Radikal düşərgədə kütləvi istefalar... Siyasət

Radikal düşərgədə kütləvi istefalar...

Natiq Cəfərli: "İstefaların köklü səbəblərindən biri də partiyadakı rəhbər şəxslərlə bağlıdır"

Fazil Mustafa: "Bunların iç üzlərini görəndən sonra oradan uzaqlaşmağa başlayıblar"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsinin 52 üzvü partiyadan istefa haqqında bəyanat imzalayıb. Bəyanatda bildirilir ki, üzvlərin istefasına səbəb şöbənin keçmiş sədri Kəmaləddin Rəhimova qarşı aparılan kampaniyadır. Qeyd olunur ki, şöbəyə İsa Qurbanovun sədr seçilməsindən sonra yeni sədrlə, sabiq sədr K. Rəhimov arasında narazılıq yaranıb.
Bəyanatda şöbənin daha əvvəlki sədri Mahir Qulubəyli qarşıdurma yaratmaqda ittiham olunub: "Maddi maraqlarla bəzi gənclər Kəmaləddin Rəhimova qarşı şərəfsizcəsinə şaiyələr yaydılar. Savadlı insanlar sıxışdırıldı. Bütün bunlara etiraz olaraq, AXCP rəhbərliyinə Nizamnamə pozuntuları və qruplaşmalar barədə məlumat verilsə də, araşdırma aparmaq əvəzinə, "süni" konfrans keçirildi, İsa Qurbanov bir həftə ərzində AXCP-yə üzv qəbul edildi və şəhər şöbəsinə sədr seçildi. Əlbəttə ki, baş verənləri hələlik açıqlamaq istəmirik. Son bir ildə isə 5-6 nəfər savadsızlıqları ilə şəhərdə ad qazanmış "lider cəbhəçi"lər artıq bizə bu qərarı verməyə vadar etdi. Təəssüflə qeyd edirik ki, son günlər baş verənlərlə bağlı AXCP rəhbərliyinə məlumat verilsə də, bunlara "dur" deyən olmadı. Ona görə də, biz AXCP üzvləri, bu təşkilatda üzv qalmağı özümüzə utanc görərək, istefa verdiyimizi bəyan edirik".
AXCP-də və Müsavat Partiyasında baş verən istefalar, ümumiyyətlə radikal müxalifət düşərgəsindəki böhran müxtəlif səbəblərlə izah olunur. Sözügedən məsələ ilə bağlı REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli sosial şəbəkədəki hesabında status paylaşıb. Hərəkat rəsmisi bildirib ki, istefaların köklü səbəblərindən biri də partiyadakı rəhbər şəxslərlə bağlıdır: "Gedənlərin bəyanatları bunu deməyə əsas verir. Gedənlərin heç biri ideologiya, dəyərlər, qırmızı cizgilərə görə getdiyini demir. Hamı şəxslərdən gileylənir, gedişini bununla bağlayır".
REAL təmsilçisi
Natiq Cəfərli eyni zamanda ənənəvi müxalifət düşərgəsində fəaliyyət göstərən partiyaların şəxslər üzərində qurulduğunu etiraf edib: "Çox təəssüf ki, partiyalarımız dəyərlər və ideoloji qurumlar üzərində deyil, şəxslər üzərində qurulur, onlara bağlı olur. Qurucu şəxslər partiyadan gedəndə böhran baş verir. "Lider partiyası" modelindən, dəyərlər üzərində ideoloji birliyi olan siyasi qurumlara keçməyin vaxtı çoxdan çatıb".
Xatırladaq ki, AXCP və Müsavatdan istefa edənlər də üzv olduqları partiyalarda rəhbərliyin avtoritar idarəçiliyini daha çox qabardırlar. Sözügedən partiyalar isə cidd-cəhdlə bu istefeları təkzib etməyə çalışırlar.
Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa deyib ki, AXCP-dən kütləvi istefaların olmasına baxmayaraq, bunu qəbul etmək istəməyən, hətta təkzib edən partiya rəhbərliyinin bu cür mövqeyi gözlənilən idi. Fazil Mustafa eyni zamanda bildirib ki, hər hansı bir siyasi partiyada doğru siyasət yürüdülmürsə, istefalar kütləvi şəkil ala bilir. Belə ki, uzun illərdir ki, AXCP kimi partiyalarda qalan adamlar son anda reallıqları qəbul edərək, istefa vermək məcburiyyətində qalırlar: "Artıq elektoral bazada olan-qalan adamlar bunların iç üzlərini görəndən sonra oradan uzaqlaşmağa başlayıblar. Burada isə başqa "məntiq" axtarmağın, özlərini təmizə çıaxarmaq cəhdlərinin yeri yoxdur. Bir partiyada ki, düzgün, ağıllı siyasət aparılmır, bu hallar sürəkli şəkildə davam edəcək. Ümumiyyətlə AXCP-nin Azərbaycanda ictimai- siyasi proseslərə təsir imkanı yoxdur. Bir adları var, bir də qəzetləri və həmin qəzet onları yaşatmağa çalışır".
