Spiker Sahibə Qafarova videoformat şəklində seçicilərin növbəti qəbulunu keçirib (FOTO) Siyasət

Spiker Sahibə Qafarova videoformat şəklində seçicilərin növbəti qəbulunu keçirib (FOTO)

Bu gün 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat, Milli Məclisin sədri Sahibə Qafarova videoformat şəklində seçicilərin növbəti qəbulunu keçirib.

Milli Məclisdən verilən məlumata görə, bu videoqəbulun müqəddəs Qurban bayramı ərəfəsində keçirildiyini xatırladan Sahibə Qafarova seçiciləri və onların ailələrini Qurban bayramı münasibətilə təbrik edərək ən xoş arzularını ifadə edib.

Videoqəbulda millət vəkili fərdi yaşayış evinin inşası üçün həyətyanı torpaq sahəsi ilə təmin olunması və ya şəhər ərazisində sosial mənzillərin inşası, N.Gəncəvi adına şəhər tam orta məktəbinin binasının yenidənqurulması, II qrup Çernobıl əlilinin nəqliyyat vasitəsi ilə təmin olunması, Morul tam orta məktəbinin binasının inşası və bir sıra digər məsələlərlə bağlı secicilərin müraciətlərini dinləyib.

Bildirilib ki, bundan öncəki videoqəbullarda seçicilər tərəfindən qaldırılan məsələlərlə bağlı müvafiq dövlət qurumlarına sorğular göndərilib, onların bir qismi artıq müsbət həllini tapıb. Videoqəbulda Sahibə Qafarova ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaşların həyat şəraitlərinin yaxşılaşdırılması, sosial-müdafiə tədbirlərinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək deyib ki, Azərbaycanda sosial cəhətdən qayğıya ehtiyacı olan insanlara dövlət tərəfindən daim diqqət və qayğı göstərilir. Onların mənzil-məişət məsələlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Milli Məclisin deputatı qeyd edib ki, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu sahədə icra olunan layihələr nəticəsində minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır. Dövlətin bu sahədə gördüyü işlərə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir.

Son illərdə regionlarda böyük infrastruktur layihələrinin icra edildiyini, bu layihələrin ardıcıl icrası nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan spiker Sahibə Qafarova deyib ki, Şəmkir rayonunda da əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təmin olunması istiqamətində mühüm işlər görülüb. Seçici müraciətlərinə cavab olaraq Milli Məclisin deputatı təhsil sahəsində də görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib. Sahibə Qafarova bildirib ki, ölkəmizdə təhsilin inkişafı, müasir təhsil infrastrukturunun yaradılması dövlət tərəfindən xüsusilə diqqət mərkəzindədir. Millət vəkili xatırladıb ki, son illərdə bu istiqamətdə çox böyük işlər görülüb, müxtəlif layihələr həyata keçirilib. 3500-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Spiker Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahədəki fəaliyyətinin də xalqımız tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Sahibə Qafarova vurğulayıb ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr ölkəmizdə təhsilin maddi-texniki bazasının yenilənməsinə mühüm töfhələr verir.

Qeyd edək ki, videoqəbulda Şəmkir rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib. Seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə yönləndirilib. Digər müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.