Vasile Simileanu: Ermənistan daxili problemlərdən diqqəti yayındırmaq üçün ağlasığmaz əməllərə əl atır Siyasət

Vasile Simileanu: Ermənistan daxili problemlərdən diqqəti yayındırmaq üçün ağlasığmaz əməllərə əl atır

Rumıniyanın nüfuzlu “Geopolitika” jurnalının Baş redaktoru, analitik, siyasi elmlər doktoru, professor Vasile Simileanu AZƏRTAC-a Ermənistan hərbçilərinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri hərbi təcavüz barədə müsahibə verib. Siyasi analitik Ermənistanın pandemiya dövründə Azərbaycan sərhədində başladığı hərbi əməliyyatı ölkədə tüğyan edən koronavirus pandemiyasından, iqtisadi və siyasi problemlərdən diqqəti digər istiqamətə yönəltmək cəhdi kimi qiymətləndirib. Baş redaktor deyib ki, BMT-nin pandemiya dövründə regional münaqişələrə son qoymaq çağırışı Ermənistanın bu addımının nə qədər ağlasığmaz olduğunu göstərir. Azərbaycanın beynəlxalq arenada artan nüfuzunu, Azərbaycan Prezidentinin pandemiya ilə əlaqədar təşəbbüsünü və ölkəmizdə bu xəstəliklə uğurlu mübarizəni görən Ermənistan yalnız belə hiyləgər addım ata bilərdi. Münaqişənin dayandırılması, danışıqların bərpa edilməsi çox vacibdir. Minsk qrupunun həmsədrləri vəziyyəti düzgün qiymətləndirərək, baş verənlərə nəzər yetirməli, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunmalıdır. Azərbaycan əsgərlərinin mərdliklə döyüşməsi, göstərdikləri vətənpərvərlik təqdirəlayiqdir. Mən əminəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə münaqişə tezliklə öz həllini tapacaqdır. Bunun üçün Ermənistan hərbi təcavüzü dayandırmalı, Azərbaycanın işğal altındakı torpaqlarını qeyd-şərtsiz boşaltmalıdır. Beynəlxalq təşkilatlar münaqişənin məhz bu istiqamətdə aradan qaldırılmasına çalışmalıdır.