“Əvvəldən bilirdik ki, seçkidə İsa Qəmbərlə yarışmaq məcburiyyətində qalacağıq” Siyasət

“Əvvəldən bilirdik ki, seçkidə İsa Qəmbərlə yarışmaq məcburiyyətində qalacağıq”

Qubad İbadoğlu: "Arif Hacılının özünə dedim ki, onun idarəçilik metodları yanlışdır və partiyanı bölməyə xidmət edir"

Müsavat Partiyası başqanlığına keçmiş namizəd, növbədənkənar qurultaya hazırlıq üzrə təşəbbüs qrupunun rəhbəri Qubad İbadoğlu APA-ya müsahibəsində partiya daxilində yaranmış vəziyyətlə bağlı bir sıra məsələlərə aydınlıq gətirib.
O deyib ki, qurultayın nəticələri ilə bağlı əvvəldən təxminləri olub: "Əvvəldən bilirdik ki, seçkidə Arif Hacılı ilə deyil, İsa Qəmbərlə yarışmaq məcburiyyətində qalacağıq. Müxtəlif variantlarda yanaşmamız var idi. Bir yanaşmamız ondan ibarət idi ki, qurultayda seçkiyə qatılmayaq. İkinci yanaşmamız ondan ibarət idi ki, seçkiyə qatılsaq da, öz təbliğatımızı açıq şəkildə aparaq və hamı bilsin ki, bu seçkidə bizim əsas rəqibimiz kimdir. Üçüncü yanaşma ondan ibarət idi ki, seçkiyə qatılaq, amma seçkiyə bir az qalmış prosesdən çəkilək, çünki nəticələr əvvəlcədən bəlli idi. Amma təbliğatımız gözlədiyimizdən də yüksək nəticələr verdi, kifayət qədər böyük dəstək qazandıq".
Q.İbadoğlu əlavə edib ki, qurultaydan dərhal sonra ona Məclis sədrliyi təklif olunub: "Bu günlərdə də Məclisə rəhbərlik və idarə etməklə bağlı müzakirə olub. Əvvəla, mən Məclis üzvü deyiləm, Məclis sədri Məclis üzvləri arasından seçilməlidir. İkincisi, mənim partiyada apardığım mübarizənin məqsədi partiyada hansısa vəzifə tutmaq, hansısa mənafe əldə etməkdən ibarət deyil. Mən həm partiyanın idarəçiliyinin Nizamnaməyə uyğun aparılmasını, partiyadakı mövcud kursun, siyasətin yeniləşməsini nəzərdə tutan barışıq naminə təkliflər paketinə, həm də partiyanın işinin yenidən qurulması və gücləndirilməsi ilə bağlı tövsiyələr paketinə malikəm. Hər ikisini də partiyaya təqdim etmişəm. Mənim üçün əsas odur ki, partiyanın işində bunlar nəzərə alınsın".
O, Müsavat başqanı Arif Hacılı ilə görüşündən də danışıb: "Arif Hacılının sonuncu müşavirədəki çıxışı ilə bizim müzakirə etdiyimiz məsələlər arasında kifayət qədər sıx əlaqə var idi. Yanaşmalarda elə bir fərqlər ortalığa çıxmırdı. Yenə də mövcud xəttin davam etdirilməsi, partiyada müəyyən müzakirələrdə iştirak edən, öz mövqeyini açıq şəkildə bəyan edən şəxslərin cəzalandırılması ilə bağlı prosesin davam edəcəyini mən artıq bilirdim. Görüşdə də bunu isbatlayan yanaşmanı gördüm. Əslində, hazırda üzdə olan bu xətdir. Partiyada bu prosesin idarə olunması, hazırkı vəziyyətin dəyişdirilməsi üçün bir resept təqdim olunub. O da bundan ibarətdir ki, partiyanın hazırkı rəhbərliyinin fəaliyyətindən narazı olan fəal üzvləri cəzalandırmaqla digərlərini sakitləşdirmək xətti indiki vəziyyətin daha da böyüməsinə gətirib çıxaran bir yanaşmadır. Bu günlərdə Arif Hacılı tərəfindən barışıq mesajı səsləndirilib. Mən görüşdə Arif Hacılıya təklif etdim ki, barışıq üçün ilk növbədə öz ailə üzvlərinə müraciət etsin. İlk növbədə onların bizə qarşı apardığı kampaniyaya son qoyulmalıdır. Çünki onlar bu kampaniyanın ən aktiv idarəçiləridir. Müzakirə mövzularından biri də partiyadan çıxarılanlarla bağlı oldu".