“İsa Qəmbərin sözü partiya üzvləri üçün hökm deyil” Siyasət

“İsa Qəmbərin sözü partiya üzvləri üçün hökm deyil”

Vurğun Əyyub: "Mən partiyanın qurumlarını legitim saymıram və mübarizəmin də məqsədi məlumdur"

Tural Abbaslı: "İsa Qəmbərin mövqeyi əvvəldən bəlli idi, o, fraksiya yaradılmasına qarşıdır"

Bəhruz Quliyev: "Partiya rəhbərliyinin yüürütdüyü siyasət Müsavatı parçalanma həddinə gətirib"

Müsavat Partiyasında yaranmış gərginlik davam edir. Partiyanın fgaktiki olaraq 2 yerə parçalandığı bildirilir. Mübarizə əsasən Arif Hacılı ilə Qubad İbadoğlunun tərəfdarları arasında gedir.
Qeyd edək ki, sentyabrın 27-də müxalif Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı yeni başqan seçilib. Lakin partiyanın bir sıra üzvləri seçkilərin saxtalaşdırıldığını iddia edirlər. Narazı üzvlər növbədənkənar qurultayın keçirilməsinin vacibliyini vurğulayırlar.
Müsavat Partiyası Məclisinin üzvü, başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarı Vurğun Əyyub deyib ki, mübarizəmin məqsədi odur ki, qurultayda baş verən ədalətsizliklərə görə heç olmasa kimlərsə cəzalandırılsın və partiyanın idarə edilməsində demokratik ənənələr bərpa olunsun: "Problemlərin həllinin bir yolu olan növbədənkənar qurultayın çağırılması Nizamnamə ilə təsbit olunmuş bir haldır. Ona görə də növbədənkənar qurultayın çağırılmasında israr, təkid edən adamlara hədə-qorxu gəlmək mənasız bir iş və Nizamnamədən kənar bir addımdır". Qeyd edək ki, Müsavat Partiyasının ümumrespublika müşavirəsində sabiq başqan İsa Qəmbər yeni qurultay ideyasını partiyaya qarşı yönəlmiş ideya sayıb, partiyanı hədələməyi xəyanət kimi dəyərləndirib. O, Müsavat Partiyasının qurultayında başqan seçilən Arif Hacılı ilə bir yerdə olduğunu da vurğulayıb.
V. Əyyub isə açıqlamasında növbədənkənar qurultay ideyasının müşavirədən sonra da aktuallığını itirmədiyini bildirib. O, İsa Qəmbərin Arif Hacılıya artıq açıq dəstək verməsindən sonra növbədənkənar qurultayın mənasını itirdiyi, narazıların qurultayda uğur qazanmaq ehtimalının olmadığı yönündə qənaəti də bölüşmədiyini dilə gətirib: "İsa Qəmbər Arif Hacılıya o zaman da dəstək vermişdi, 3 səs artıq qazandı. Mənə elə gəlmir ki, İsa Qəmbərin sözü partiya üzvləri üçün hökmdür".
Vurğun Əyyub partiyanın qurumlarını legitim saymaması ilə bağlı açıqlamalarının partiyanın nüfuzuna zərbə vurduğu və buna görə cəzalandırıla biləcəyi barədə xəbərdarlığa da münasibət bildirib: "Mən partiyanın qurumlarını legitim saymıram və mübarizəmin də məqsədi məlumdur. Bu gün Müsavat Partiyasının nüfuzuna zərbə vuranlar isə hazırda partiyaya rəhbərlik edənlərdir".
Xatırladaq ki, Müsavat başqanının müavini E.Fəttah KİV-ə açıqlamasında Vurğun Əyyubun partiyadakı strukturları saymaması və tanımamasına münasibət bildirərkən deyib ki, Vurğun Əyyubun Müsavatın strukturlarını legitim hesab etməməsi məsuliyyətsiz yanaşmadır, onun Müsavatın nüfuzuna zərbə vuracaq davranışlarını davam etdirməsi xoş hal deyil. O, kimliyindən, nüfuzundan asılı olmayaraq, hər hansı bir üzv partiya qərarlarının icrasına sistemli maneçilik törədəcəyi, ona əməl etməyəcəyi halda, Nizamnamə qərarlarının qəbul edilməsinə zərurət yaranacağını bəyan edib.
İsa Qəmbərin partiyada fraksiya yaradılması ilə bağlı fikirlərinə münasibət bildirən T.Abbası fraksiyanın yaradılacağını deyib. Müsavat başqanlığa keçmiş namizəd bildirib ki, İsa Qəmbərin mövqeyi əvvəldən bəlli idi, o, fraksiya yaradılmasına qarşıdır. Amma hələlik onun yaradılması təxirə salınmayıb: "Fraksiyanın yaradılması məsələsi ilə bağlı iki tərəf – mən və Qubad bəy arasında danışıqlar gedir. Amma Qubad bəyin bəzi tərəfdarlarının mövqeyinə görə məsələ uzanır. Söhbət mütləq fraksiyanın yaradılmasından getmir. Fraksiyanın yaradılma səbəbi aradan qaldırılmaldıır, partiyadaxili münasibətlər normallaşdırılmalıdır, ritorika dəyişməlidir. Narazılan varsa onlarla dialoq qurulmalıdır, kompramisə gedilməlidir". T.Abbaslı onu da qeyd edib ki, Müsavatın sonuncu müşavirəsindən sonra hazırkı başqan Arif Hacılı ilə görüşündə də fraksiya yaradılması ideyasını müzakirə edib.
