Deputat: Həkimlərimizin mübarizliyi və fədakarlığı göz qabağındadır Siyasət

Deputat: Həkimlərimizin mübarizliyi və fədakarlığı göz qabağındadır

Bu gün, iyunun 17-də Azərbaycanın tibb işçiləri öz peşə bayramını qeyd edirlər. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Sərəncamla tibb işçiləri gününü təsis etməsi Onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini nümayiş etdirirdi.
Bunu Trend-ə Milli Məclisin deputatı Kamran Bayramov deyib.
K.Bayramov bildirib ki, bu peşə bayramı ulu öndər Heydər Əliyevin Azərbaycan səhiyyəsinə hədiyyəsi olub: “İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır. Ötən dövrə nəzər salanda deyə bilərik ki, bu dövr Prezident İlham Əliyevin sosial yönümlü siyasəti, iqtisadi inkişaf sayəsində həm Vətənimiz üçün, həm də ölkə səhiyyəsi üçün uğurlu bir dövr olub. Dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycan dövləti səhiyyə sahəsində öz vətəndaşları qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir”.
Deputat bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə diqqət və qayğısı nəticəsində nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzlərinin yaradılması, köhnə tibb ocaqlarının təmir olunaraq müasir avadanlıqlarla təmin edilməsi bu müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsinə, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar yaradıb:
“Bu gün tibb işçilərinin peşə bayramının koronavirus pandemiyasının ölkəmizə ciddi təsir etdiyi bir dövrə təsadüf etməsinə baxmayaraq, həkimlərimiz və tibb işçilərimiz cəsarətlə və əzmkarlıqla fəaliyyət göstərirlər, işlərinin nə qədər vacib və əvəzedilməz olduğunu bir daha nümayiş etdirirlər. Onların mübarizliyi və fədakarlığı göz qabağındadır. Həkimlərimiz öz həyatlarını, sağlamlığını böyük təhlükə altına qoyaraq öz vəzifə və mənəvi borclarını vicdanla yerinə yetirilər, bunun nəticəsində koronavirusa yoluxmuş çoxsaylı xəstələri sağaldırlar, ağır xəstələrin həyatı uğrunda amansız mübarizə aparırlar.
Əminəm ki, həkimlərimizin və tibb işçilərimizin səyləri və yorulmaz fəaliyyəti ilə ölkəmiz tezliklə koronavirus pandemiyasına qalib gələcək.
Fürsətdən istifadə edərək, hər bir həkimi, feldşeri, tibb bacısını, kiçik tibb işçisini, ümumilikdə ölkəmizdə səhiyyə və tibb elmi sahəsində çalışan hər kəsi peşə bayramları münasibətilə ürəkdən təbrik edirəm”.