MDB dövlət başçılarının toplantısı keçirildi Siyasət

MDB dövlət başçılarının toplantısı keçirildi

Prezident İlham Əliyev: "Azərbaycan MDB-də iştirakına böyük önəm verir"
Nursultan Nazarbayev: "MDB-nin yeni inkişaf konsepsiyası hazırlana bilər"
Vladimir Putin: "Rusiyanın çağırışı vaxtında eşidilsəydi, Ukrayna və Moldovada problemlər də meydana çıxmazdı"

Dünən Belarus paytaxtında MDB Dövlət Başçıları Şurasının iclası keçirilib. Birlik ölkələrinin liderləri görüşün keçirildiyi Minskin Müstəqillik Sarayına gəliblər. RİA Novosti-nin xəbərinə görə Ukrayna prezidenti Petro Poroşenko zirvə toplantısına qatılmayıb. Bu ölkəni Minskdəki səfir Mixail Yejel təmsil edib.
Zirvə toplantısında iqtisadi, humanitar və hüquq-mühafizə sahələrində çoxtərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirəyə çıxarılıb.
Prezident İlham Əliyev iclasda çıxış edib. Azərbaycanın dövlət başçısı deyib ki, MDB-nin potensialı tükənməyib: "Bu, əməkdaşlıq, qarşılıqlı fəaliyyət, regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirə olunduğu məkandır. Biz uzun müddətdir birgə ünsiyyət saxlayan və vacib məsələləri həll edən həmkarlar kimi belə açıq və səmimi ab-havada bizi narahat edən bütün məsələləri müzakirə etməliyik".
Dövlət başçısının sözlərinə görə, Azərbaycan MDB-də iştirakına böyük önəm verir: "Biz hesab edirik ki, təşkilatımız çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birinin problemini daha yaxşı anlama, həmçinin digər vacib məsələlərin həlli işində bir çox şeylərə nail olunub. Eləcə də MDB üzvü olan ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda aktiv qarşılıqlı fəaliyyət göstəririk. Hesab edirəm ki, ikitərəfli əlaqələr təşkilatımız çərçivəsində münasibətlərimizi möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əməkdaşlığın potensialını genişləndirməyə çalışacağıq".
Prezident çıxışında qeyd edib ki, MDB çərçivəsində iqtisadiyyat və investisiyalar sahəsində yaxşı təcrübə var: "Bu gün əlbəttə ki, narahatlıq doğuran məsələlərə diqqət ayrılır. Bunlar regional, beynəlxalq təhlükəsizliklə bağlı məsələlərdir".
Dövlət başçısı bildirib: "Əlbəttə ki, sərhədlərimizdən çox da uzaq olmayan ərazilərdə baş verənlər bizi narahat edir. Yaxın Şərq və Avropadakı vəziyyət şübhəsiz ki, adekvat qiymətləndirməni tələb edir və hər bir ölkə çalışmalıdır ki, fəaliyyəti ilə etimad, təhlükəsizlik və əməkdaşlıq tədbirlərinə töhfə versin. Biz regional və beynəlxalq işlərdə rolumuzu belə nəzərdən keçiririk və hesab edirik ki, ölkəmizin yürütdüyü siyasət risklərin azaldılmasına, vəziyyətin sabitləşdirilməsinə yönəldilib".
İlham Əliyev deyib ki, bu məsələdə iqtisadi potensial və siyasi iradə heç də az rol oynamır: "Azərbaycanın MDB məkanında, eləcə də regional və ikitərəfli əməkdaşlıq çərçivəsində irəli sürdüyü təşəbbüslər təhlükəsizliyin, etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. Bu əməkdaşlığı nəqliyyat sahəsində də fəal müşahidə edirik. Biz bu yaxınlarda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti çərçivəsində Xəzəryanı ölkələr arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik. Fikrimcə, MDB məkanında yaxşı imkanlar mövcuddur və bu imkanların bir hissəsi artıq reallaşdırılıb. Nəqliyyat infrastrukturuna yatırılan investisiyalar ölkələrimizi uzunmüddətli perspektivdə birləşdirir və əməkdaşlıq, əlavə gəlir əldə etmək üçün əlavə imkanlar yaradır".
Prezidentin sözlərinə görə, Azərbaycan əlbəttə ki, enerji resurslarının istehsalçısı kimi bu sahədə tərəfdaşları ilə əməkdaşlığa maraq göstərir: "Hesab edirəm ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər və layihələr regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə xidmət edir və bu sahədə investisiya layihələri və bu istiqamətdə səylərin geniş əlaqələndirilməsi üçün yaxşı imkanlar var, çünki enerji təhlükəsizliyi məsələləri bilavasitə hər bir ölkənin milli təhlükəsizliyi ilə bağlıdır. Tərəfdaşları və qonşularının enerji təhlükəsizliyini təmin etmək məsələsində kifayət qədər enerji resurslarına malik ölkələrin üzərinə əlbəttə ki, böyük məsliyyət düşür".
Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə çıxışında bildirib ki, Müstəqil Dövlətlər Birliyinin yeni inkişaf konsepsiyası birlik ölkələrinin dövlət başçılarının iştirakı və razılığı ilə işlənib hazırlanmalıdır. Onun sözlərinə görə, sənəd MDB-nin yaradılmasının 25 illiyinə (2016-cı ildə) hazırlana bilər.
Qazaxıstan lideri qeyd edib ki, MDB-yə sədrliyin 2015-ci ildə Qazaxıstana verilməsi haqqında razılıq əldə olunub və ölkə, həmçinin ticarət-iqtisadi münasibətlərin inkişafı, azad ticarət zonaları sahəsində işləri davam etdirir.
Belarus prezidenti Aleksandr Lukaşenko isə diqqəti Ukraynadakı vəziyyətə yönəldib. Onun sözlərinə görə bu sadəcə yerli gərginlik ocağı deyil, oradakı vəziyyət bütün postsovet məkanına təsir edir: "Münaqişənin nizamlanması məsələlərini münaqişə edən tərəflər həll etməlidirlər: "Əgər ölkələr sülhün əldə olunmasında maraqlıdırlarsa, onda münaqişə edən tərəflər ən zəruri məsələləri öz aralarında həll etməlidirlər. Onların həllini gah Berlində, gah da Milanda axtarmalı deyillər. Münaqişə tərəfləri təkcə təmas nöqtələrini tapmalı deyillər, Minskdə danışıqlar zamanı əldə olunan razılaşmalara da əməl etməlidirlər".
Sammitdə çıxış edən Tacikistan prezidenti Emoməli Rahmon isə Orta Asiya respublikaları üçün mövcud olan təhdidlərdən - Əfqanıstanda "Taliban" hərəkatından, narkotrafikdən və dini radikalizm təhlükəsinin getdikcə artmasından danışıb.
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov da çıxışında MDB dövlətləri qarşısında dayanan problemlərdən, regional təhlükəsizlik məsələlərindən və beynəlxalq terrorçuluğun, dini radikalizmin yaratdığı təhdidlərdən danışıb.
Özbəkistan prezidenti İslam Kərimov isə dünyadakı gərgin vəziyyətdən, bir çox ölkələrdə qan axıdılması ilə nəticələnən siyasi qarşıdurmalardan, Əfqanıstanda 35 ildir davam edən, qardaş qırğını, milyonlarla adamın həlak olması ilə nəticələnən müharibədən danışıb.
İslam Kərimov Ukrayna prezidenti Pyotr Poroşenkonu MDB sammitinə qatılmadığına görə kəskin tənqid edib. İ.Kərimov bunu "yolverilməz davranış" adlandırıb. O, Ukraynanın hələ MDB üzvü olduğunu xatırladıb və Poroşenkoya iradlarını davam etdirib.
Moldova prezidenti Nikolay Timofti də Ukraynadakı münaqişədən danışıb, bu münaqişənin kökünün Avropa İttifaqı ilə Assosiasiya sazişinin imzalanmasından qaynaqlandığını deyib.
N.Timofti bildirib ki, onun ölkəsi də Aİ ilə Assosiasiya sazişi imzalayıb və bu əməkdaşlıq MDB ölkələri ilə Moldova arasında əməkdaşlığa mənfi təsir etməməlidir. Moldova prezidentinin sözlərinə görə, onun ölkəsinin Avropa ilə əməkdaşlığı MDB-nin qalan ölkələrinə qarşı deyil və bu məsələdən münaqişə yaratmaq üçün istifadə olunmamalıdır. N.Timofti Rusiyanın Moldova ilə Aİ arasında Assosiasiya sazişinə görə çaxır idxalına qadağa qoymasından da məyus olduğunu ifadə edib.
Rusiya prezidenti Vladimir Putin isə öz çıxışında Moldova və Ukraynaya xəbərdarlıq edərək deyib ki, onlar Aİ ilə azad ticarət razılaşmasına gedəndə bunun Rusiya ilə ticarət münasibətlərinə necə təsir edəcəyini nəzərə almalı idi.
Putinin bildirdiyinə görə, o, dəfələrlə təklif edib ki, Aİ ilə azad ticarət razılaşmasının nəticələri təhlil olunsun, bunun Rusiya ilə iqtisadi-ticarət əlaqələrinə necə təsir edəcəyi araşdırılsın. Lakin onun sözlərinə görə, həmin ölkələr bunu etməyiblər, əgər Rusiyanın çağırışı vaxtında eşidilsəydi, problemlər də meydana çıxmazdı.