“Ermənilər hərəkətə keçiblər” Siyasət

“Ermənilər hərəkətə keçiblər”

Hasan Kanpolat : "Ankarada keçirilən konfransın helikopterinin vurulması ilə ümumi bağları var"

Elman Məmmədov: "Konfrans Türkiyə ilə Azərbaycan arasında münasibətləri soyutmaq məqsədi daşıyır"

Fərəc Quliyev: "Ola bilər ki, Türkiyəni kimsə təhrik etsin, amma qərarı dövlət verir"

Hrant Dink Vəqfinin təşkilatçılığı ilə dünən Ankara Universitetində konftans başlayıb."Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi" mövzusunda keçirilən beynəlxalq simpoziümda Milliyyətçi Hərəkat Partiyasının (MHP) parlament fraksiyasının həmsədri, tarixçi professor Yusuf Halaçoğlu sərhədlərin bağlanmasında Ermənistanı günahlandırıb. O, Türkiyə ermənilərinin təşkil etdiyi tədbirdə "Türkiyədə heç bir "möhürlü qapı" yoxdur. Möhürü açılacaq qapı varsa, o da ermənilərin açacağı qapılardır" deyib.
Qeyd edək ki, Ankara Universitetində baş tutuamn bu tədbir Azərbaycanda ciddi narazılıq doğurub. Millət vəkili Zahid Oruc deyib ki, hazırdaTürkiyə cəmiyyətində Azərbaycanla Türkiyənin arasını vurmağa çalışanlar var: "Türkiyə regional güc missiyasını öz üzərinə götürmək istəyirsə heç vaxt Azərbaycanı Ermənistanla dəyişə bilməz. Türkiyə cəmiyyəti olduqca qarışıq qruplardan ibarətdir. Burada müxtəlif maraq və amallara xidmət edən qruplar var. Həmçinin qardaş ölkədə bəzi üzdəniraq işbazlar Türkiyənin Ermənistanla sərhədlərinin açılmasında maraqlıdır. Təbii ki, onlar Ermənistana yeni bazar gözü ilə baxırlar. Amma bir şey unudulmamalıdır ki, işğalçı ölkə bütün iqtisadi sektorların açarını Rusiyaya verib. Belə olan halda Türkiyə Ermənistan bazarında nə qədər irəliyə gedə bilər, onu anlaya bilmirəm".
Zahid Oruc həmçinin vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında çaxnaşma salmaqda qərb dairələri də maraqlıdır: "Avropada bəzi qurumlar çalışır ki, Ermənistan hazırkı acınacaqlı durumdan çıxsın. Bunun üçün də əsas çıxış yolu kimi, Türkiyəni işğalçı ölkə ilə sərhədləri açmağa məcbur etməkdir. Onlar bununla da Ermənistana yeni nəfəs verərək daha da azğınlaşdıracaqlar. Bu isə Qərbin Azərbaycan ərazilərinin işğalını dəstəkləməsi faktıdır. Düşünürəm ki, Türkiyə iqtidarı Azərbaycanı ayaqlayıb Ermənistanla sərhədləri açmayacaq. Çünki ermənilər Türkiyənin özünə də ərazi və soyqırım iddiaları edirlər. Bundan başqa, Türkiyə hər zaman Azərbaycanın maraqlarını öz maraqları kimi görüb. Sərhədlər isə Azərbaycan torpaqlarının işğalına görə möhürlənib. Ancaq, işğalçı Ermənistan zəbt etdikləri Azərbaycan ərazisindən çəkildikdən sonra bu sərhədlər açıla bilər".
Millət vəkili Elman Məmmədov deyib ki, Ankara universiteti ilə "Hrant Dink Fondu"nun birgə keçirdiyi "Möhürlü qapı: Türkiyə-Ermənistan sərhədlərinin gələcəyi" adlı konfrans Türkiyə ilə Azərbaycan arasında münasibətləri soyutmaq, müəyyən təxribatlar aparmaq məqsədi daşıyır. O bildirib ki, Türkiyə rəsmiləri, o cümlədən Türkiyənin əvvəlki baş naziri, indiki Prezidenti Rəcəb Tayyib Ərdoğan, keçmiş xarici işlər naziri, indiki Baş naziri Əhməd Davudoğlu, keçmiş prezidenti Abdulla Gül, Böyük Millət Məclisi dəfələrlə bəyan edib