Polkovnik: “Bu, Ermənistanın növbəti diversiya, sabotaj və terror cəhdi, Tovuz istiqamətində təxribatın davamıdır” Siyasət

Polkovnik: “Bu, Ermənistanın növbəti diversiya, sabotaj və terror cəhdi, Tovuz istiqamətində təxribatın davamıdır”

“Goranboy istiqamətində Ermənistan silahlı qüvvələri diversiya-kəşfiyyat qrupunun komandirinin əsir götürülməsi Tovuz hadisələri zamanı olduğu kimi, Azərbaycan Ordusunun növbəti uğurudur”.

Bunu açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib.

Ş. Ramaldanov deyib ki, Azərbaycan Ordusu 2016-cı ilin aprelində Ermənistanın silahlı qüvvələrinin təxribatının qarşısını alaraq əks-həmlə ilə strateji yüksəklikləri, min hektarlarla ərazini işğaldan azad edib. Bu ilin iyulunda isə Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində hücumunun qarşısı alınıb, düşmən ciddi itkilər verib: “Ermənistanda cəmiyyət bu uğursuzluqlara birmənalı münasibət bəsləmir, yenə də əsgər anaları Ermənistan Müdafiə Nazirliyinə üz tutur. Buna görə də düşmən yenə təxribat törətməyə cəhd edərək, təmas xəttində gərginliyə səbəb olan addımlar ataraq, erməni cəmiyyətinin diqqətini bu gərginliyə yönəltmək, daxili problemlərdən diqqət yayındırmaq istəyir. Bu, növbəti diversiya, sabotaj və terror cəhdidir, cari ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın həyata keçirdiyi təxribatın davamıdır. Azərbaycan Silahlı Qüvvələri ayıq-sayıqlığını, peşəkarlığını növbəti dəfə nümayiş etdirərək diversiya cəhdinin qarşısını aldı və qrupun komandiri əsir götürüldü”.

Polkovnik qeyd edib ki, bu, Tovuz hadisələrindən sonra ilk təxribat cəhdi deyil: “Ermənistan təmas xəttinin müxtəlif istiqamətlərində müəyyən təxribatlar törətməyə çalışır. Düşmən Tovuz hadisələrindən sonra məhz təmas xəttində aktivləşib. Ancaq Azərbaycan Ordusu bu təxribatların qarşısını alır, sonuncu dəfə isə zabitləri əsir götürüldü. Diversiya qrupunun komandiri hansısa tapşırığı yerinə yetirmək istəyib. Azərbaycan Silahlı Qüvvələri ayıq-sayıqlığını, peşəkarlığı nəticəsində bu təxribatın qarşısı alınıb, qrupun komandiri əsir götürülüb, digər təxribat qrupları da geri çəkilməyə məcbur olub”.

Ş. Ramaldanov vurğulayıb ki, Azərbaycan Ordusunun təmas xəttində olan bölmələri ən müasir müşahidə və kəşfiyyat texniki vasitələri ilə təmin olunub: “Bölmələrimiz bütün təmas xəttində vəziyyəti nəzarətdə saxlayır, düşmənin istənilən hərəkətini müşahidə edir. Düşmən hava şəraitinin pisləşməsindən istifadə edərək səhər saat 4-5 radələrində təxribat törətməyə cəhd edib. Məsələ ondadır ki, çox vaxt diversiya-kəşfiyyat qrupları gecə saat 3-5, 3-6 arasında əməliyyat keçirməyə üstünlük verir. Çünki hesab edilir ki, bu vaxt postdakı hərbçilərin ayıq-sayıqlığı müəyyən qədər azalır. Ancaq hərbçilərimizin ayıq-sayıqlığı nəticəsində bu təxribatın qarşısı alınıb, diversiya qrupu darmadağın edilib, komandir isə ələ keçirilib. Əlbəttə, erməni tərəfi indi cürbəcür şayiələr yayacaq. Ya deyəcəklər ki, həmin zabit yolu azıb, ya deyəcəklər ki, əsir götürülən şəxs ağıldan kəmdir, ya da başqa bəhanə gətirəcəklər. Bununla da əsas məsələdən diqqəti yayındırmağa çalışacaqlar. Lakin qrup komandirinin əsir götürüldüyü saat məhz diversiya-kəşfiyyat əməliyyatının həyata keçirilməsi üçün əlverişli sayılır. Digər tərəfdən, hava şəraitinin pisləşməsi amili də nəzərə alınır. Ona görə də bu məsələnin yol azmaq, yaxud başqa bir məqamla əlaqəsi yoxdur. Azmışdısa, gecə saat 12-yə kimi azardı. Ermənistan tərəfi bununla həm də təxribat cəhdi zamanı itkiləri gizlətməyə çalışır. Bir neçə gün sonra isə həmin itkiləri qeyri-döyüş şəraitində itkilər kimi ortaya çıxararaq bununla cəmiyyətin diqqətini reallıqdan yayındırmaq niyyətindədirlər”.

Polkovnik son hadisənin Azərbaycan Ordusunun təmas xəttində olan bölmələrinin hava şəraitindən, zamanından asılı olmayaraq, daim ayıq-sayıq, peşəkarlığının yüksək səviyyədə olmasının bir daha təsdiqlədiyini söyləyib: “Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa qadirdir. Tovuz hadisələrindən sonra Azərbaycan əsgəri nəyə qadir olduğunu bir daha göstərdi. Düşmən bilsin ki, Azərbaycan Ordusu bundan sonra da düşmənin istənilən təxribat və hücumunun qarşısını almağa hazırdır”.