“Ermənistan danışıqları pozmaq üçün müxtəlif üsullara əl atır” Siyasət

“Ermənistan  danışıqları pozmaq üçün müxtəlif üsullara əl atır”

Elman Nəsirov: "Ən çox geniş yayılmış üsullardan biri danışıqlar ərəfəsində atəşkəs rejimini kobud şəkildə pozmaqdır"

Musa Qasımlı: "Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsə, bu ölkənin yaxşı gələcəyi gözlənilmir"

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini davam etdirmək üçün oktyabrın 27-də Parisdə görüşəcək. Ermənistan mətbuatı isə bu ilin yayında Kəlbəcərdə girov götürülən azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyevin elə həmin gün, yəni oktyabrın 27-də Xankəndində məhkəmə qarşısına çıxarılacağı barədə məlumat yayıb. Bu proses Qarabağla bağlı danışıqların gedişinə necə təsir göstərə bilər?
Məsələni şərh edən politoloq Elman Nəsirov qeyd edib ki, Ermənistan tərəfi danışıqlar prosesini pozmaq, prosesin məzmununu dəyişmək və proses nəticəsində heç bir nəticə əldə edilməməsi üçün müxtəlif üsullara əl atır: "Ən çox geniş yayılmış üsullardan biri danışıqlar ərəfəsində atəşkəs rejimini kobud şəkildə pozmaqdır. Bir çox hallarda hətta hərbi insidentə əl atırlar, yeni üsullar tapırlar".
Politoloq hesab edir ki, oktyabrın 27-də girov götürülmüş azərbaycanlıların məhkəməyə cəlb edilməsi də danışıqlar prosesinə mənfi təsir etmək məqsədi daşıyır: "Hesab edirəm ki, oktyabrın 27-də Parisdə Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşməsi nəticəsində baş tutacaq danışıqların nəticələrinə təsir göstərmək, hər hansı pozitiv irəliləyişə əngəl olmaq üçün ermənilər məhz həmin gün girov götürülmüş azərbaycanlılar üçün qondarma məhkəmə keçirmək istəyirlər. Bununla da, əvvəlcədən danışıqlara mənfi təsir göstərmək və danışıqların predmetini dəyişmək istəyirlər. Əgər Azərbaycan tərəfi böyük sülh sazişi ilə bağlı məsələni gündəmə gətirmək və indiyə qədər razılaşdırılmış məqamları böyük sülh sazişində qabartmaq istəyirsə, Ermənistan tərəfi çalışır ki, belə məqamlarda danışıqlar prosesini pozsun, gündəlikdə başqa məsələlər müzakirə edilsin".
Elman Nəsirov bildirib ki, Ermənistanın belə pozucu hərəkətlərinə ATƏT-in Minsk qrupu göz yumur: "Minsk qrupu gərək fərqində olsun ki, belə yanaşmalar danışıqlar prosesinə son dərəcə mənfi təsir göstərir. Qondarma məhkəmə prosesi Paris danışıqlarının nəticələri haqqında pozitiv fikirlər bildirməyə mane olur".
Millət vəkili Sahib Alıyev isə deyib ki, ermənilər növbəti təxribata əl ataraq girov götürülən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəməsini Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü ilə eyni günə salıblar. Onun sözlərinə görə, bu, birmənalı şəkildə ermənilərin növbəti təxribatıdır: "Bu addım qətiyyətlə pislənməlidir. Əgər doğurdan da ermənilər münaqişənin dinc yolla həllinin tərəfdarıdılarsa, əksinə, görüş qabağı girov götürlən soydaşlarımızı azad edərək az-çox güvən atmosferi yarada bilərdilər. Ancaq bunu etmədilər. Əksinə, bir daha sübut etdilər ki, BMT-nin Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı 4 qətnaməsini tanımır və münaqişənin dinc yolla həllini istəmirlər. Həmin girovlardan biri Şahbaz Quliyev mənim Milli Məclisdə təmsil etdiyim Tərtər rayonunun Qapanlı kəndindəndir. Məhz bu məqsədlə hər iki soydaşımıza görə sosial şəbəkə üzərindən bir kompaniya başladaraq bütün azərbaycanlıları ermənilərin işğalçı, rasist və ksenefob siyasətinə qarşı "yox"deməyə çağırıram. Azərbaycanlılar, xüsusilə də gənclər nə qədər çox dəstək versələr, soydaşlarımızın girovluqdan azad olma vaxtını bir o qədər tezləşdirmiş olacaqlar". Millət vəkili onu da qeyd etdi ki, bu yolla Paris görüşü öncəsi ermənilərin iç üzünü açıb bütün dünyaya göstərmiş olacağıq: "Əsirlərimizin bu şəkildə məhkəməyə çıxarılmasının özü beynəlxalq normalara bir sayğısızlıqdır. İş məhkəmənin necə bitib-bitməməsi ilə bağlı deyil, bu, beynəlxalq normalara ziddir. Həmçinin, Kəlbəcər beynəlxalq sənədlərdə Azərbaycanın ərazisidir. Öz torpağında gəzən insanın başqa bir dövlətin güc strukturu tərəfindən əsir götürülməsi və indi də belə bir addım növbəti təxribat və beynəlxalq normaların tapdalanmasıdır".
Tarix elmləri doktoru, millət vəkili Musa Qasımlı isə deyib ki, erməni xalqının acınacaqlı sosial-iqtisadi və psixoloji şəraitdə yaşamasının təqsirkarı Serj Sarkisyan başda olmaqla, Ermənistan rəhbərliyidir. Onun sözlərinə görə, Ermənistanın bütün sahələrində yaranan böhranın daha da dərinləşməsinə səbəb yalnız Sarkisyan rejimidir: "Sarkisyan yürütdüyü anti-erməni siyasəti ilə xalqını ağır vəziyyətə salıb. Bu insan və komandası hakmiyyətdən uzaqlaşdırılmayana qədər vəziyyətin bu yöndə davam edəcəyinə şübhəmiz yoxdur. Ermənistan öz qonşuları ilə ilk növbədə Azərbaycanla münasibətlərini düzgün qurmasa, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsə, bu ölkənin yaxşı gələcəyi gözlənilmir". Millət vəkili onu da qeyd edib ki, acınacaqlı və ac-yalavac vəziyyətində çabalayan sadə erməni xalqı, məhz bu amilləri nəzərə alaraq, davamlı aksiyalar, mitinqlər keçirməyə başlayıblar: "Əbəs yerə deyil ki, müxalifət nümayəndələri bir araya gələrək bu gün Ermənistandakı böhranlı vəziyyəti analiz edərək, Sarkisyan rejiminə qarşı mitinq keçirirlər. Keçirilən mitinqlərin kütləviliyi də sırf bunun göstəricisidir. Hesab edirəm ki, artıq əliqanlı Serjin sonu çox yaxındadır".

Əli