Ermənilər çaşqınlıq içində Siyasət

Ermənilər çaşqınlıq içində

Rəsmi Bakı Ohanyanını cavabını verib.

Cavid

Bu həftənin ilk günündə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanda səfərdə olması, Bakıda mühüm sənədlər imzalaması Ermənistanda birmənalı qarşılanmayıb. S.Şoyqunun, eləcə də Rusiyanın digər yüksək vəzifəli şəxslərinin Azərbaycana son səfərləri, əməkdaşlığın daha da dərinləşməsinə xidmət edən danışıqların aparılması Ermənistan ictimaiyyətində təşviş yaradıb. Çünki Azərbaycan-Rusiya münasibətlərinin genişlənməsindən narahat olan üç milyonluq işğalçı dövlət "oyundankənar" qaldığını açıq-aydın görür. Bunu ölkə rəsmiləri də etiraf edirlər.
Ermənistanın bəzi KİV-ləri Sergey Şoyqunun Bakıda azərbaycanlı həmkarı Zakir Həsənovla birgə keçirdiyi brifinqdə verdiyi açıqlamaya yer verib. Həmin açıqlamasında Şoyqu bildirmişdi ki, Rusiya Müdafiə Nazirliyinin tədris müəssisələrində 57 azərbaycanlı hərbçi təmannasız təhsil alır. Azərbaycan tərəfi öz ordusu üçün əlavə mütəxəssislərlə bağlı müraciət edib və müraciət qəbul olunub. Azərbaycan və Rusiya HDQ-nin 2015-cü ildə Xəzərdə hərbi-dəniz təlimlərinin keçirməsi barədə razılığa gəlinib və Xəzərdə kollektiv təhlükəsizlik sisteminin yaradılması məsələsi müzakirə olunub. Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya səfərinin əsas yekunları belədir. Təbii ki, bu, Ermənistanda etiraz dalğasını daha da genişləndirir, erməni rəsmilərində narahatlıq və əndişə yaradır.
Göründüyü kimi, hamı üçün, eləcə də ermənilərin özləri üçün aydındır ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı təkcə iki ölkə arasında deyil, ümumilikdə regionda əməkdaşlığın güclənməsinə, bölgədə problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə ümid yaradır. Bu, həm də işğalçıların niyyətlərinin puça çıxmasına, onların ədalət qarşısında cavab verəcəyinə əminliyi artırmaqla yanaşı, Ermənistanın regional siyasətdən, əməkdaşlıqdan uzaq qaldığının göstəricisidir.
Onu da bildirək ki, Ermənistanın müdafiə naziri S.Ohanyan oktyabrın 14-də bildirib ki, Azərbaycan-Ermənistan sərhədində gərginlik danışıqlar prosesi ilə bağlı müxtəlif səviyyəli görüşlər qabağı artır. Onun fikrincə, son günlər Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması da ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri, eləcə də Ermənistan və Azərbaycan prezidentlərinin oktyabrın sonunda Parisdə gözlənilən görüşü ilə əlaqədardır.
Azərbaycan snayperlərinin ön xətdə atəşkəs rejimini pozduğunu iddia edən S.Ohanyan Azərbaycanı dialoq və inam mühiti yaratmaq əvəzinə vəziyyəti daha da gərginləşdirməkdə ittiham edib.
Rəsmi Bakının Ohanyana cavabı gecikməyib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Azərbaycanı son günlər cəbhə xəttində vəziyyəti gərginləşdirməkdə ittiham etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinə az qalmış Ermənistan Azərbaycanı cəbhə xəttində vəziyyəti gərginləşdirməkdə ittiham etməklə beynəlxalq müşahidəçilərə psixoloji təzyiq və təsir etmək, həmçinin cəbhəboyu zonada mövcud vəziyyətə təsir etmək istəyir.
V.Dərgahlı qeyd edib ki, Ermənistanın kütləvi informasiya vasitələri bu ölkənin müdafiə naziri S.Ohanyana istinadən guya cəbhədə gərginliyin artırılmasında Azərbaycan tərəfinin maraqlı olması barədə məlumat yayıblar.
Müdafiə Nazirliyinin sözçüsünün fikrincə, bu, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri ərəfəsində beynəlxalq müşahidəçilərə psixoloji təzyiq və təsir məqsədi daşıyır: "Rəsmi olaraq bildiririk ki, sülh missiyası həyata keçirən beynəlxalq qurumların nümayəndələrinin regiona səfərləri ərəfəsində bu və ya buna bənzər yalan və uydurma məlumatlar qonşu dövlətin rəhbərliyində təmsil olunan şəxslər tərəfindən daim səsləndirilir və artıq sistemli xarakter alıb. İndi də bu xəbərlərin ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərinə qısa bir müddət qalmış səsləndirilməsi heç şübhəsiz, Ermənistan tərəfindən təxribat xarakteri daşıyır, beynəlxalq müşahidəçilərə psixoloji təzyiq və təsir məqsədi, cəbhəboyu zonada isə mövcud vəziyyətə təsir etmək niyyəti güdür".
Onun sözlərinə görə, Ermənistan tərəfi anlamalıdır ki, münaqişənin həlli yolu beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, işğalçıların Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsidir və bu proses nə qədər tez baş tutarsa, bir o qədər də tez regionda sabitlik bərqərar olar.
