Ermənilərin Xocalıda Sumqayıt qisası... Siyasət

Ermənilərin Xocalıda Sumqayıt qisası...

Arzu Şirinova

Erməni millətçilərinin Sumqayıtda törətdikləri cinayət əməllərindən və məkirli siyasətlərindən 25 il bir müddət keçir. Bu illər ərzində Sumqayıtda baş verən hadisələrə çox bəsit formada qiymət verilib və əsil mahiyyət açılmayıb. Yəni beynəlxalq ictimaiyyətin biləcəyi formada Sumqayıt həqiqətləri ortaya qoyulmayıb. Sözsüz ki, hadisələrə lazımi qiymətin verilməsi tarixçilərin və ən əvvəl isə hüquq-mühafizə orqanlarının işidir. Mənsə bu gün Sumqayıt sakini olaraq şahidi olduğum və eşitdiyim bəzi məqamlara aydınlıq gətirəcək, eyni zamanda yenidən faktlara istinad edəcəyəm. Əksəriyyət gənc ailələr kimi biz də Sumqayıtda kirayədə yaşayırdıq. Yaşadığımız binada bir neçə erməni ailəsi qalırdı ki, onların da hər birinin normal-bizlərdən fərqli güzəranları varıydı. Zoya adlı erməni qadının isə həyat şəraiti daha yaxşıydı. O Sumqayıtdakı zavodların birində mühasib işləyirdi. Bəzən olurdu ki, ayda bir neçə dəfə Ermənistana gedib-gəlirdi. Bir dəfə onunla söhbət əsnasında maraqlı bir məqamın şahidi oldum. Zoya demək olar ki, Sumqayıtda yaşayan və işləyən ermənilərin tam əksəriyyətini tanıyırdı. Həmin vaxt buna bir o qədər diqqət yetirməsəm də, sonralar bunun səbəbi bəlli oldu.

Zoya kim idi?

Dağlıq Qarabağ münaqişəsi başlayan ərəfədə Zoya bütün ailəsini Ermənistana göndərdi. Özü isə anası ilə Sumqayıtda qaldı. Sumqayıt hadisələri ərəfəsində Zoya və anası sanki yoxa çıxdılar. Qonşulardan heç biri onların haraya və nə zaman getdiklərini bilmədilər. Sumqayıt hadisələri baş verdi və bir neçə aydan sonra Zoyanın yaşadığı mənzilə Ermənistandan qaçqın düşmüş azərbaycanlı ailə köçdü. Həmin ailənin dediyinə görə, Zoya hadisələr başlamamışdan öncə Ermənistana gedərək ailəsi üçün ən yaxşı evlərdən birini seçib. Və sonradan azərbaycanlı ailəsini zor gücünə onlarla evlərini dəyişməyə razı salıb. Əks təqdirdə azərbaycanlı ailəsini pis aqibət gözləyəcəyini də bildirib. Bir müddət də keçdikdən sonra Zoya və onun kimilərin əsil mahiyyətləri üz çıxdı. Bəlli oldu ki, "Krunk" təşkilatının rəhbərlərindən olan Zoya Sumqayıtda həm də kordinator rolunu oynayırmış. Ermənilərin hər ay Azərbaycanda qazandıqları puldan "Krunk" fonduna vəsait toplanmasına nəzarət edən Zoya, eyni zamanda kəşfiyyatçı kimi fəaliyyət göstərirmiş. Yuxarıda qeyd etdiyim kimi Zoya Sumqayıtda yaşayan ermənilərin tam əksəriyyətini tanıyırdı. Və təbii ki, fondun rəhbəri olaraq hansı erməninin onların məkirli siyasətinə dəsətək verib-verməməsi də ortada idi. Bəlkə də elə buna görə idi ki, Sumqayıt hadisələri zamanı fonda pul köçürməyən ermənilərdən bəziləri həmin təşkilatın fitvasıyla qətlə yetirildi.

