Milli Məclisin üç günlük növbədənkənar sessiyası başa çatıb Siyasət

Milli Məclisin üç günlük növbədənkənar sessiyası başa çatıb

Tahir Mirkişili: “2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsinə, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb”

Avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq diqqətə çatdırıb ki, gündəliyə üçüncü oxunuşda 6 məsələ daxil edilib. Deputatlar gündəlikdəki məsələləri təsdiq ediblər.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə” sənədi üçüncü oxunuşda təqdim edib.
Bildirilib ki, koronavirus infeksiyası (COVİD-19) qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. Həm dünyada, həm də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib. Pandemiya iqtisadiyyatın bir sıra sahələrinin inkişafına mənfi təsir göstərib.
Tahir Mirkişili qeyd edib ki, yuxarıda göstərilənləri nəzərə alaraq, 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik edilməsinə, dürüstləşmələrə gedilməsinə ehtiyac yaranıb, dövlət büdcəsinin xərcləri üzrə yeni tələbatlar ortaya çıxıb. 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.
Deputat Soltan Məmmədov çıxış edərək COVİD-19 pandemiyasının insanların həyatına təsiri, əhalinin sağlamlığının qorunması sahəsində görülən işlər barədə fikirlərini açıqlayıb.
Deputat Soltan Məmmədov deyib ki, COVİD-19 pandemiyası ilə bağlı testlərin qiyməti haqqında bəzi həmkarlarımın dünən səsləndirdiyi fikirlərə aydınlıq gətirmək istərdim: “Azərbaycan COVİD-19 pandemiyasının qarşısının alınması istiqamətində ən effektiv qabaqlayıcı addımlar atan ölkələr sırasındadır. Bu, məhz dövlət başçısının göstərişi ilə vaxtında görülmüş tədbirlər sayəsində mümkün olub. Azərbaycanda bütün testlər pulsuz aparılıb”.
O qeyd edib ki, dünya təcrübəsinə görə, yalnız xəstəlik simptomları olanlar testdən keçirilir: “Ölkəmizdə də simptomları olan və müxtəlif risk qruplarına aid insanların analizləri dövlət tərəfindən ayrılmış vəsait hesabına pulsuz həyata keçirilir. Bu faktın özü dövlətimizin vətəndaşların sağlamlığına nə qədər həssaslıqla yanaşdığının göstəricisidir. Laboratoriyalarda istifadə edilən reaktivlər dünyanın inkişaf etmiş ölkələrindən alınıb və ən yüksək standartlara cavab verir. Şübhəsiz ki, bəzi özəl müəssisələrdə də testlər aparılır. Lakin bütün dünyada olduğu kimi, bizdə də özəl müəssisələrin fəaliyyəti bazar iqtisadiyyatı qanunları ilə tənzimlənir. Bu laboratoriyalara yalnız şəxsi məqsədlərlə xarici ölkələrə səfər edənlər, bu və ya digər səbəblərdən testdən keçmək istəyənlər müraciət edir. Ona görə də bu məsələləri bir-birindən fərqləndirməliyik”.
Deputat qeyd edib ki, indiyə qədər aparılan testlərin sayı 760 mindən yuxarıdır: “Ölkəmizdə gündəlik 10 minə qədər test keçirilir. Adambaşına düşən testlərin sayına görə də ölkəmiz dünyada qabaqcıl yerlərdədir. Məhz yoluxmaların vaxtında müəyyənləşdirilməsi nəticəsində 30 minə yaxın insanın bu xəstəlikdən sağalması mümkün olub. Bu testləri həyata keçirən 31 laboratoriya var ki, onların da çox böyük əksəriyyəti son bir neçə ay ərzində yaradılıb. Daha 9 laboratoriyanın yaxın günlərdə açılması planlaşdırılır. Sosial şəbəkələrdə xaricdən gələn həkimlərlə bağlı bəzi qeyri-obyektiv müzakirələrə də toxunmaq istəyirəm. Sonda onu da bildirmək istəyirəm ki, zəruri hesab olunacağı təqdirdə bu məsələlərə aydınlıq gətirmək üçün biz Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələrini də dəvət edərək, dinləmə keçirə bilərik”.
Sənəd üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra Tahir Mirkişili “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş) dair məlumat verib. Bildirib ki, təqdim olunmuş sənədə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 4 milyard 785 milyon manat təklif olunur. Burada 41 milyon manat azalma müşahidə olunsa da, ilin əvvəlindən Fondun hesabında formalaşan 191 milyon manat vəsait qalığı ilə birlikdə sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238 milyon manat vəsaitin ayrılması gözlənilir.
Sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Daha sonra iclasda “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanuna təklif olunan dəyişikliklər üçüncü oxunuşda müzakirə edilib. Komitə sədri Tahir Mirkişili bildirib ki, Fondun gəlir və xərcləri artırılıb. 2020-ci il büdcəsinin gəlir və xərclərinin 151,2 milyon manat məbləğində təsdiq edilməsi təklif olunur. Bu isə cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23 milyon manat çoxdur. İşsizlikdən Sığorta Fondunun büdcəsinin artması işsizliyə görə sığorta ödənişlərinin əhəmiyyətli dərəcədə (5 milyon və ya iki dəfə) artmasına, peşə hazırlığı və əlavə təhsilin təşkilinə (əlavə olaraq 2 milyon manat), özünüməşğulluq tədbirlərinin təşkilinə (əlavə olaraq 15 milyon manat) əlavə imkanlar yaradacaq. Qeyd olundu ki, həyata keçirilən islahatlar nəticəsində əmək müqavilələrinin sayının və əmək haqqı fondunun artması da pandemiya şəraitində işsizlikdən sığorta fondunun gəlirlərinin əvvəlki göstəricidə saxlanmasına imkan verir.
Sənəd üçüncü oxunuşda qəbul edilib.
Gündəliyin növbəti məsələsi - “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi üçüncü oxunuşda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev şərh edib. Komitə sədri sənədin əhəmiyyəti barədə danışdı, layihənin parlamentdə əvvəlki oxunuşlarda müzakirəsi zamanı millət vəkilləri tərəfindən səsləndirilən təkliflərin nəzərə alındığını bildirdi. Qeyd edildi ki, təkliflər əsasən texniki və redaktə xarakterli olub.
Deputat Razi Nurullayev “Prezidentin dünən keçirdiyi müşavirədə səsləndirdiyi iradlar və çəkdiyi adlar ürəyimə su səpdi”, - deyə bildirib. O diqqətə çatdırıb ki, vəzifəsini düzgün idarə etməyənlər kreslosunu boşaltmalıdırlar: “Demişdim ki, adlar çəkəcəyəm və Prezidentin dünənki çıxışından sonra artıq bunu daha sərbəst edə bilirəm. Axı, neçə illərdir ki, bu məsələlər deyilirdi, nəticə isə yox. Artıq çox şey dəyişməlidir və vəzifəsini dürüst icra etməyənlər kreslolarını, bir zəhmət, boşaltsınlar.
Dövlət Neft Şirkətinin vəzifəsi neftdən qazanılan pulları xalqın rifahı üçün xərcləməkdir. Neft şirkətinin nə deputatları, nə də xalqın nümayəndələrini ağ və qara dəriliyə bölməyə ixtiyarı yoxdur. İmişlinin 10 kəndi qazlaşmayıb, camaat çıxıb yolu da bağlayır, vecinə alan yoxdur. Məgər on il ərzində bir-iki kəndi qazlaşdırmağı plana salmaq olmazdı? Olardı. Amma, sərf etmir. Çünki, bütün məsələlərə hesab və kitabla baxılır və bu hesab-kitabın adı əyri yollar, əyri işlər və ziqzaqlı korrupsiya piramidasıdır. Hörmətli Rövnəq müəllim heç telefonu qaldırmır. Nəticəsi isə artıq görünür ki, çox ağır olacaq. Amma, Rövnəq müəllim bilsin ki, mən çıxışımın sərtliyini 70% azaltdım və bunu bir sıra dostlarımın və həmkarlarımın xətrinə edirəm”.