Polkovnik V.Dərgahlı bildirib ki, məhz S.Ohanyan və Ermənistanın hərbi-siyasi rejimi bu münaqişənin yaranmasında, Azərbaycan ərazilərinin işğal edilməsində, Xocalı faciəsinin törədilməsində və digər hərbi cinayətlərdə günahkardırlar: "Ermənistan bu məsələdə özünü ayırmasın. Bu məsələdə günahkar məhz Ermənistanın hərbi-siyasi rejimidir. Məhz Seyran Ohanyan, ümumilikdə isə Ermənistan rəhbərliyinin özü Azərbaycana qarşı işğalçılıq siyasətinin aparılmasında günahkardır. Məhz onlar Azərbaycan torpaqlarının 20 faizini - Dağlıq Qarabağı və ətraf rayonları işğal edib, azərbaycanlılara qarşı Xocalı soyqırımını və digər vəhşilikləri törədiblər. Ermənistan bu gün də Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir və işğal olunmuş ərazilərdə Ermənistana məxsus xeyli miqdarda ordu birləşmələri və hərbi texnika yerləşir".
Yeri gəlmişkən, bu günlərdə RİA "Novosti" agentliyində Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulması ilə bağlı imzalanmış 10 oktyabr müqaviləsinə həsr olunmuş "dəyirmi masa" təşkil edilib.
Burada təmsil olunan ekspertlər ermənilərin bu ittifaqda daxil olması üçün "şirnikləndirici məqam"lara toxunur, guya Ermənistanın bu təşkilata girməklə sanki "yağın-balın içində" üzəcəyi fərziyyəsini yaradır, Qərbə qarşı sanki qiyam qaldırmağın vaxtının çatdığını, Ermənistanda sosial partlayışın baş verməsinin labüdlüyünü dilə gətiriblər. "Avrasiya seçimi" müzakirə klubunun sədri Roman Şkolin İttifaqa üzvlüyün guya Ermənistana imtiyazlar qazandıracağını, bu addıma qarşı nümayiş keçirməyin mənasız olduğunu bildirib. O, müqavilənin imzalandığı gün Ermənistanda 60 min nəfərin iştirakı ilə mitinq keçirildiyini xatırladıb.
Rusiya Dövlət Duması sədrinin müşaviri Mixail Krotovun şirnikləndirici rəqəmləri, gözəl vədləri "göz oxşayıb". O deyib ki, guya Ermənistan İttifaqın ümumi gömrük yığımlarının 1%-nə sahib olacaq. Təkcə Rusiyanın gömrük yığımlarına əsasən bu, 2 milyard dollar deməkdir. Bundan başqa, Abxaziya ərazisindən keçməklə dəmiryolu əlaqəsi bərpa ediləcək, Ermənistanın sənayeləşdirilməsi məsələləri həll ediləcək, atom stansiyası tikiləcək. Rusiya Ermənistanın kənd təsərrüfatı sahəsinə sərmayə qoyacaq. O maraqlı rəqəm səsləndirib: "Bu il Rusiyada ÜDM 22,5 min dollar, Qazaxıstanda 20,5 min dollar, Belarusda isə, 16.5 min dollara bərabərdir. Müqayisə üçün, Aİ ilə assosiasiya müqaviləsi imzalamış Moldova və Ukraynada bu yalnız, müvafiq olaraq, 8 və 4 min dollara bərabərdir. Ermənistanda bu 7 min dollardır. Bu isə, o deməkdir ki, Ermənistan MDB-nin ən uğurlu dövlətlərinə qoşulmuş olacaq."
Bu cümlələri oxuyanda adamın yadına bir atalar sözü düşür: "Sən saydığını say, gör, fələk nə sayır."
Təbii ki, Rusiya Dövlət Duması sədrinin müşavirinin dedikləri iqtisadiyyatı sabit olan ölkələrdə reallaşa bilər. Amma Ermənistandan bu gün bu sabitlik yoxdur.
Erməni ekspert Con Melikyan, SOS İşgüzar Klubunun direktoru Denis Tyurin, İrəvan Geosiyasi Klubu Şurasının sədri Arman Boşyan sıravi vətəndaşların AİB-ə üzvlüyün bütün üstünlüklərini tam anlaya bilmədiklərindən hazırda müəyyən problemlərin mövcudluğundan söz açıb, xarici agentləri "suyu bulandırmaqda" günahlandırıb.
Erməni ekspertlər çox gülünc fikirlər səsləndiriblər və bildiriblər ki, Ermənistan hökuməti xalqın gözündən salınır, lakin Rusiya onlarla mübarizə aparmağı Ermənistana öyrədəcək. Onlar etiraf ediblər ki, Ukrayna ssenarisinin Ermənistanda tətbiqi istisna olunmur: "Nəzərə almaq lazımdır ki, dövlət əleyhinə narazılıq kifayət qədər ciddi xarakter daşıyır. Qərb Ukraynada olduğu kimi, burada da müxtəlif alətlərdən, sosial narazılıqdan istifadə edir, istiqaməti yaradıcı yoldan dağıdıcı yola köçürmək istəyir. Bu, təhlükə bizim üçün var."
Ekspertlərin fikirlərinə nəzər saldıqda, sanki Ermənistanın inkişaf etmiş ölkələri belə "geridə" qoyacağı görünür.
Ölkə müxalifəti və Qərbyönümlü qüvvələr isə Rusiyanın Ermənistana "imtiyazlar yox", dilənçilik, problemi qazandıracağını düşünür, əhalini ölkənin asılılıqdan xilası üçün nümayişə səsləyirlər. Bütün bunlar deməyə əsas verir ki, həqiqətən də Ermənistanda sosial partlayış qaçılmazdır.