Partiya sədrinin buna müsbət yanaşmadığını vurğulayan T.Abbaslı bildirib ki, fraksiya birbaşa Arif Hacılıya qarşı yönəlmiş addım deyil: "Heç bir rəhbər istəməz ki, onun rəhbərlik etdiyi qurumda təşkilatlanmış narazı kəsim olsun. Amma bu, sırf Arif Hacılının şəxsinə yönəlmiş addım yox, partiyadaxili siyasi münasibətlərə aiddir. Görüş zamanı mən də fikirlərimi bildirdim ki, bu şərtlər olarsa, müəyyən məsələlər aradan qaldırılarsa fraksiyaya ehtiyac qalmaz. Müzakirələr üzərində qurulan səmimi görüş oldu. Ən azından dialoqlara başlanıb və bu da müsbət haldır. Bu dəqiqə Müsavata daxili qarşıdurmalar yox, siyasi arenada mövqeyini möhkəmləndirmək lazımdır".
Onu da əlavə edək ki, Müsavat partiyası dekabrın 10-da mitinq keçirəcək. Ekspertlər isə düşünürlər ki, Müsavat mitinq qərarı verməklə diqqəti daxili problemlərdən yayındırmaq istəyir.
"Səs" qəzetinin və eyniadlı informasiya agentliyinin baş redaktoru Bəhruz Quliyev də söyləyib ki, Müsavat Partiyası mitinq qərarı verməklə, diqqəti partiyadaxili böhrandan yayındırmağa çalışır.
Onun sözlərinə görə, Müsavatın keçirəcəyi aksiyada müsavatçıların çoxu iştirak etməyəcək: "Bu gün Müsavat Partiyası daxildə dərin böhran yaaşayır. Partiya rəhbərliyinin yüürütdüyü siyasət Müsavatı parçalanma həddinə gətirib. Ömrünün ən gözəl çağlarını bu partiyaya həsr etmiş şəxslər daxildə qiyam qaldırıblar. Partiya avtoritar qaydalarla idarə olunur. Belə bir vəziyyətdə çıxış yolunu diqqəti yayındırmaqda görürlər. Mitinq qərarı da bu əsnada təsadüfi deyil. Bilirlər ki, aksiyalarına qatılan olmayacaq. Sadəcə "mitinqə niyə az adam çıxdı" və digər yollarlaa müzakirələrin yönünü dəyişməyə çalışırlar. Amma bu işə yaramayacaq. Müsavat mövcud vəziyyətdə ciddi şəkildə parçalanacaq və bununla da siyasi səhnədən tamamən çəkiləcək".
"Vəhdət" partiyası Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndiyev bildirib ki, İsa Qəmbər öz tərəfdarlarını daha radikal addımlar atmağa təhrik etmək istəyir: "Bu hadisənin isə yeni başqana əlavə problemlər yaradacağı şübhəsizdir. Bu səbəbdən də Arif Hacılı vəziyyəti nəzarətə almaq üçün, hadisələrin məcrasını dəyişərək dekabr ayında Beynəlxalq insan haqqları gününü əsas gətirərək mitinq təyin etmək qərarına gəlib". Müsavatın 10 dekabr tarixində keçirəcəyi mitinqin mahiyyətini şərh edən V. Əfəndiyev qeyd edib ki, Müsavat partiyasında yaranmış katostrofik vəziyyət diktə edir ki, Partiya rəhbərliyi vəziyyətdən çıxış yolu tapsın: "Lakin çoxsaylı görüşlər, müşavirələr və izahat tədbirləri öz nəticəsini vermir. Hətta İsa Qəmbərin bu yaxınlarda keçirilən geniş müşavirədə partiyanı parçalanmaqdan xilas etmək üçün etdiyi çıxışı və "mən Arif Hacılının yanındayam" mesajını verməsi də gərilmiş vəziyyəti sakitləşdirmədi. Müsavatda gərgin olan vəziyyət bir qədər də ağırlaşıb. Bu mitinq də əvvələr təşkil olunmuş mitinqlər kimi ictimai dəstək almayacaq. Yalnız partiya fəallarının iştirak etdiyi tədbirin mitinq adı ilə qələmə verilməsi başadüşülən deyil".
Müsavat Partiyası başqanının sabiq müavini, politoloq Qabil Hüseynli deyib ki, dekabrda mitinq keçirməklə Müsavat Partiyası özünü daxili problemlərini həll etmiş kimi göstərməyə çalışır. Onun fikrincə, Müsavat Partiyası ictimai rəyə belə bir fikri təqdim etməyə çalışır ki, guya partiya artıq bütün ziddiyyətləri aşıb, partiya üzərində tam nəzarət bərpa olunub və hətta vəziyyətə o dərəcədə nəzarət edə bilir ki, mitinq də keçirir: "Yəni mitinqin keçirilməsi sırf konyunktur niyyətlərə istiqamətlənib. Yəqin ki, kifayət qədər adam toplaya bilməyəcəklər, amma hər halda mitinqin keçirilməsi faktı Müsavatın daxili qruplarından birinin maraqlarına xidmət etmiş olacaq".

Əli