Gerçəyin özü

1988-ci il fevralın 27-29-da Sumqayıtda tüğyan edən hadisələr nəticəsində müxtəlif millətlərdən olan 32 nəfər,
o cümlədən 26 erməni qətlə yetirildi, 40-dan çox adam bədən
xəsarəti aldı, 200-dən yuxarı mənzil talan edildi, onlarca
avtomaşın sındırıldı və yandırıldı. Faciəni törətməkdə
məqsəd dünya ictimaiyyətinin gözündə "vəhşi azərbaycanlı" obrazı yaratmaq və bununla da Dağlıq Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək idi. Sumqayıt hadisələrinin senari müəllifləri Azərbaycandan kənarda olsa da, icraçılar Sumqayıtda idi. Və işlərinin də öhdəsindən çox məharətlə gəldilər. Yəni neçə müddətdən bəri hazırlanan plan işə salındı və nəticədə belə bir görüntü yarandı ki, azərbaycanlılar Sumqayıtda erməniləri qətlə yetiriblər. Halbuki bu işi icra edən ermənilər idi. Çox maraqlıdır ki, talançılıq edən qruplara, nə də adamları qətlə yetirənlərə həmin üç gün ərzində kimsə maneçilik törətmədi. Əksinə, şəhərə yeridilmiş milis və ordu qüvvələri küçələr boyunca sıraya düzülüb "qorxulu" səhnələri seyr edir, azğınlaşmış kütlənin qarşısına çıxmağa belə təşəbbüs
göstərmirdilər. Görünür ki, "yuxarı"dan əmr belə imiş.

"Paşa" ləqəbli Eduard Qriqoryan

Onun dəstəsinin üzvləri 45-ci məhəllədəki binalardan birinin 4-cü mərtəbəsində yaşayan dərzi erməni qadını evində döyüb əyin-başını cırdıqdan sonra çılpaq halda küçəyə çıxarmışdılar. "Dostluq" küçəsinin ortası ilə sürüyüb yaxınlıqdakı xəstəxananın hasarları arasındakı çalada diri-diri yandırmışdılar. Dərzi qadın əvvəldən bilsə idi ki, gizli fonda ianə vermədiyinə görə adı Qriqoryanın əlindəki ölüm siyahısına düşəcək, bəlkə də bütün var-dövlətini peşkəş edərdi. Beləliklə, verilmiş ünvan üzrə Sumqayıtın 2-ci mikrorayondakı evlərdən birinin yuxarı mərtəbəsinə hücum çəkən "qəhrəmanlar" orada yaşayan (çox güman ki, "Krunk" təşkilatının fonduna pul ödəməyən) yaşlı bir erməni kişisini eyvandan yerə atmışdılar.
"Sülh" küçəsi ilə o baş-bu başa sürətlə hərəkət edən BTR-in
altında bir-birinin ardınca üç nəfər qalmışdı. Bunlar günahsız şəhər sakinləri - Vəkil Kərim oğlu Babayev, Surxay Valeh oğlu Əliyev və Canpolad Məhyəddin oğlu Orucov idi.
Bu cür faktların sayı onlarcadır. Qeyd edək ki, martın 1-də Sumqayıtda fövqəladə vəziyyət elan edildi, şəhərdə komendant saatı, pasport rejimi tətbiq olundu. Kimin həddi nə idi axşam saat 7-dən sonra şəhərin komendantı, general Krayevin patrul dəstələrinin gözünə görünsün? Çox maraqlıdır, bu cür təhlükəsizlik tədbirlərinə fevralın 27-də başlamaq olmazdımı? Əgər o vaxt başlansaydı, təbii ki, talanlar, oğurluq, quldurluq halları baş verməzdi.

Öncədən hazırlanmış abidə

Ermənilərin başbilənlərindən sayılan Silva Kaputikyan və Zori Balayanın Sumqayıt hadisələri ərəfəsində Moskvada Mixail Qorbaçovla, MK katibi Aleksandr Yakovlevlə
görüşləri, xaricdən gəlmiş erməni operatorunun hadisələri lentə çəkərək tezliklə Avropadakı erməni mərkəzlərinə çatdırması, hadisələrdən bir-iki gün sonra Xankəndidə "Sumqayıt genosidinin qurbanları"na hazır abidə qoyulması, ermənilərin o ərəfədə əmanət kassalarından bütün pullarını götürmələri və digər təkzibedilməz faktlar faciənin məhz erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə, bilərəkdən törədildiyini sübut edir.
Hadisələr zamanı öldürülən və qarət edilən ermənilərin "Qarabağ komitəsi" və "Krunk" təşkilatı ilə əməkdaşlıqdan imtina edənlərin olduğu aydındır. Bəs qalanlar? Onlar başbilənlərindən eşidib bilmişdilər ki, Sumqayıtda qorxulu bir təxribat törədiləcək. Odur ki, bir qismi mənzilini başqasının adına keçirmiş, şəxsi avtomobilini uçotdan çıxarmış, mindən yuxarı erməni isə dekabr, yanvar və fevralda əmanət kassalarından o vaxtkı pulla 260 min rubldan çox pul götürmüşdülər.

