"Azərbaycan faktiki olaraq regional lider statusunu əldə etmiş ölkə sayılır" Siyasət

"Azərbaycan faktiki olaraq regional lider statusunu əldə etmiş ölkə sayılır"

Pandemiyanın hökm sürdüyü hazırki kritik bir dönəmdə ölkəmizin qlobal miqyasda uğurlara imza atması təqdirəlayiq haldır.

Bunu Xalqcebhesi.az-a Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

Partiya sədri bildirib ki, Azərbaycanın BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşmasını ilin əsas sosial-iqtisadi hadisəsi hesab etmək olar. Bu indeksə əsasən, dünyada hər 3 ölkədən 2-ni qabaqlayan Azərbaycan faktiki olaraq regional lider statusunu əldə etmiş ölkə sayılır. Hesabatdan da göründüyü kimi ölkəmiz bütün qonşularını geridə qoyub. Belə ki, hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Nəzərə alsaq ki, BMT-nin "Davamlı inkişaf hesabatı" bütün dünya miqyasında ən mötəbər hesabatlardan birincisi hesab olunur, bu hesabatda Azərbaycanın bu cür müsbət mövqedən təqdim edilməsi həqiqətən də sevindirici haldır:

"Davamlı inkişaf indeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması heç şübhəsiz ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən köklü iqtisadi və sosial islahatların nəticəsidir. İslahatlar ilk növbədə məhz davamlı inkişafa xidmət edir. Bu gün davamlı inkişaf Azərbaycan hökuməti üçün prioritet istiqamətlərdən biridir və aparılan islahatlar növbəti illərdə də Azərbaycanın inkişafının davam etdirilməsi üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin bu yaxınlarda Dünya Bankının rəhbəri ilə videkonfrans formatlı görüşdə islahatlarla bağlı səsləndirdiyi fikirlər də bunun əyani təsdiqidir. Dövlətimizin başçısı islahatların aparılmasının dayanıqlı inkişaf üçün zəruriliyi məsələsinə toxunaraq bildirmişdi ki, “iqtisadi islahatlar aparılmadan ölkəmizin dayanıqlı inkişafı mümkün deyil. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz postneft dövrünə hazırlaşmalıyıq və əslində postneft dövrü artıq göz qabağındadır. Çünki neft bazarlarında müşahidə olunan böhran demək olar ki, neftlə zəngin olan bütün ölkələrin gəlirlərinə çox mənfi təsir göstərmişdir. Ona görə bizim əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu istiqamətdə əldə edilmiş nəticələr məhz islahatlara söykənir, aparılan islahatların nəticəsidir”. BMT də “Davamlı İnkişaf Məqsədləri üzrə İndeks”i hazırlayarkən həm iqtisadi, həm də sosial sahədə aparılan islahatların nəticələrinə istinad edir. Belə ki, makroiqtisadi və sosial göstəricilərdə baş verən dəyişikliklər bu hesabatda öz əksini tapır".

Ə.Hesrynov onu da vurğulayıb ki, budəfəki hesabatda Azərbaycan faktiki olaraq regionun üç aparıcı ölkəsi sayılan Rusiya, Türkiyə və İranı da geridə qoyub. Ümumilikdə isə Azərbaycan 110-dan çox ölkəni geridə qoyub. Bu çox əlamətdar bir hadisədir və böyük uğurdur. Mən bu uğura görə ilk Prezident İlham Əliyevi təbrik edirəm. Çünki Azərbaycanın BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə regional liderə çevrilməsi məhz dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahat və inkişaf startegiyasının nəticəsidir:

"Sözügedən hesabatın Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da öz müsbət təsirini göstərəcəyinə əminəm. Davamlı inkişaf indeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılmasını pandemiya dönəminin ən xoş xəbərlərindən biri kimi qiymətləndirirəm və ölkəmizin uğurlarının davamlı olmasını diləyirəm".

Cavid