Jurnalist Nurlan Qələndərli deyir ki, daxili vəziyyətin mürəkkəbliyindən, silsilə uğursuzluqlardan və mənəvi terrordan əziyyət çəkən, həmçinin, partiya rəhbərliyinin antimilli əməllərinə etiraz edən AXCP üzvləri çarəni bu radikal qurumdan uzaqlaşmaqda görürlər: "Kimsəyə sirr deyil ki, radikal müxalifət qrupları daim bir-birləri ilə qarşıdurma şəraitində olublar. Əsasən seçkilər dönəmində "fəallıq" görüntüsü yaradan, ictimai-siyasi proseslərdə "aktiv" təmsil olunmağa çalışan radikallar anti-Azərbaycan dairələrin tapşırıq və direktivlərini icra etməklə yanaşı, hər zaman öz aralarında korporativ mənafe savaşı aparıblar. Bu isə "müttəfiq" olduqlarını və ortaq məxrəcdə "birləşdikləri"ni iddia edən dağıdıcı düşərgə təmsilçilərinin, əslində, "mehriban düşmən" mövqeyində olduqlarını göstərir. Ümumiyyətlə, dağıdıcı düşərgədəki bütün tərəflər hər zaman yaratdıqları qondarma qurumlar daxilində öz dominantlıqlarını nümayiş etdirməyə çalışıblar. Məhz bunun nəticəsidir ki, öncə "İctimai palata"da başlayan ziddiyyətlər "Ziyalılar forumu" çərçivəsində kəskin xarakter alıb və qondarma "Milli şura" daxilində daha da güclənərək xaos mənbəyinə çevrilib. İstefalar AXCP-də adi hala çevrilib. Bununla yanaşı, dağıdıcı düşərgənın ayrı-ayrı qrupları, xüsusilə də siyasi partiyalar daxilində də ən müxtəlif ziddiyyətlər müşahidə edilib. O cümlədən də AXCP və "Müsavat" daxilindəki gərgin situasiya sözgüdən qurumların nümayəndələri tərəfindən mənəvi terror və dözülməz hal kimi səciyyələndirilib. Məhz bunun qanunauyğun nəticəsidir ki, son zamanlar bəhs olunan partiyalardan istefalar silsilə xarakter alıb".
Onun fikrincə, bu gün həmin situasiya Əli Kərimlinin diktaturası altında fəaliyyət göstərən, antimilli əməllərə sahib olan AXCP-də bariz şəkildə müşahidə olunur: "Əli Kərimlinin partiya daxilindəki repressiv siyasəti, üzvlərin rəylərinin heç bir halda nəzərə alınmaması, həmçinin, dövlətçilik əleyhinə davranışlar sərgiləməsi AXCP daxilindəki antaqonist ziddiyyətlər və qarşıdurma meyillərini daha da şiddətləndirib. Nəticədə də siyasi yararsızlıq və uğursuzluq simvoluna çevrilmiş AXCP-də istefalar adi hala dönüb.
Sözügedən partiya daxilindəki ziddiyyətlər qurultay çağırışlarını da aktuallaşdırıb. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, Əli Kərimli hər vəchlə diktaturasını davam etdirməyə çalışsa da, partiya daxilindəki bəzi qüvvələr sədrlik postuna yönəlik yeni planlar həyata keçirmək niyyətindədirlər. Bu, ilk növbədə, AXCP daxilində qruplaşmaların mübarizəsi kimi səciyyələndirilir. Başqa sözlə, qarşıdurmanın tərəfləri korporativ maraqlar naminə partiya daxilində kəskin mübarizə aparırlar. Bu konfrantasiya isə daha çox mətbuat üzərindən ittihamlar əsasında davam edir. Hər halda, bütün bunlar sözügedən partiyanın gələcəyinin müəmmalı olacağını göstərir. Daha dəqiq desək, maraqlar uğrunda mübarizə çərçivəsində təzahür olunan daxili intriqalar AXCP daxilindəki acınacaqlı durumun hazırkı cizgilərini təşkil edir. Belə olan təqdirdə, partiya növbəti parçalanma mövsümünə üz tutur. Müşahidələr onu deməyə əsas verir ki, AXCP qarşıdakı müddətdə ciddi kataklizmlər, hətta parçalanma ilə qarşı-qarşıya qalacaq. Hər halda, zaman bu radikal qurumun aqibətinin nə olacağını nümayiş etdirəcək. Öncədən proqnoz vermək isə heç də çətin deyil: siyasi iflas! Zatən görünən odur ki, "Milli Şura" adlı qondarma qurum digər radikal ünsürlər kimi AXCP-nin də son dayanacağıdır. Və Ə.Kərimlinin rəhbərlik etdiyi bu antimilli partiyanı acı tale gözləyir. AXCP sədri də bunun fərqindədir. Ona görə də, Ə.Kərimli partiya daxilindəki rəqiblərinə qarşı ənənəvi repressiv metodlarla yeni "tədbirlər" həyata keçirmək niyyətindədir. Bir sözlə, görünən odur ki, AXCP-nin daxili siyasi mənzərəsini yenə kəskin xaotik proseslər təşkil edəcək".

Əli