Açılan cinayət işi

İğtişaşları araşdırmaq üçün mərkəzin istintaq orqanları dərhal təhqiqat tədbirlərinə başladılar. Belə ki, SSRİ Baş Prokurorluğu tərəfindən 1855461-88 nömrəli xüsusi cinayət işi açıldı, 444 nəfər məhkəmə qarşısında cavab verməli oldu, onlardan 400 nəfəri 10-15 gün təcridxanalarda saxlanıldı, bir neçəsi uzunmüddətli həbs cəzasına layiq görüldü, Əhməd Əhmədov isə Moskvada erməni millətçilərinin təzyiqi ilə ölüm cəzasına məhkum edildi. Bu hökm isə tez-tələsik icra olundu. Təhrikçi və iştirakçı adı ilə cəza alan xeyli günahsız həmyerlimiz olsa da, hadisələrdə baş rolun ifaçısı - Eduard Qriqoryan da qaçıb canını qurtara bilmədi. Ermənilər Qriqoryanın qaçıb gizlənməsini və hadisələrdə onların əlinin olmadığını sübut etmək istəsələr də, alınmadı. Qriqoryanın ələ keçməsi və məhkəmə qarşısında cavab verməsi hay-küy
kampaniyasının effektini azaltdı. Qriqoryan onu bu işə təhrik edənlərə qarşı ifadələr verməyə məcbur oldu, öz əməllərinə görə cəzasını qismən də olsa aldı.
Yəni 5 ermənini öldürən, bir neçə erməni qızını zorlayan "Paşa"-Eduard Qriqoryan 12 il azadlıqdan məhrum edildi.
Onu da qeyd edək ki, istintaq zamanı aydın olub ki, əvvəllər iki qardaşı ilə bərabər dəfələrlə mühakimə edilmiş Qriqoryan erməni millətçilərinin əlində asanlıqla alətə çevrilmiş, tapşırığın öhdəsindən bacarıqla gəlmiş və bir neçə gündə ətrafına bəzi kriminal elementləri və yetkinləşməmiş gəncləri toplaya bilmişdi. "Paşa" onlara erməni millətçilərindən aldığı pullardan paylamış,
narkotik maddələr vermiş, onları özü ilə bərabər cinayətə
sürükləmişdi. Həmin vaxt azərbaycanlıların köməyi olmasaydı, bəlkə də 26 deyil, daha çox erməni qətlə yetirilərdi. Məhz hadisələr zamanı azərbaycanlı ailələr mərdlik göstərərək erməni qonşularını "Paşa"nın quldur dəstəsindən
gizlədiblər. Yuri Pompeyevin məşhur "Qarabağın qan girdabı" kitabında, mətbuat səhifələrində bəzi ermənilər bunu etiraf ediblər.

Zəruri qeyd

Sumqayıt hadisələrilə bağlı həbsə alınmış və başına min oyunlar gətirilmiş bir azərbaycanlı qadının söylədikləri bəzi faktları qeyd etmək yerinə düşər. Həmin qadın o vaxt faktları sadalasa da, ancaq adının hallanmasını istəməmişdi. Həmin xahişi yenə də nəzərə alıb qadının adını hallandırmayacağam. Yəqin ki, o qadının istintaqa cəlb olunması maraqlıdır. Mənzil İstismar İdarəsində çalışan azərbaycanlı qadın-5 uşaq anası cinayətkarlara ermənilərin yaşadıqları mənzillərin ünvanını verməkdə təqsirli bilinərək həbsə alınıb. Onun dediyinə görə, Sumqayıtda ilk dindirilmə zamanı özünü rus həmkarına göstərən azərbaycanlı zabit qadını təhqir edir və təpiyinin altına salır. Elə bu vaxt şəhərdə yüksək postlardan birini tutan şəxs içəri daxil olaraq azərbaycanlı zabitin elədiklərinə haqq qazandırır və fəxrlə bildirir: "Bu şəhərdə ermənilərə güldən ağır söz deyilə bilməz. Şəxsən mən erməni qadınla evləndiyimə görə fəxr edirəm".
Ermənilər Sumqayıt hadisələrindən sonra Azərbaycanın Dağlıq Qarabağ ərazisində çox qətliamlar törətdilər. Ən böyük qətliamı isə 1992-ci ilin fevralın 26-da Xocalıda həyata keçirdilər. Özlərinin etiraf elədiyi kimi bu tarixi günü məqsədli şəkildə seçmişdilər. Yəni Sumqayıtda öldürülən-daha doğrusu özlərinin qətlə yetirdiyi-ermənilərin ildönümü ərəfəsində törətdilər ki, bu soyqırım Azərbaycana bir gözdağı olsun.