ki, nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır, Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə heç bir söhbət ola bilməz: "Yəni Türkiyə bu istiqamətdə öz mövqeyini həmişə bildirib. Vaxtaşırı olaraq müəyyən qruplar, müəyyən siyasi dairələr, qeyri-hökumət təşkilatlar və ya mətbuat orqanları xüsusi tapşırıq ilə bu istiqamətdə fikir söyləyir, təkliflər verir. Ancaq bu, Türkiyə dövlətinin rəsmi mövqeyi deyil. Türkiyə heç vaxt belə yola getməz. Hesab edirəm ki, qardaş Türkiyə öz qardaşlıq, dostluq andına sədaqətli qalacaq".
Millət vəkili qeyd olunan məsələdə bəzi dövlətlərin də təzyiqini istisna etməyib: "Burada digər dövlətlərin də təzyiqi mövcuddur. Çünki Ermənistan deyilən dövlətin hansı dövlətlərin cəhdi nəticəsində yaradılması məlumdur və Ermənistan daim onların himayəsində olub, bu gün də onların himayəsindədir. Ermənistan deyilən terrorçu, cinayətkar cırtdan dövlət bu gün də həmin dövlətlərin xuliqan, cinayətkar övladı kimi saxlanılır".
Onun sözlərinə görə, bu gün hətta Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi bir vaxtda Azərbaycana da təzyiqlər göstərirlər, təhrik edirlər ki, Ermənistanla əlaqə yaradın: "Bu həmin dövlətlərin riyakarlığı, qeyri-səmimiliyidir. Ancaq bütün bunlara baxmayaraq, hər dövlətin özünəməxsus xarici və daxili siyasəti var. Kənardan kiminsə nəsə deməyi ilə deyil. Türkiyənin özünün öz yolu və siyasəti var".
Ortadoğu Strateji Araşdırmalar Mərkəzinin direktoru, türkiyəli politoloq Hasan Kanpolat deyib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Cənubi Qafqazda vəziyyəti normallaşdırmayacaq: "Bölgədə vəziyyətin müsbət olması üçün Ermənistanın ilk növbədə işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsi lazımdır". Türkiyəli politoloq işğal altındakı torpaqları azad ediləcəyi təqdirdə hər şeyin özlüyündə müsbət formada həll ediləcəyini düşünür: "Yoxsa, möhürlü qapıların açılıb-açılmaması bölgəyə heç bir müsbət təsir verməyəcək. Bu baxımdan, Hrant Dink məsələsini erməni millətçiliyi üçün istifadə etmək qəbuledilməzdir. Hrant Dink bir jurnalistdir, onun öldürülməsini biz də qəbul etmirik. Lakin bunun üzərində erməni millətçiliyini irəli sürmək, türklərə, eləcə də Azərbaycana qarşı hərəkətə keçmək doğru deyil. Təəssüf ki, burda biz bunu görürük. Bu konfransla erməni millətçiliyi önə çəkilir və məzlum xalq görüntüsü yaradılır". Hasan Kanpolat bu konfransın noyabrın 12-də Azərbaycan hava məkanını pozan Ermənistan helikopterinin vurulması məsələsi ilə ümumi bağlarının olduğunu deyib. Onun sözlərinə görə, ermənilər və erməni lobbiləri bu hadisədən sonra hərəkətə keçiblər: "Halbuki, burda haqlı olan və işğala məruz qalan Azərbaycandır. Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın torpaqlarıdır. Öz hava məkanında hərbi helikopteri vuran Azərbaycanı təcavüzkar dövlət kimi göstərməyə çalışanlar olsa da, bu mümkün deyil. Bu Ermənistanın növbəti təxribatı idi. Çünki münaqişənin həlli ilə bağlı nə vaxt danışıqlar sürətləndirilsə, həll yolları görünsə, İrəvan dərhal təxribata əl atır. Bu baxımdan, helikopter olayı ilə sərhəd məsələsində paralelik var". Hasan Kanpolat rəsmi Ankaranın heç vaxt belə bir addım atmayacağını