əlavə etdi ki, Xəzər ətrafında formalaşmış vəziyyət Amerikaya bunu vəd edirdi, lakin proses tam başqa ssenari ilə getdi. Yəni, ABŞ-ın gözləntilərinə zidd tərzdə. Bu səbəbdən də Amerika Xəzər sammitini təqdir etmir...".
Politoloq Natiq Miri isə dedi ki, bu əsasən Xəzəryanı olmayan ölkələrin Xəzərə buraxılmaması ilə bağlıdır: "Eyni zamanda, Xəzərin səthinin 15 mil-dən o yana ümumi istifadəyə verilməsi kimi müddəalar da gələcəkdə Xəzərdə Rusiyanın hegemoniyasını nəzərdə tutur. Və bu cür davam edərsə, Xəzərdə hər hansı bir kəmərin çəkilməsi məsələsində də heç bir ölkəyə müstəqillik verilməyəcəyi də narahatlıq yaradır. Bu isə gələcəkdə qlobal layihə olan transxəzər qaz layihəsinin birdəfəlik qarşısını ala bilər. Ona görə də ABŞ bu bəyanatdan narazıdır".
Siyasi ekpert Əli Orucov dedi ki, bu ilk növbədə ABŞ-ın Xəzər hövzəsinə maraqlarından qaynaqlanır: "Bildiyiniz kimi Xəzər hövzəsi həm karbohodrogen, qaz yatqlaraına və digər təbii sərvətlərinə görə, eləcə də əlverişli coğrafi məkanda yerləşir. Xəzər dənizi bir növ mraqların toqquşduğu məkandır. Buranı Avrasiyanın ən vacib nöqtəsi də adlandırmaq olar. Zəngin neft-qaz yataqlarınına nəzarət uğrunda gedən gərgin mübarizədə bu region xüsusi əhəmiyyət kəsb edə bilməz. Göründüyü kimi Həxtərxan bəyannaməsi də əsasən Moskvanın maraqlarını təmin edir. Bu isə təbii ki, ABŞ-ı rahatsız etməyə bilməzdi".
Siyasi şərhçi Azər Həsrət söylədi ki, ABŞ dünyanın hər nöqtəsində sərəncam vermə haqqının olduğunu düşündüyü üçün belə narazılıq ifadə edir: "Bu ölkəni idarə edənlər hələ də anlamaq istəmirlər ki, hər bir ölkə özünə aid olan məsələlərlə bağlı qərar verməkdə suveren hüquqlara sahibdir. Azərbaycan və digər Xəzəryanı ölkələr yığığışıb ortaq bir qərar verirsə, bunun ABŞ-a heç dəxli yoxdur. Narazılıq da ondan irəli gəlir ki, ABŞ Xəzərdə hərbi gəmilərini üzdürmək istəyirdi, artıq bu baş tutmayacaq. Elə baş tutmasa yaxşıdır. Çünki ABŞ gəmilərinin Qaradənizə girməsinin Ukraynaya nə gətirdiyi göz önündədir".

Əli