Deputat Azərbaycan vətəndaşlarının təyyarə ilə xaricə Gürcüstandan uçmasına da irad bildirib: “Hörmətli deputatlar, Azərbaycan xalqı, hətta xeyli deputatlar, digər tez-tez səfər edən kəsim nəyə görə gedib başqa ölkələrə Gürcüstandan uçmalıdır? Vətəndaşlarımız Azərbaycan dövlətinin, yəni Azərbaycan xalqının pulu ilə alınan təyyarələrlə niyə uçmamalıdır? Nədir-nədir, təyyarələr bahalıdır, təmizdir, yeyib-içmək verirlər və sairə. Cahangir müəllim, bu xalq çirkli təyyarədə də uçar, evindən apardığı yeməkləri yeyər, narahat kresloda da oturar. Guya 2-3 saat rahat kresloda otursa, həyatı dəyişəcək? Həyatı dəyişənlər sizsiniz. Dövlətin büdcəsi ilə özünüzə biznes qurmusunuz və dövlətin şirkətlərini də şəxsi firmanız kimi idarə edirsiniz. Bu biabırçılıqdır. Dövlət şirkətləri dövlətin büdcəsini talamaq üçün növbəyə durub. Siz pul qazanıb kreditlərinizi ödəməlisiniz, hələ dövlətə vergi də verməlisiniz. Qiymətlər göyün yeddinci qatında, hər kəs də digər aviaşirkətlərlə uçur və elə hallar olub ki, siz təyyarədə 2-3 nəfərlə ancaq elə özünüz uçmusunuz. Kimin pulu ilə? Cavab verin”.
Deputat nəzərə çatdırıb ki, “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı da iradlarını bir neçə gün sonra səsləndirəcək: “Vaxt azdır, amma bəzi sənədləri əldə etmək istəyirəm və mütləq o sənədləri əldə edib, canlı yayımda nümayiş etdirəcəm”.
Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq təsdiqlənib.
Sonra “İşsizlikdən sığorta haqqında” qanuna edilən dəyişikliklər barədə (üçüncü oxunuş) məlumat verilib. Komitə sədri Musa Quliyev bildirib ki, təklif olunan dəyişikliklərə əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı 3 ildən 1 ilədək azaldılır. Sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsi ilə əlaqədar olaraq, ölkəmizdə müddətli əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün də sığorta ödənişi hüququ yaradılması təklif olunur. Təklifə əsasən, sığorta ödənişinin təyin edilməsi üçün şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalı, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə uyğun olaraq xitam verilməlidir.
Qeyd olunub ki, sığorta ödənişi şəxsin işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay keçdikdən sonra ödəniləcək və bu müddət ərzində şəxs ona təklif edilmiş münasib işlərdən imtina edən şəxs olmamalıdır. Sığorta ödənişi 3 ay müddətinə təyin ediləcək, minimum məbləğdə həyata keçiriləcək və təkrar sığorta ödənişinə yol verilməyəcək.
Bildirilib ki, layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və işsizlikdən sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə hazırlanıb. Komitədə və Milli Məclisdə aparılan müzakirələr zamanı deputatlar və mütəxəssislər tərəfindən verilən təkliflər nəzərə alınıb.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov vurğulayıb ki, işsizliyin aradan qaldırılması üçün dövlət tərəfdindən mühüm işlər görülür: “Biz keçmişi yaddan çıxartamalıyıq. Vaxt var idi ki, Azərbaycanda yol, qaz, işıq anlayışı yox idi. İndi isə 3 kənddə qazın olmaması davasını edirik. Mən yol kənarında ağacların kəsilməsini, quldur dəstələrin olmasını, ayrı-ayrı yerlərdə bəzi insanların quldur hərəkətləri etməsini xatırlayıram. Cəmiyyət varsa, müəyyən problemlər də olmalıdır. Guya ABŞ-da problem yoxdur? Torpaq islahatı ilk dəfə Azərbaycanda həyata keçirilib. Onun nəticəsində bu gün kənd təssərrüfatının inkişafının şahidi oluruq. Bu gün rayonla şəhər arasında fərqi heç kim görə bilmir”. Komitə sədri bildirib ki, bu gün Azərbaycan təhlükəsizlik adasıdır: “Azərbaycanın səsi hər yerdən eşidilir. Təbii ki, Azərbayacanı gözü götürməyən qüvvələr olacaq. Biz onlara qarşı birlikdə mübarizə aparmalıyıq”.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Milli Məclisin əvvəlki iclaslarında sənəd barədə geniş məlumat verildiyini qeyd edən birinci vitse-spiker Məcəllənin müvafiq maddəsindən çıxarılmış “yerli idarəetmə orqanı” sözünün qanunvericilik təşəbbüsü subyektinin təklifi ilə bərpa edildiyini bir daha diqqətə çatdırıb.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.
Bununla da Milli Məclisin üç günlük növbədənkənar sessiyası başa çatıb. Parlamentin sədri Sahibə Qafarova sessiyanın başa çatdığını elan edib.

Əli Zülfüqaroğlu