“İsrailin real müttəfiqi Ermənistan deyil, Azərbaycandır” Siyasət

“İsrailin real müttəfiqi Ermənistan deyil, Azərbaycandır”

"Haaretz" qəzeti: "Ermənistan hökumətinin İranın dini rəhbərləri ilə çox yaxın münasibətlər qurmasını yada salmağın əsl vaxtıdır"
İsraillə Azərbaycan arasında diplomatik münasibətlər 1991-ci ildə qurulub və həmin gündən ölkələr arasında ikitərəfli münasibətlər daim yaxşılaşıb. Trend xəbər verir ki, bu barədə İsrailin nüfuzlu "Haaretz" qəzetində dərc olunan, Maksim Qauin və Aleksandr Murinsonun "Bakı gələcəkdə: İsrailin real müttəfiqi Ermənistan deyil, Azərbaycandır" adlı məqaləsində deyilir.
Məqalə müəllifləri bir müddət əvvəl Yair Oronun qəzetdə dərc olunan məqaləsinə ("İsrail Azərbaycana silah satmamalıdır") reaksiya veriblər. Onlar həmin yazını "əsassız ittihamların və absurd paralellərin qəribə qarışığı" adlandırıblar.
Müəlliflər yazırlar: "Məqalə İsrailin milli maraqlarını nəzərə almır. Bu gün İsrail neftin 40 faizini Azərbaycandan alır və bu ölkə İsrailin yüksək texnologiyalı məhsullarının əsas alıcısıdır. Ermənistan hökumətinin İranın dini rəhbərləri ilə çox yaxın münasibətlər qurmasını yada salmağın əsl vaxtıdır".
Məqalədə deyilir ki, İsrail ilə Azərbaycan arasındakı yaxşı münasibətlər fonunda erməni mətbuatındakı yazılarda mütəmadi olaraq açıq şəkildə yəhudiləri və İsraili ləkələyən antisemit şüarlar səsləndirirlər.
Müəlliflər yazırlar ki, Ermənistan praktiki olaraq irqçiliklə həmsərhəd olan millətçiliyin çiçəkləndiyi birmillətli ölkə olub: "1970-80-ci illərdə terrorçu "Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu"nun (ASALA) üzvləri fələstinlilərin Livanda Bəka vadisindəki bazalarında 1972-ci ildə Münhendə keçirilən olimpiada zamanı İsrailin nümayəndə heyətinə qarşı terror aktı həyata keçirən "Qara sentyabr" təşkilatının terrorçuları ilə birlikdə hazırlıq keçiblər".
Müəlliflər qeyd edirlər ki, Oronun məqaləsində Azərbaycanın təsviri həqiqətlə birbaşa ziddiyyət təşkil edir.
Məqalədə bildirilir ki, yəhudilər, xristianlar, eləcə də burada yaşayan ermənilər müsəlman əksəriyyəti ilə eyni hüquq və imkanlara malikdirlər.
Məqalə müəllifləri vurğulayırlar ki, Ermənistan və Azərbaycan arasında münaqişə 1987-ci ildə başlayıb. Həmin vaxt azərbaycanlılar Dağlıq Qarabağdan və Ermənistandan didərgin salınıblar.
1992-ci ildə Rusiyanın və erməni diasporunun millətçi təşkilatlarının dəstəyindən yararlanan Ermənistan Azərbaycana hücum edərək torpaqlarnın 20 faizə yaxınını – Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal edib. Məqalədə deyilir ki, həmin rayonlarda və Dağlıq Qarabağda yaşayan azərbaycanlılar qovulub və öldürülüblər.
Xocalı şəhərində 600-dən artıq azərbaycanlı erməni hərbçiləri tərəfindən planlı şəkildə qırğına məruz qalıb.
Ona görə də bu şəraitdə Azərbaycanın hərbi ritorikanı saxlamasında təəccüblü heç nə yoxdur. Həm də Azərbaycan hökuməti münaqişənin nizamlanmasını və işğal olunmuş ərazilərin dinc yolla qaytarılmasını istədiyini aydın şəkildə bildirib.
Eyni zamanda, 1998-ci ildən ölkədə hakimiyyətdə olan Ermənistan Respublika Partiyası açıq şəkildə nasist, "Daşnaksütyun" Ermənistan İnqilabi Federasiyasının liderlərindən biri Qaregin Njdenin (1886-1955) işinə sədaqətini bəyan edir.
Məqalədə deyilir: "İkinci Dünya müharibəsi başlayanda Njde Almaniyaya gedir və orada 1942-ci ildə Hitlerin şərq ərazilərinin işğalı üzrə naziri Alfred Rozenberqin icazəsi ilə yaradılan erməni milli şurasının üzvü olur. Ermənistan müstəqillik əldə etdikdən sonra ölkədə bir neçə obyektə, eləcə də Yerevanda metro stansiyasına Njdenin adı verilir".
Məqalədə göstərilir ki, bu gün Ermənistanda daim antisemit ifadələr səsləndirilir. Xolokostun yeganə abidəsi dəfələrlə vandallar tərəfindən təhqir edilib, onun günahkarları isə cəzalandırılmayıb: "Beləliklə, məqalə müəllifi Yair Oron həm İsrailin milli maraqları, həm də Azərbaycan haqqında yanlış ifadələrində qətiyyən haqlı deyil".