bildirib. "Azərbaycanın çətin vəziyyətində Türkiyədən bunu gözləmək doğru deyil. Çünki bu məsələ təkcə hökumətin, nazirlərin, yaxud dövlət başçılarının məsələsi deyil. Bu, xalqın məsələsidir. Azərbaycan xalqı Türkiyənin yanında olduğu kimi, türk xalqı da hər zaman Azərbaycanın yanındadır. Belə olduğu təqdirdə Ankaradan sərhədlərin açılmasının tələb etmək də mənasız addımlardır. Bu konfransın və qoyulan məsələnin dedi-qodudan başqa bir şey olmadığını düşünürəm", - deyə türkiyəli politoloq vurğulayıb.
Millət vəkili Fərəc Quliyev deyib ki, Azərbaycanla Türkiyə hər zaman dostluq münasibətində olub: "Biz hətta hərbi əməkdaşlıqda o yerə qədər gəlib çıxdıq ki, elə mən özüm Milli Məclisdə təklif qaldırdım ki, biz asayişi birgə müdafiə qüvvələri yaradaq. Lazım gələndə bizim PKK-ya qarşı birgə mübarizəmiz olsun. Həmçinin, Azərbaycanın işğal olunmuş regionlarında Türk ordusu ilə birgə savaşaq". O bildirib ki, hərbi sənaye kompleksinin qurulması ilə bağlı real addımlar atmağa başladıq: "Biz həmişə Türkiyə ilə münasibətlərə belə yanaşmışıq ki, onun bütün problemləri bizim problemlərimizdir. Lakin indi açılım adı altında Ermənistanla yaxınlaşma etmək istəyirlərsə bu da müxtəlif bəhanələrlə deyilir ki, təzyiqlər var, biz bunu etməliyik, bu doğru deyil. Əvvəla, Azərbaycanın maraqlarını kənara qoysaq belə Türkiyənin özünün Ermənistanla münasibətlərdə bu cür davranması Türkiyə acısından yanlışdır. Çünki bu günə qədər Ermənistan Türkiyənin ərazi iddialarında olduğunu Türkiyəyə qarşı gizlətmir və gerbində Ağrı dağı saxlayıb. Bir "soyqrımı" məsələsi ilə Türkiyəyə qarşı mübarizə aparır və s. Bu "soyqrımı"nın arxasında da 4 T düstur durur. Yəni, tanıma, tanıtma, təzminat və torpaq. Bu baxımdan belə Türkiyə gərək bu cür davranmayaydı. Azərbaycan baxımından isə Azərbaycanın torpaqları işğal altında qaldıqca Türkiyə bəyan edirdi ki, biz Ermənistanla heç bir münasibət saxlaya bilmərik".
Millət vəkili deyir ki, əgər bu gün bəhanə olunursa ki, Avropa təsisatları tərəfindən basqı var, Avropa Birliyinə daxil olmaqla bağlı biz bunları edirik, bu yanlış bir şeydir: "Çünki məncə, yaxın zamanlara Almaniya kanslerinin dediyi fikri də heç kim unutmayıb. Onlar bildirirdilər ki, Avropa Birliyi bir xristian qurumudur və Türkiyəni orda görmək istəmirlər. Daha çox Türkiyə üzünü Türk respublikalarına tutmaqla bu sahədə inteqrasiya etməklə məsələni aradan qaldıra bilər. Ona görə də belə məqamlarda ora Azərbaycan tərəfindən adamların dəvət olunmaması da təəccüb doğurmamalıdır. Çünki düşünürlər ki, biz gedib orda nə deyəcəyik ki? Aydın məsələdir ki, biz bu məsələlərə etiraz edəcəyik və mən dediyim fikirlər əsasında da münasibətlər bildiriləcək. Hər halda bu Azərbaycan və Türkiyənin özü üçün zərərli addımdır".
Millət vəkili əlavə edib ki, ola bilər ki, Türkiyəni kimsə təhrik etsin, amma qərarı dövlət verir və Türkiyə oturuşmuş bir dövlətdir, sıradan bir dövlət deyil: "Buna görə də bütün dövlətlər təbii ki, mövcud olduqları zamanda dostlarla yanaşı düşmənləri də var. Lakin burada qrup, partiya maraqları arxada dayanmalı, dövlət maraqları önə çəkilməlidir. Bu məsələdə məncə, bəhanə axtarmağa dəyməz".

Əli